Bakının bəyanatı fonunda sülhməramlılardan yeni təxribat

Aktual

09.02.2022 - 20:18

Gün keçmiş ki, Rusiya hərbçiləri növbəti “sürprizlərlə” bizi hiddətləndirməsinlər

Bu günlərdə təsdiq edilmiş “Media haqqında” qanun Azərbaycan jurnalistikasının fəaliyyətini məhdudlaşdırsa da, informasiya müharibəsində milli maraqların müdafiəsi üçün jurnalistikamız titanik səylər göstərir. Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında gedən proseslər onu göstərir ki, Moskvanın açıq dəstəyi ilə Qarabağ separatçıları öz mövqelərini möhkəmləndirməyə çalışırlar.

Deməli, Rusiya qeyri-qanuni dəstələri zərərsizləşdirmək, silah-sursat ələ keçirmək əvəzinə Qarabağda öz təsirini artırır. Kremlin rus dilini Qarabağda ikinci “dövlət dili” elan etməsi, Xocalıda Rus Pravoslav Kilsəsinin tikilməsi, Rusiyanın ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması, süni surətdə rus icmasının yaradılması istiqamətində atdığı addımlar genişmiqyaslı planlardan xəbər verir.

Rusiya sülhməramlılarının addımları Azərbaycan ictimaiyyətində getdikcə daha çox suallar yaradır. Avtonəqliyyat vasitələrinin Laçın dəhlizindən yoxlamadan keçməsi zamanı çoxsaylı faktlarla sübut olunur ki, Rusiya sülhməramlıları eyni zamanda Qarabağ separatçılarını sülhməramlı kontingentin məsuliyyət zonasında daşınan Azərbaycan yüklərinə baxış keçirməyə cəlb edirlər.

Qarabağ separatçıları Rusiya sülhməramlılarına minnətdarlıq əlaməti olaraq onlar üçün yerli dram teatrının tamaşalarını və Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına ekskursiya təşkil edirlər. Qeyd edək ki, bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil deyil, lakin eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin press-relizində qeyd olunur ki, erməni versiyasında Dadivanq adlanan Xudavəng monastırı “Orta əsr Ermənistanının monastır komplekslərinə daxil ən böyük monastırlardan biridir”.

1511-ci ildən bu monastır alban xristian diofizitlərinin mərkəzi kimi fəaliyyət göstərib, 1836-cı ildə isə Rusiya Sinodunun qərarı ilə Alban avtokefal kilsəsi ləğv edilib. Sovet dövründə, daha sonra 1993-2020-ci illərdə Kəlbəcər rayonunun işğalı zamanı memarlıq quruluşuna çoxlu erməni elementləri əlavə edilib, bəzi qədim alban yazıları silinib.

44 günlük müharibə başa çatdıqdan sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərinə əsasən Kəlbəcər rayonu işğaldan azad edilərkən erməni ruhaniləri və yerli ermənilər Xudavəngdən epiqrafik yazıları yığışdıraraq Ermənistana aparıblar. İndi isə rus sülhməramlıları üçün bələdçili turlar təşkil olunur və onlara bu monastırın “orta əsr Ermənistanının ən böyük monastır komplekslərindən biri” olduğu bildirilir.

Aydın məsələdir ki, Azərbaycan hakimiyyətinin Bakının Qarabağ bölgəsinin xristian irsinin ermənilər tərəfindən saxtalaşdırılmasını müəyyən etmək üçün xarici ekspertləri cəlb etməklə işçi qrup yaratmaq niyyətində olması barədə bəyanatı fonunda, Rusiya sülhməramlılarının Xudavəngə səfəri təxribat xarakteri daşıyır. Və sevindirici haldır ki, Azərbaycan mediasının sonrakı reaksiyasından sonra monastıra səfərlə bağlı Rusiya Müdafiə Nazirliyinin press-relizinə düzəlişlər edib.

Belə ki, monastırın “orta əsr Ermənistanının ən böyük monastır komplekslərindən biri” olması barədə qeyd mətbuata açıqlamanın mətnindən çıxarılıb. Bu fakt Azərbaycanın Rusiya siyasətinə informasiya təsirinin effektivliyindən xəbər verir. Bu işdə əsas rol - davam edən təxribatlara operativ və effektiv cavab verən Azərbaycan jurnalistikasına məxsusdur.

Müəllif: Asif Aydınlı