“Bakı Moskva ilə yaxınlaşmada bundan daha irəli getməyəcək”

Siyasət

03.03.2022 - 19:19

 

Rəşid Hacılı: “Azərbaycanın Rusiyaya müqavimət potensialı digər postsovet ölkələrindən daha çoxdur”

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Sözügedən sənəd imzalanandan iki gün sonra Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başladı. Bəzi xarici və yerli ekspertlər hesab edirdilər ki, bu müharibədə rəsmi Bakı Moskvaya dəstək göstərəcək. Amma Azərbaycan dövlətinin neytral mövqeyi, eyni zamanda, Ukraynaya humanitar yardım etməsi qaranlıq qalan suallara nisbətən aydınlıq gətirdi. 

Yerli ekspertlərin əksəriyyəti rəsmi Bakının bu məsələdə tutduğu mövqeyi düzgün siyasi xətt saysa da, anlaşmanın milli maraqlarımıza uyğun olmadığı qənaətində olanlar da var. Eyni zamanda, xaricdəki bəzi dairələrdən Moskva Bəyannaməsindəki müttəfiqlik səbəbindən, Rusiya ilə yanaşı, Azərbaycana da sanksiyalar tətbiqi haqqında təkliflər səsləndirilib. Məsələn, martın 1-də Britaniya Parlamentində Ukrayna böhranı müzakirə edilərkən, leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassa “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” sualı verib. 

Baş verən müharibə fonunda Azərbaycanın tutduğu mövqe, Bakıya qarşı fikirlər və müharibənin nə ilə nəticələnəci barədə AYNA-nın suallarını Avropada yaşayan mühacir, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı cavablandırıb.

- Azərbaycan dövlətinin Ukrayna məsələsi ilə bağlı tutduğu mövqeni necə qiymətləndirirsiniz?

- Bu suala birmənalı cavab vermək, mənzərəni tam göstərmək çətindir. Azərbaycanın Ukrayna məsələsi ilə bağlı mövqeyinə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəlcə onu demək lazımdır ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Baxmayaraq ki, Putin Rusiyası Krımı ilhaq edib və hər kəsi buranı Rusiya ərazisi kimi tanımağa məcbur etmək istəyir, amma rəsmi Bakı prinsipial mövqe nümayiş etdirib. Birmənalı olaraq, həm də təkrar-təkrar Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Son hadisələr donunda Azərbaycan XİN açıq bəyan etdi ki, Azərbaycan BMT Nizamnaməsinə, ATƏT-in təhlükəsizliklə, dinc yaşamaqla bağlı sənədlərinə sadiqdir. Yəni ki, rəsmi Bakı açıq-aşkar bildirir ki, Rusiyanın təcavüzünə qarşıdır. Çünki Rusiyanın Ukraynaya hücumu sadalanan sənədlərə ziddir.

Amma Azərbaycan Rusiya ilə münasibətlərini isti saxlamağa, açıq şəkildə Rusiyanı tənqid etməməyə çalışır. Hesab edirəm ki, bu, Azərbaycanın real vəziyyəti ilə bağlıdır. Azərbaycanın Rusiyanın mümkün təcavüzü və təzyiqləri qarşısında özünümüdafiə zərurəti var. Rusiyaya münasibətdə eyni siyasəti Avropanın dəstəklədiyi Gürcüstan da, Moldova da həyata keçirir. Hətta mən deyərdim ki, Azərbaycan hökuməti Ukraynaya Gürcüstan hökuməti ilə müqayisədə daha çox dəstək verir. Çünki bu ölkələrin Rusiyanın təcavüzündən özlərini müdafiə etmələri çox çətindir. Rusiyanın bu ölkələrə ciddi zərbə vura biləcəyi ehtimalı hər zaman mümkündür.

Ukrayna məsələsində Rusiyanın işğal siyasətinin nə ilə nəticələnəcəyini heç kəs bilmir. Ona görə də ölkələr mümkün qədər ehtiyatlı mövqe tutur. Eyni zamanda, rəsmi Bakı çalışır ki, Rusiya ilə Ukrayna arasında mümkün vasitəçilik platforması yaratsın. Ona görə də hər iki ölkəyə qarşı neytrallıq nümayiş etdirməyə çalışır. Düşünürəm ki, bu siyasət tamamilə normaldır. 

Bir məsələni qeyd edim ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən az öncə Rusiya ilə Bəyannamə imzalaması bir qədər təəccüb doğurdu, çaşqınlıq yaratdı. Çünki sənədin imzalanması Rusiyanın təcavüzə başlaması ilə eyni ərəfəyə təsadüf etdi. Ola bilər ki, zaman əvvəldən razılaşdırılıb. Açığını deyim ki, Rusiyanın hücum edəcəyini heç kəs proqnozlaşdırmamışdı. Hamı tamamilə əmin deyildi ki, Rusiya təcavüzə başlayacaq, yoxsa yox. Ola da bilər ki, Bəyannamənin imzalanması vaxtı Rusiya Prezidenti tərəfindən məqsədli şəkildə seçilib və bir gün sonra Kremlin təcavüzə başlamaq qərarından Azərbaycan rəhbərliyi xəbərsiz olub. Bu, faktini olaraq, Putinin badalağı kimi də qiymətləndirilə bilər. Hər halda Azərbaycan hökumətinin sonrakı addımları göstərdi ki, rəsmi Bakı Rusiyanın işğalçılıq siyasətini dəstəkləmir. 

- Britaniya Parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc XİN başçısına “Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” sualı verib. Bunu necə qiymətləndirirsiniz?  

- Qocaman deputatın XİN başçısına bu sualı da məhz Moskva Bəyannaməsindən irəli gəlir. Hesab edirəm ki, bu, müəyyən mənada çəkindirmə məqsədi ilə ortaya atılmış məsələdir. Yəni Azərbaycanın müttəfiqlikdə gələcəkdə hansı addımlar atacağından narahatlıq var. Hodc sonradan "Twitter" hesabında Britaniya Parlamentindəki çıxışını yaydı və paylaşımında yalnız Qazaxıstanın adını qeyd etdi. Demək ki, onun özü də Azərbaycanla bağlı məsələnin üzərindən keçdi, xüsusi olaraq bu məsələnin üzərində dayanmadı. Yəqin ki, deputata məlumat verildi ki, onun bu məsələdə mövqeyi haqlı deyil. Bildirildi ki, Azərbaycan Ukrayna ilə bağlı məsələdə Rusiyanın müttəfiqi deyil və rəsmi Bakı Moskvanın mövqeyini dəstəkləməyib. Amma əlbəttə, müəyyən mənada Hodcun sualını Azərbaycana öncədən xəbərdarlıq kimi də qiymətləndirmək mümkündür. 

- Güman ki, Hodc Moskva Bəyannaməsində Rusiya-Azərbaycan valyutalarından qarşılıqlı istifadəyə görə Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirdi. Bəyannamə buna əsas ola bilərmi? 

- Azərbaycanın Rusiya ilə münasibətlərdə bundan sonra daha da irəli gedəcəyinə və hansısa birgə addımlar atacağına inanmıram. Çünki bütün dünya Rusiyaya qarşı sanksiya qoyduğu halda Azərbaycan Rusiya valyutası ilə bağlı hansısa əməliyyatlarda iştirak etməyəcək. Əksinə, Rusiya təcrid olunduğu vəziyyətdə Azərbaycan mümkün qədər daha çox ondan uzaqlaşmağa çalışacaq. Çünki başqa variant ağlabatan deyil. Əks halda, Azərbaycan beynəlxalq təzyiqlə üzləşə bilər. Bu riskə Azərbaycan rəhbərliyi gedən deyil. Məsələ burasındadır ki, digər postsovet ölkələrinə baxanda Azərbaycanın özünü Rusiyadan qorumaq potensialı daha çoxdur. Çünki burada Türkiyə amili var və bu, əsas amillərdən biridir. İnanmıram ki, Rusiya Azərbaycana hücum edib Türkiyə-Azərbaycan tandemi ilə qarşılaşmaq istəsin. Rusiya bir qədər zəifləyəndən sonra Azərbaycan-Türkiyə əlaqələri tam zirvə nöqtəsinə çatacaq. Azərbaycanın Kremldən gələn təzyiqlərə qarşı davamlılığı digər ölkələrə nisbətən yaxşıdır. Ona görə demirəm ki, bu, baş verəcək, Rusiya hücum edəcək və s. Demək istəyirəm ki, Azərbaycanın müqavimət qabiliyyəti digər ölkələrə baxanda daha çoxdur. Azərbaycan prinsipial məsələlərdə Rusiyaya güzəştə getməmək şansına sahibdir. 

- Ümumiyyətlə, sizcə, Rusiyanın təcavüzkar siyasəti, müharibə nə ilə nəticələnəcək?

- Birmənalı olaraq onu deyə bilərik ki, Rusiya özünü Ukraynada bataqlığa soxmuş oldu. Onsuz da kövrək olan Rusiya dövləti, iqtisadiyyatı, dünyadakı mövqeyi və hərbi gücünü Putin anormal qərarı ilə böyük dərəcədə sarsıtdı. Rusiya ən yaxşı halda özünü qorusa belə, uzun müddət qınına çəkilib öz yaralarını sarımağa məcbur olacaq. Get-gedə Kreml üçün vəziyyət ağırlaşır. Rusiyada Putinə qarşı daxildə etirazlar başlasa, bu, Rusiyanın tutduğu bir çox yerlərdən çıxmasına səbəb olacaq. SSRİ-nin dağılması vəziyyətinə yaxın bir durum yaranmaqdadır. Rusiyanın indiyədək işğal etdiyi və əldən buraxmaq istəmədiyi coğrafiya darala, boşluq yarana bilər. Cənubi Qafqazda, Orta Asiyada, elə Suriyada boşluq yarana bilər ki, bu boşluğu hansı güclər dolduracaq - proqnozlaşdırılması çətindir.

Birmənalı olaraq onu demək olar ki, Rusiya Ukraynada uğur qazansa, tutduğu yerləri saxlamağa çalışsa da, uzun müddət orada müharibənin içində olacaq. Haranısa işğal etmək müharibənin bitdiyi anlamına gəlmir. Rusiyanın Ukraynanın şəhərlərini işğal etməsi ilə heç kəs razılaşmayacaq. İndiki proseslər, Rusiyaya münasibət onu göstərir ki, bunu heç kəs Rusiyaya bağışlamayacaq, heç kim güzəşt etməyəcək. Ya Rusiya Ukraynadan tamamilə çıxmalıdır - hansı ki, Putin bunu edə bilmir - yaxud da Rusiyanı oradan vurub çıxaracaqlar. Bu zaman da Putin daha dəhşətli məğlubiyyətə uğrayacaq. 

- Müharibənin MDB məkanına, Cənubi Qafqaza və Azərbaycana təsirləri nədən ibarət ola bilər?

- Rusiyanın Ukraynada nə qədər dərinə gedəcəyindən, proseslərin axarından çox şey asılıdır. Rusiya MDB məkanından, xüsusən də Cənubi Qafqazdan uzaqlaşacaq. Bayaq dediyim kimi, Rusiyanın boşluğu qalacaq ki, bunu doldurmaq imkanına malik həm Qərbdir, həm də Türkiyədir. Türkiyə isə bunu ilk növbədə Azərbaycan vasitəsi ilə həyata keçirə bilər. Ankara Şuşa Bəyannaməsi də daxil olmaqla, Azərbaycanla bağlanan bir çox sazxişlərə əsasən, gücünü, xüsusilə də, hərbi gücünü Cənubi Qafqazda artırmış olacaq.

Düşünürəm ki, Azərbaycanın daxilindəki proseslərdə də müəyyən dəyişikliklər baş verə bilər. Birmənalı olaraq Rusiyanın təsirləri Azərbaycanın demokratikləşməsi baxımından əsas məneələrdən biridir. Rusiyanın zəifləməsi Azərbaycanda qərbyönümlü siyasi qrupların güclənməsi ilə nəticələnəcək. Nəticə etibarilə müəyyən siyasi transformasiyalar baş verəcək ki, hökumət də bunu diqqətdə saxlayır. Transformasiya nə dərəcədə dərin olacaq – bu, başqa məsələdir. Bütün hallarda bu olacaq. Hökumət də, cəmiyyət də bu transformasiyanın ağrısız, heç bir zərərləri olmadan, milli maraqlara zərbə dəymədən baş verməsində maraqlı olmalıdır. İqtidarla müxalifət birgə planlamalar aparmalıdır. Xüsusilə, hökumət bu təşəbbüsü ələ almalı, bu istiqamətdə effektiv addımlar atmalıdır. Çünki bununla hökumət həm özünü, həm də dövləti qorumuş olur. Daxili çaxnaşmalar, kataklizmlər yaşanmaması üçün bunlar edilməlidir. SSRİ-nin dağılması vaxtı müttəfiq ölkələrdə çaxnaşmalar, xaos baş verdi. Bunun təkrarlanmaması üçün zəruri addımlar atılmalıdır ki, prosesdən uduşlu çıxılsın.

Müəllif: Anar Bayramoğlu