Ölkədə böyük miqyasda sosial bərabərsizlik var

İqtisadiyyat

21.01.2020 - 13:00

Sosial rifah olmasa, artan gərginlik siyasi və ictimai təhlükəsizliyin altına qoyulmuş bombaya çevriləcək

 

Son 30 ildə əvvəlki 30 illə müqayisədə dünyada sosial bərabərsizliyin sürətlə artması əvvəl akademik çevrələri narahat eləməyə başladı. Tomas Pikketinin “21-ci kapital” əsərində zənginlərin və sərvətin yüksək vergiyə cəlb edilməsi ilə bağlı polemikalara yol açan təklifini bu narahatlığın ifadəsi kimi görmək olar.

 

Sonra bu narahatlıq biznes dairələrinə keçdi - amerikalı milyaderlər Baffet və Qeytsin də zənginlər üçün yüksək vergi tətbiqi çağrışları oldu. Zəngin olan bu adamlar yorğanlarını başına çəkib rahat həyatlarına davam edə, özlərini zərərə salacaq belə təkliflər verməyə də bilərdilər. Amma anlayırlar ki, bütün dünyada, onların ölkəsində sosial rifah olmalıdır.

 

Sosial rifah olmasa, insanlar biznesin alıcılıq qabiliyyəti olan müştərisi də olmayacaq, istehlak tələbi dayanıqlı artmayan ölkədə iqtisadi böhran biznesi də çökdürəcək, sosial rifah olmadıqca artan gərginlik siyasi və ictimai təhlükəsizliyin altına qoyulmuş bombaya çevriləcək. O bomba partlayanda varlı-kasıbı bir-birindən ayırmır - hamını öz qəlpələri ilə öldürür, yaralayır.

Rövşən Ağayev, iqtisadçı-ekspert