Anar Eyvazov: “Ermənilər itirdikləri mövqeləri geri qaytarmaq cəhdlərin qarşısı alınıb”
İşğal olunan torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam etdirilir. AYNA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və obyektləri məhv edilib: “Səhər saatlarından Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən ərazisi artilleriya atəşinə tutulub. Bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülüb və görüləcək”.
“Ermənistan qüvvələri cəbhənin Füzuli, Cəbrayıl, Ağdərə və Tərtər istiqamətində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq, düşmənin bütün cəhdlərinin qarşısını alıb. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi və mənəvi psixoloji vəziyyəti yüksəkdir”, - deyə polkovnik vurğulayıb.