Bu gün dollarla bağlı mühüm qərar gözlənilir

İqtisadiyyat

31.07.2019 - 12:12

“FED-in qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək”

 

“Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FED (Federal Ehtiyat Sistemi – red.) faiz qərarını açıqlayacaq. Çox güman, uçot dərəcəsi 0,25% aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı, valyuta müharibələrini də qızışdıracaq”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” hesabında iqtisadçı-ekspert Natiq Cəfərli paylaşım edib. Onun fikrincə, FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın.

“Çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmir. Ancaq Azərbaycan kimi dövlət və məmur kapitalizminin ən eybəcər forması olan, iqtisadiyyatda ancaq dövlətin hegemon olduğu ölkələrdə milli valyutanın möhkəm olması ilə 10 il fəxr edib, sonra 2 dəfədən çox devalvasiyaya getməyə məcbur olurlar”, - ekspert yazıb.

 

Cəfərli hesab edir ki, FED-in qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək: “Çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir. Qısa misalla izah etməyə çalışım: İnsanın immun sistemi sağlam olanda xəstəliklə bədən özü mübarizə aparır, orqanizm özü müqavimət göstərərək xəstəliyə qalib gəlir və xəstəlik zamanı içilən dərmanlar ancaq köməkçi rolu oynayır. İmun sistemi zəif olan orqanizmlər isə daim dərman atır ki, xəstələnməsin, amma bu da kömək olmur, xəstələnir və bu zaman da çox ağır antibiotiklər qəbul etməyə məcbur olur. Ağır dərmanlar müvəqqəti effekt yaradır, amma immun sistemi daha da zəiflədir, orqanizmə orta və uzun vadədə ciddi mənfi təsir göstərir”.

 

“İqtisadi institutlar ölkələrin immun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir. Bu, müvəqqəti effekt yaradır, amma orta-uzun vədədə ölkəyə ciddi ziyan vurur. Bu gün manatla bağlı yaranan sabitlik "vurulan antibiotiklə" bağlıdır, orqanik deyil, müvəqqətidir və bu "iynələr" ölkə iqtisadiyyatında immun sisteminin yaranmasına mane olur. Ona görə də orta-uzun vədədə bu "iynələrin" yeri ağrıyacaq, şişəcək, daha ağır əməliyyatla (növbəti gecəlik devalvasiyalar ilə) müdaxilələri qaçılmaz edəcək”, - deyə iqtisadçı vurğulayıb.

Müəllif: Ayna.az