“Azərsu” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Xəbərlər

19.03.2021 - 17:44

İstehlakçılar yaranacaq problemlərlə əlaqədar “955” Zəng mərkəzinə müraciət etsinlər

 

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

ASC-dən AYNA-ya bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik sistemi tətbiq ediləcək. Bu məqsədlə “Azərsu” sədrinin müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

 

Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

 

Bayram günlərində “Azərsu” ASC-nin qəza, meterologiya xidmətləri 24 saat fəaliyyət göstərəcək. İçməli su xətlərində qəzaların, tullantı su xətlərində tutulmaların qarşısını almaq, həmçinin sayğaclarda yaranmış nasazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

 

İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng mərkəzinə müraciət etsinlər. Eyni zamanda, vətəndaşlar (055) 209-95-59 “WhatsApp” nömrəsi və “Facebook” sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər. Abonentlərdən daxil olan bütün müraciətlər operativ qaydada qəbul edilib aidiyyəti üzrə yönləndiriləcək.

 

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

Müəllif: Ayna.az