Balaca ukraynalılara qarşı müharibə cinayəti və "böyük rus" barədə həbs qərarı

Dünya

25.03.2023 - 21:28

Həkimlər Klinikalar SEO Xidməti

Prioritet uşaqlardır: Haaqadan dünyaya hansı mesaj verildi?

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin, həmçinin Rusiya Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Fikrimcə, bu, BCM Prokurorluğunun gərgin əməyinin gözlənilən nəticəsidir.

Müsbət cəhət odur ki, bu, kifayət qədər sürətli nəticədir, çünki tam hüquqlu araşdırma yalnız ötən ilin martından başlayıb. İndi isə Rusiya Prezidenti də daxil olmaqla, Rusiya rəsmilərinə qarşı artıq iki həbs orderimiz var.

Bu xəbər beynəlxalq ictimaiyyətə də güclü mesaj verir. Biz BCM prokuroru Kərim Xanın, əslində ağır beynəlxalq cinayətlərdə potensial təqsirli şəxs olan Putinin arxasınca getməyə hazır olduğu barədə yaxşı açıqlamasını eşitdik. Bu, bu gün BCM-nin gücündən və rolundan xəbər verir.

BCM rəhbəri Piotr Hofmanski qeyd edir ki, hazırda iki həbs qərarı verilib. Bununla belə, fikrimcə, gələcəkdə Rusiya Federasiyasının digər vəzifəli şəxslərinin də həbsi üçün orderlər verilə bilər. Yəni indiyə qədər BCM Prokurorluğunun diqqət çəkdiyi yalnız ilk iki iş var. Ümumilikdə nə qədər olacağını deyə bilmərik, çünki araşdırmalar hələ də davam edir.

Xüsusilə uşaqların deportasiyası ilə bağlı ilk orderlərin niyə verildiyini bilməmiz çox vacibdir. Rəsmi məlumatlardan görünür ki, BCM-in əsas diqqəti 2022-ci ilin fevralın 24-dən sonra törədilmiş cinayətlərə yönəldilib. Ona görə də qərarın son bir ildə toplanmış məlumatlara əsaslandığı aydındır. Ancaq unutmaq olmaz ki, uşaqların məcburi köçkün və deportasiyası halları Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğal müharibəsindən əvvəl də baş verib.

2014-cü ildən bəri ruslar Krımda və Donbassın işğal olunmuş hissəsində dəfələrlə belə hərəkətlər ediblər. Məsələn, 2014-cü ildən bəri Krımda 5 minə yaxın uşağın Rusiyaya aparılması faktı qeydə alınıb.

Bundan əlavə, genişmiqyaslı işğaldan bir neçə həftə əvvəl hamımız işğal olunmuş Donbassın əhalisinin Rusiya Federasiyasına necə aparıldığını izlədik. Eyni zamanda, bütün bu aktlar beynəlxalq humanitar hüququn heç bir tələbinə cavab verməsə də, Rusiya əməllərini “evakuasiya” termini ilə ört-basdır edib. Ruslar daha sonra təhlükəsizlik tələblərini, insanların saxlanma şəraitini pozdular.

Bildiyimə görə, BCM prokurorları bu faktları da təhlil ediblər. Və həqiqətən ümid edirəm ki, bu iş 2014-cü il hadisələrinə də şamil olunacaq.

Bizim Ukrayna Hüquq Məsləhət Qrupumuz Baş Prokurorluğun yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsi ilə əməkdaşlıq edir. Məhz bu şöbə ukraynalıların Rusiya Federasiyasına məcburi deportasiya faktlarının araşdırılmasına diqqət yetirir. Və biz prokurorlarla 2022-ci ildə işğaldan əvvəl edilənləri unutmamağın nə qədər vacib olduğunu danışdıq. Axı Rusiya təcavüzünün ötən illərində çoxlu yanaşmalar, qanunauyğunluqlar formalaşıb. 2022-ci ildə onlar yalnız miqyası böyütdülər.

Putin üçün ilk həbs orderinin BCM tərəfindən konkret olaraq ukraynalı uşaqların məcburi deportasiyası ilə bağlı verilməsinin iki səbəbi var.

Birincisi, bu, çoxlu sayda qurbanların və şahidlərin çıxışıdır. Rusiya deportasiyasından geri qaytarılan çoxlu sayda uşaq var. Onlar hazırda xaricdə olsalar belə, BCM prokuroru üçün onlara müraciət etmək çətin deyil.

İkincisi, açıq mənbələrdə kifayət qədər sübutlər var. Və Rusiya Federasiyasının ictimai xadimlərinin özləri də bu baxımdan dəfələrlə öz mövqelərini bildiriblər. Bütün bunlar iş üzrə sübutların sürətlə toplanmasına şərait yaratdı.

Digər tərəfdən, BCM Prokurorluğunun işini müşahidə edərək, düşünmək istərdim ki, onlar bu qərarla silahlı münaqişələrdə müharibə uşaqları məsələsini ön plana çıxarıblar. Axı müharibələr zamanı uşaqlar əhalinin ən az qorunan kateqoriyası olaraq qalır. Ola bilsin ki, bu yolla BCM də qurbanlarla işin vacibliyini vurğulamaq istəyib. Yəni bu iş beynəlxalq məhkəmə üçün prioritetdir.

Müəllif: Alina Pavlyuk - Ukrayna Hüquq Məsləhət Qrupunun hüquqşünası

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Müəllif: Ayna.az