Qasım Mohiuddin: “Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”
“Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk”. AYNA.AZ bildirir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanın Hindistanın günahsız dinc sakinlərə qarşı qorxaqcasına hücumlarına cavab olaraq Pakistana göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”, – səfir paylaşımında bildirib.
Qeyd edək ki, bu gün Hindistan Pakistana raket zərbələri endirib. Hindistanın Müdafiə Nazirliyi ölkənin Pakistana zərbə endirərək “Sindoor əməliyyatı”na başladığını açıqlayıb. Nazirlikdən qeyd edilib ki, Pakistanın heç bir hərbi obyektinə hücum olmayıb. Nazirlik Hindistanın terrorçuların düşərgələrinə raket zərbələri endirdiyini vurğulayıb.
“Bu addımlar Pahalqamda 25 hindistanlı və bir Nepal vətəndaşının öldürüldüyü vəhşi terror hücumundan sonra atılıb. Biz bu hücuma görə məsuliyyət daşıyanların cavabdehlik daşıyacağını təmin etməyə sadiqik”, Hindistan Müdafiə Nazirliyindən vurğulanıb.
Pakistan Hindistanın raket zərbəsini təsdiqləyib. Pakistanın Xidmətlərarası İctimai Əlaqələr (ISPR) baş direktoru Əhməd Şərif Çaudri bildirib ki, zərbələr Kotli, Bəhvalpur və Müzəffərabadı hədəf alıb.
Çaudri əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri (PAF) Hindistanın hücumunu “kobud və qorxaqcasına” adlandırıb. Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın hücumunu “müharibə aktı” adlandırıb.
“Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına qəti şəkildə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib”, Şərif qeyd edib.