Viktor Babariko və oğlu Eduardın harada olduğu bilinmir
Belarusiya Prezidentliyinə namizəd Viktor Babariko oğlu Eduardla birlikdə yoxa çıxıb. AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, bu barədə siyasətçinin qərargahından məlumat verilib.
Babariko və oğlu növbəti imzatoplamadan sonra imzaları Seçki Dairəsinə təhvil verməyə gedib. Bundan sonra onların telefonlarına zəng çatmayıb. Bəzi məlumatlara görə, siyasətçi Maliyyə Təhqiqatları İdarəsinə aparılıb. İdarə isə mətbuata bununla bağlı heç bir açıqlama verməyib.
Belarusun hazırkı lideri Aleksandr Lukaşenkonun seçkilərdə ən güclü rəqiblərindən olan Babariko əvvəllər “Belgazprombank”a rəhbərlik edib. Bir neçə gün əvvəl Maliyyə Təhqiqatları İdarəsinin əməkdaşları vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması iddiaları ilə bağlı namizədin ofisində axtarış aparıblar. Babarikonun bank hesablarının bağlandığı da bildirilir.
Qeyd edək ki, Belarusda Prezident seçkilərinin bu il avqustun 9-da keçirilməsi planlaşdırılıb. COVID-19 pandemiyası ilə əlaqədar seçkilərin təxirə salınması ehtimalı da var.