Bank qəfildən müflis oldu: hər kəsi iki sual narahat edir

Cəmiyyət

13.11.2023 - 18:21

Maaş kartlarındakı və notarius hesablarındakı pulların aqibəti necə olacaq?

Ötən ay daha bir bankın - “Muğanbank”ın müflis olması faktından daha çox əhalinin orada qalan pullarının taleyi sual doğurur. Məlumdur ki, daha çox fiziki şəxslərin əmanətləri sığortalanır, yəni insanların pulları geri qaytarılacaq. Lakin burada bir çox dolayı məsələlər var ki, onlara aydınlıq gətirilməlidir.

Belə ki, əmanətlərin sığortalanması sistemi 100 min manatdan artıq olmayan və illik 12 faiz milli, 2,5 faiz xarici valyutada yatırılan əmanətləri əhatə edir. O da məlumdur ki, kompensasiya verilərkən, təbii olaraq, bu əmanətlər üzrə faizlər də nəzərə alınacaq. Vətəndaşlar sığorta hadisəsi baş verənədək onlara hesablanmış dividendləri alacaqlar.

Deputat və iqtisadçı alim Vüqar Bayrmovun dediyinə görə, sığorta hadisəsi bankın məcburi ləğvi ilə bağlı məhkəmə qərarının qanuni qüvvəyə minməsi sayılır. Bununla hər şey aydındır, amma fakt budur ki, sığorta hadisəsi baş verəndən sonra faizlərin hesablanması dayanır. Nəzərə alsaq ki, bu pullar 90, bəzi hallarda isə 180 gün ərzində vətəndaşlara qaytarılacaq, bütün bu müddət ərzində əmanətlər müflis bankın hesabında passiv kapital kimi qalacaq.

Sadə dillə desək, investorlar fəaliyyətsizlik ayları ərzində dividendlərini itirirlər - onlar kompensasiya gözləməyə məcbur olurlar və bu müddət ərzində əmanətlərinə görə faiz almırlar.

Ekspert bunun bariz nümunəsini verir: “Tutaq ki, vətəndaş bu banka 30 min manat əmanət qoyub və müflis olana qədər ona 2700 manat faiz hesablanıb. Eyni zamanda, əmanətin ümumi məbləği 32,7 min manat təşkil edib. Əgər bank müflis olmasaydı, ilin sonunda onun depoziti 33,6 min manat olmalı idi. Amma bank müflis olduğundan onun əmanəti üç ay ərzində ödənilsə belə, 33,6 min əvəzinə 32,7 min manat alacaq”.

Beləliklə, investor özündən asılı olmayan səbəblərə görə əmanətindən gəlir əldə edə bilmir. Amma əgər söhbət müflis bankdan alınan kreditdən gedirsə, borcun faizləri yığılmaqda davam edir. Belə ki, əgər eyni vətəndaşın “Muğanbank”da həm əmanəti, həm də krediti varsa, o zaman onun əmanətinə faiz gəlirlərinin hesablanması dayanır, lakin kreditinə aylıq faiz əlavə olunur. Belə çıxır ki, o, bank müflis olduqdan sonra əmanətdən gəlir ala bilmir, amma kreditin pulunu ödəməlidir.

Ona görə də, Bayramov hesab edir ki, əmanətlər üzrə faizlərin sığorta hadisəsi baş verən günə, yəni müflisləşmə haqqında qərar çıxarılana qədər deyil, vəsaitin ödənilməsi ilə bağlı qərar qəbul edilən günə qədər hesablanması ədalətli olardı.

Başqa bir sual budur: bank müflis olduğu halda maaşı necə əldə etmək olar və vətəndaşlar maaş kartlarından pullarını geri alacaqlarmı?

Deputatın sözlərinə görə, “Muğanbank”ın maaş kartlarından pulları bu bankın ləğvedicisi kimi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu qaytarmalıdır: “Mövcud qanunvericiliyə görə, dövlət müflis bankın əmək haqqı kartından pulu qaytarmağa borcludur. Çünki vətəndaşların cari hesablarındakı vəsaitlər də qorunur və depozitlərdə faizlə olduğu kimi kompensasiyanın maksimum məbləği 100 min manat təşkil edir. Fiziki şəxslərin bank kartlarından olan pul vəsaitləri qorunan əmanət hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğvedici təyin edildikdən sonra vətəndaşlara ödənilir. Sığorta Fondu konkret bank seçir ki, insanlar oradan pullarını geri ala bilsinlər”.

Monitorinqlər göstərir ki, “Muğanbank” notariuslarla sıx əməkdaşlıq edib və bu kredit təşkilatının hesablarında notarius əmanətləri qala bilər. Axı, adətən daşınmaz əmlakın alqı-satqısı əməliyyatı zamanı pul notariusun depozit hesabına köçürülür: əməliyyat başa çatana qədər satıcı onu ala bilmir. Eyni zamanda, alıcı notariusun xəbəri olmadan ödənişi geri götürə bilməyəcək.

Məsələn, vətəndaş evini 150 min manata satıb, alqı-satqı əməliyyatı iki günə başa çatacaq, birdən bank bağlanır... Bank müflis olduğu üçün müştəri pulunu geri ala bilmir. O, bu halda nə etməlidir? Bayramovun sözlərinə görə, yenidən işlənmiş qanunvericiliyin yeni qaydalarına əsasən, fiziki şəxslərin pulları notariusun depozit hesabından tam ödənilir.

Müəllif: Emma Rzayeva