Bakı və Formula-1: nə və necə etməli?

Aktual

20.04.2023 - 10:20

Deputat: “Bu yarış ölkəmizin xeynəlxalq nüfuzunu artırır, digər tərəfdən də nəqliyyatın hərəkətini iflic edir”

Sabiq nazir: “Yarışma ya paytaxtdan kənarda, ya şəhərin digər ərazilərində keçirilsin, digər bir variant...”

24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq: “Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər”.

Qeyd edək ki, Azərbaycan tərəfi 2016-cı ildə Formula-1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, paytaxtın mərkəzi yollarında ənənəvi olaraq hər il Formula-1 yarışları ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti müəyyən müddət ərzində ifilc olur. Bu isə öz növbəsində yollarda tıxacların yaranmasına, əhalinin əsəblərinin tarıma çəkilməsinə yol açır.

Ekspertlər təklif edirlər ki, Formula-1 yarışları şəhərin mərkəzindən kənarda keçirilsin. Növbəti illər üçün də müqavilənin yenidən uzadılacağı ilə bağlı rəsmi açıqlamalar verilir.

Mövzu ilə bağlı AYNA-ya danışan YAP-çı deputat Nəsib Məhəməliyev hesab edir ki, ölkəmiz artıq öz məqsədinə çatıb və Formula-1 yarışlarına yüksəs səviyyədə təşkilatçılıq edir: “Bu yarışmanın xüsusi əhəmiyyəti var. Ölkəmizin beynəlxalq miqyasda tanınması, turizm potensialının artırılması, idman ölkəsinə çevrilməsi və s. xüsuslarda önəmli bir yarışmadır. Çox sevindirici məqamdır ki, artıq Azərbaycan mötəbər idman yarışmaları təşkil etmək sahəsində də dünyada məşhurluq qazanıb. Birinci Avropa oyunları, Formula-1 yarışması və s. bu qəbildəndir. Biz öz məqsədimizə çatmışıq”.

“Lakin bu, o demək deyil ki, biz bu yarışmalara yekun vurmalıyıq. Bu yarışma bundan sonra da davam etməlidir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə yarışmanın şəhərdən kənar ərazidə və regionlarımızda keçirilməsi də mümkündür: “Bununla bağlı qərarı təşkilatçılar və aiddiyəti qurumlar verməlidir. Biz sadəcə müəyyən təkliflər səsləndirə bilərik. Hesab edirəm ki, bu yarışmanın şəhərdə tıxaclara yol açması və digər problemlər yaratması səbəbindən bu məsələ yenidən müzakirə oluna bilər. Buna qədər paytaxtımızın tanınması baxımından bu idman tədbirinin mərkəzdə keçirilməsi labüd idi. Lakin bundan sonra digər ərazilərdə, misal üçün, elə işğaldan azad olunmuş ərazilərimizdə də Formula-1 yarışları keçirilə bilər”.

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, Formula-1 yarışları paytaxtda nəqliyyatın hərəkətində, həmçinin ərazidə olan müəssisələrin  fəaliyyətində müəyyən problemlər yaradır: “Nəticədə ticarət dövriyyəsində müəyyən azalmalar müşahidə olunur. Əhalinin məşğulluğuna təsirsiz ötüşmür. Faydalı iş əmsalının aşağı düşməsinə gətirib çıxarır”.

“Nəzərə alsaq ki, paytaxtın regionalara əsas çıxış nöqtələrindən biri şəhərin mərkəzi hissəsidir, bu, şəhərə giriş-çıxış zamanı da müəyyən problemlərə yol açır. Alternativ yolların yükslənməsinə səbəb olur. Qeyd etdiyim məqamlar yaranan çətinliklərlə bağlıdır”, - deyə müsahibimiz vurğulayıb.

Yusifov tədbirin əhəmiyyətinə də diqqət çəkib: “Formula-1 yarşlarının ölkəmizin dünyada tanıdılması baxımından müstəsna əhəmiyyəti var. Şəxsən mən özüm xarici səfərlərdə olduğum zaman bu yarışmaya böyük maraq olduğunu müşahidə etmişəm. Təbii ki, çoxvektorlu inkişaf yolunu götürən bir ölkə olaraq Azərbaycanda belə mötəbər idman yarışlarının, mədəniyyət tədbirlərinin keçirilməsi zəruridir”.

“Digər yandan qeyd etdiyim kimi, müəyyən problemlərə, axsamalara da səbəb olur. Belə olduğu təqdirdə biz nə etməliyik?! Hesab edirəm ki, optimal çıxış yolu tapılmalıdır. Bu isə ondan ibarət ola bilər ki, növbəti illərdə yarışma ya paytaxtdan kənarda, ya da şəhərin digər ərazilərində keçirilsin. Digər bir variant tapmaqda çətinlik çəkirəm”, - deyə sabiq nazir fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev