“Ölkəmizdə toy biznesi iqtisadiyyatın qeyri-neft sektorunun böyük bir hissəsidir və indi oradan çörək qazananlar işsiz qalıblar”
Karantin rejiminin yüngülləşdirilməsinə baxmayaraq, ayın sonuna qədər bir sıra qadağalar qalmaqda davam edəcək. Xüsusilə, toyların keçirilməsinə qadağaların qalması bu biznesdən pul qazanan çox sayda şadlıq evlərini olduqca çətin vəziyyətə salıb. İndi koronavirus pandemiyası ilə bağlı yaranan mövcud vəziyyətə görə şadlıq evləri iflas ərəfəsindədir. Axı, indi yalnız toylar deyil, ad günləri kimi başqa kütləvi tədbirlər də keçirilmir. Düzdür, dövlət şadlıq evlərinə yardım göstərdi, ancaq bu obyektlərin sahiblərinin dediyi kimi, onlar bu yardımı cəmi iki ay əzrində aldılar.
Xatırladaq ki, pandemiya səbəbindən görülən karantin tədbirləri ilə əlaqədar, mart ayının ortalarından etibarən ölkədə kütləvi tədbirlər qadağan edilib. İndi şadlıq evlərinin sahibləri və işçiləri payızda işlərini bərpa edə biləcəklərinə ümid edirlər. Təbii ki, payıza ayaq üstündə çıxa bilsələr.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya deyib ki, əgər dövlət şadlıq evlərini bir neçə ay bağlı qalmağa məcbur edibsə, onda itirilən qazanclarını kompensasiya etməlidir: “Kompensasiya şadlıq evinin son bir il üçün verdiyi vergi bəyannaməsi nəzərə alınmaqla ödənilməlidir. Lakin dövlətin bu problemin həllində maraqlı olmadığı görünür. Halbuki, şadlıq evlərinin işçiləri boş qaldıqları və maaş almadıqlarına görə, çoxdan işsiz kimi qeydiyyata alınmalı idilər”.
“Ölkədə 800-dən çox şadlıq evi fəaliyyət göstərir və bu, bizim kimi dövlətlər üçün kifayət qədər böyük rəqəmdir. Dünya statistikasına görə, orta hesabla hər il kiçik müəssisələrin, təxminən 10%-i bağlanır və bu, böhran olmayan bir vəziyyətdə normal göstərici hesab edilir. Beləliklə, əgər pandemiya ilə bağlı müəssisələrin bağlanma faizi göstərilən ətrafda olacaqsa, bu, normal sayıla bilər”, - o bildirib.
Ağayev hesab edir ki, payızda işlərini davam etdirəcək şadlıq evlərində xidmətlərin qiymətində artım olmayacaq: “Çünki rəqabət daha da artacaq. Bəzi insanlar toyların əvvəlkindən daha sadə keçiriləcəyini düşünürlər, amma mən hesab edirəm ki, hər şey pandemiyadan əvvəlki qaydada olacaq. Biz təmtəraqlı mərasimləri sevirik və çoxları böyük, dəbdəbəli məclis keçirmək üçün, hətta borca girməyə da razıdırlar. Qadağalar götürülən kimi, qonaqlar toylara həvəslə gedəcəklər. İnsanlar bir neçə aylıq izolyasiya rejiminin əvəzini şadlıq evləri və restoranlara getməklə çıxmağa çalışacaqlar”.
İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya şərhində restoran biznesinin böhran yaşamasının narahatlıq doğurduğunu deyib: “Ölkəmizdə toy biznesi iqtisadiyyatın qeyri-neft sektorunun böyük bir hissəsidir. Buraya foto və video çəkiliş xidmətləri göstərənlər, gəlinlik dükanlarına sahib olanlar, dizaynerlər, çiçək biznesi və s. daxildir. Pandemiyadan əvvəl bu sektorda onminlərlə insan işləyirdi, lakin bir neçə aydır ki, onların hamısı işsiz qalıb”.
“Əslində, bizim toyların formatı mənim o qədər də xoşuma gəlmir. Məqsəd tez-tez mümkün qədər çox insanı dəvət etmək və hər şeyi maksimum dərəcədə dəbdəbəli keçirmək idi. Toylarımızda eyni masada əyləşənlərlə belə, ünsiyyət qurmaq, onları eşitmək mümkünsüz olur. Çox səs-küylü keçir toylarımız. Odur ki, bir çoxları toy dəvətnaməsi alsalar da, bundan məmnun deyildilər. İstərdim ki, toy mədəniyyəti dəyişsin və bunun üçün məşhur insanlar nümunə olsunlar. Onlar əhalinin bir hissəsi üçün bir model ola bilər və bir toyun eyni zamanda həm sadə, həm də gözəl ola biləcəyini göstərə bilərlər. Ancaq, yəqin ki, tezliklə ölkəmizdə bu dediklərim olmayacaq”, - o vurğulayıb.
Ekspertin fikrincə, üç aydır qazanc mənbəyi olmayan şadlıq evlərinin hazırkı vəziyyəti barədə düşünmək lazımdır: “Axı, onlar dövlətdən yalnız iki ay ərzində kömək görüblər. Sentyabr ayında şadlıq evlərinin, nəhayət açılmasına icazə verilsə belə, onlar yenə də çətinliklərlə üzləşəcək. Çox güman ki, pandemiyanı nəzərə almaqla yeni qaydalarla işləməli olacaqlar. Yeni qaydalar işlərini çətinləşdirəcək və karantin səbəbindən, bağlanmazdan əvvəlki qədər qazanc əldə etməyə imkan olmayacaq”.
“Bu müəssisələr, əsasən qonaqların sayına görə qazanırdı, amma yeni qaydalara görə, insanların girişi məhdud olacaq və tibii ki, şadlıq evləri də daha az qazanc əldə edəcək. Qiymətlərin artırılması ehtimalı azdır, çünki, o zaman insanların bir çoxu toy məclislərinə getməyi dayandıracaq. Məsələn, şadlıq evlərində bir oturacaq əvvəlki 50 əvəzinə 100 manata başa gəlirsə, məclisə bir ailədən gələn iki nəfər toy sahibinə xeyir vermək üçün yazılacaqları 200 manatın üzərinə, heç olmasa daha 50 manat ödəməli olacaq. Ancaq orta statistik bir ailə üçün bir axşama 250 manat xərcləmək çox baha zövq hesab edilə bilər”, - Cəfərli söyləyib.
Şadlıq evlərinin bağlanmasına gəldikdə, iqtisadçının sözlərinə görə, bu işin özünün də “sualtı daşları” var: “Azərbaycanda, xüsusən də Bakıda böyük şadlıq evləri məmurlara məxsusdur və onlar bağlanmayacaq. Lakin bu biznesin əsasını təşkil edən kiçik və orta biznes nümayəndələri bazarı birdəfəlik tərk edə bilər”.