“Azərbaycanı Rusiyanın “5-ci kolon”undan təmizləmək lazımdır”

Aktual

01.02.2022 - 10:18

Ərəstun Oruclu: “Bir gün məlum olacaq ki, Qarabağda yaşayanların hamısı Rusiya vətəndaşıdır, o zaman da Putinin məşhur tezisi işə düşəcək”

İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr Üçtərəfli Birgə Bəyanat əsasında Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə qeyri-qanuni addımları zaman-zaman Azərbaycan cəmiyyətində də, rəsmi Bakıda da qıcıq yaradır. Sülhməramlıların Azərbaycan qanunlarına zidd addımlarından biri də Qarabağa gediş-gəlişə nəzarət məsələsidir. 

Dəfələrlə sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərimizə qeyri-qanuni səfərlər edildiyi, lakin sülhməramlıların buna adekvat reaksiya vermədiyi haqqında mediada məlumatlar, videogörüntülər yayılıb. Bir çox hallarda bu, sülhməramlı missiyanın məsuliyyətsizliyi kimi qiymətləndirilirdi. Amma Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri, bu səfər ətrafında rəsmi Bakı ilə Paris arasında yaranan diplomatik gərginlikdən doğan açıqlamalar bunu deməyə əsas verir ki, sülhməramlı kontingent heç də məsuliyyətsizlik etmir. Sülhməramlıların komandanlığı Qarabağa kimlərin getdiyindən də, gəldiyindən də məlumatlıdır. Hətta kimlərin ərazilərimizə girib-çıxışı üçün komandanlıq qaydalar da müəyyənləşdirib. 

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat konfransında xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, eləcə də missiyaların Azərbaycanın nəzarətində olmayan rayonlara səfər etməsi qaydasının Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfindən müəyyən edildiyini deyib. Əlbəttə, bu açıqlamaya qarşı suallar çoxdur. Əsas sual isə budur: Azərbaycan ərazilərinə əcnəbilərin gəliş-gedişi ilə bağlı sülhməramlılar hansı hüquqla qayda tətbiq edirlər?

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Zaxarovanın bəyanatı Rusiya diplomatiyasının həyasız sifətinin göstəricisidir:

- Həm də, təkcə Rusiya diplomatiyasının yox, ümumiyyətlə, Rusiyanın mənfur siyasətinin nümunəsidir. Bu bəyanatla Zaxarova Kremlin Qarabağda siyasətinin açıq şəkildə işğalçılıq olduğunu bildirir. Deyir ki, "biz işğalçıyıq, Qarabağda nə istəyiriksə, edirik, ərazilər bizə aiddir, bizim üçün Azərbaycanın ərazi bütövlüyü önəmli deyil". Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının şərtləri var ki, onlardan biri də sərhədlərin keçid qaydalarıdır. Bizim sərhədləri kimlərin keçməsi, kimlərin keçməməsi Azərbaycan dövləti ilə razılaşdırılmalıdır. Lakin Rusiya buna etinasız yanaşır və bunu açıq şəkildə bəyan edir. 

Azərbaycan Prezidenti son müsahibələrinin birində sülhməramlıların nəzarətində olan ərazilərimizə kimlərinsə gəlib-getməsinə etiraz etdi. Amma hesab edirəm ki, bu açıqlama çox yumşaq idi. Çünki sülhməramlı adı altında ərazilərimizə yerləşdirilmiş Rusiya hərbi kontingenti özünü Qarabağın dağlıq hissəsində işğalçı kimi aparır. Onlar sülh missiyası həyata keçirmirlər. Kontingentin fəaliyyəti də, silahları da, erməni separatçılarını tərksilah etməmələri də sülhməramlı missiyaya uyğun deyil. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda erməni silahlılarının tərksilah edilməsi də Rusiya hərbçilərinin öhdəliyidir ki, buna əməl etmirlər. Əslində Rusiya sülhməramlı missiyanı yerinə yetirmədiyini hərbçilərin davranışı, rəsmilərin bəyanatı ilə bir növ etiraf edir. Kreml Zaxarovanın dili ilə demək istəyir ki, Qarabağda situasiyanın sahibi Rusiyadır və nə istəyirlərsə, edə bilərlər.

- Maraqlıdır ki, Birgə Bəyanatda sülhməramlıların Qarabağa gəliş-gediş qaydaları müəyyənləşdirməsi ilə bağlı nəsə göstərilməyib... 

- Həmin sənəddə Qarabağa kimlərin buraxıla biləcəyi, kimlərin buraxıla bilməyəcəyi ilə bağlı hansısa qeyd yoxdur. Ümumiyyətlə, Azərbaycanın ərazisinə kimlərin buraxılıb-buraxılmayacağı ilə bağlı Birgə Bəyanatda hansısa müddəanın olmasına ehtiyac da yoxdur. Çünki hər bir ölkənin özünün sərhəd tənzimləmə, yaxud da xarici ölkə vətəndaşlarının ölkəyə gəliş-gediş qaydaları var. Həmin qaydalara uyğun olaraq, sülhməramlı deyilən Rusiya kontingenti bunu yerinə yetirməlidir. Azərbaycana gələn əcnəbilər Azərbaycan Respublikasına gəliş-gediş haqqında qanunla tətbiq edilmiş qaydalar əsasında ölkəyə buraxılmalıdırlar. Sülhməramlılar kimdir ki, mənim ölkəmin ərazisinə kimlərin keçib, kimlərin keçməməsi ilə bağlı özləri qayda qoysunlar?! Lakin rus hərbçilər qanunları pozurlar, açıq şəkildə etinasızlıq nümayiş etdirirlər.

- Ola bilərmi ki, sənədlə olmasa da, şifahi şəkildə bu, Azərbaycan dövləti ilə razılaşdırılmış olsun?

- İnanmıram ki, bu barədə hansısa şifahi razılaşma var. Bu, elə bir məsələdir ki, ictimaiyyətdən gizlədilə bilməz. İndi ruslar özlərini niyə belə aparırlar - bu, bəllidir. Dediyim kimi, göstərmək istəyirlər ki, Qarabağda söz sahibidirlər, bildiklərini edirlər. 

- Sülhməramlıların özbaşınalığına Azərbaycanın rəsmi qurumlarının reaksiyasını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev etirazını bildirir. Amma yenə deyirəm, bu, yetərli deyil. Zaxarovanın açıqlamasına Azərbaycan XİN sərt reaksiya verməli idi. Yeri gələndə rəsmi Bakının bəyanatlarında aşağılayıcılıq elementi də olmalıdır. Çünki bu, Rusiyanın qandığı dildir. Rusiya başqa dil anlamadığına görə, onlarla öz anladıqları dildə danışmaq lazımdır. Moskva gözüqıpıqlıq görən kimi, bundan sui-istifadə edir.

- Bir çox beynəlxalq və yerli ekspertlər hesab edirlər ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda atdığı qanunazidd addımlar vaxtilə Abxaziya və Cənubi Osetiyada etdiklərinin oxşarıdır...

- Tamamilə doğrudur. Abxaziyada, Osetiyada, Dnestryanı bölgədə Rusiya hərbçiləri hansı addımları atıblar və atırlarsa, eyni addımları Qarabağın dağlıq hissəsində də atırlar. Baxın, müharibə zamanı dağıdılan, pərən-pərən salınan Qarabağdakı separatçı qurumun fəaliyyətini faktiki olaraq bərpa etdilər. Bu, azmış kimi, onlara şərait yaratdılar ki, "Artsax" qalsın. Eyni zamanda, orada rus dilinin "ikinci dövlət dili" edilməsinə imkan verdilər. Qarabağda rus simvollarından ibarət park saldılar, rus ziyalılarının heykəllərini qoydular və s. Bunun ardınca Qarabağda rus icması yaratdılar. Rus icması o deməkdir ki, həmin icmanın üzvləri Rusiya pasportları ilə təmin olunacaqlar. 

Ən əsas təhlükə isə odur ki, Rusiya hərbi birləşmələri, Rusiyanın hərbi qurumları Xocalı şəhərində böyük hərbi baza qururlar. Ümumiyyətlə, biz hələ də bilmirik ki, Qarabağdakı kontingentin sayı nə qədərdir. Onların silahlarının sayını, hansı silahlarının olduğunu bilmirik. Onlar Qarabağda gətirib radioelektron sistemlər quraşdırırlar, PUA-larla mübarizə üzrə hansısa hava hücumundan müdafiə sistemləri yerləşdirirlər. Bunlar sülhməramlı missiyaya, sülhməramlı mandata aid məsələlər deyil.

Daha bir məsələ isə sülhməramlı adlandırılan kontingentin mütəmadi olaraq xəritə manipulyasiyası ilə məşğul olmasıdır. Rusiya Qarabağın dağlıq ərazilərində yeni hücum əməliyyatları hazırlayır. Xüsusilə də, Goranboy və Tərtər istiqamətlərində. Biz bunu bilməliyik. İlk gündən demişəm ki, Hadrut, Şuşa və Kəlbəcər təhdid altındadır. Rusiya kontingentin əli ilə Azərbaycanda ekspansiya siyasətini həyata keçirir. Təəssüf ki, bu hərəkətlərə görə Rusiyaya qəti etiraz edilmir. Bir gün məlum olacaq ki, Qarabağda yaşayanların hamısı Rusiya vətəndaşıdır. Ondan sonra Putinin məlum tezisi işə düşəcək - "Rusiya vətəndaşları harada yaşayırsa, ora Rusiyadır". 

- Azərbaycan Rusiyanın qarşısında hansı şərtləri qoymalıdır?

- Rusiyaya zaman-zaman və mütəmadi olaraq xatırlatmaq lazımdır ki, sülhməramlı adlandırdığı kontingent Azərbaycan ərazisində qeyri-qanuni yerləşib. Onların heç bir hüquqi statusu yoxdur. İkincisi, Rusiya hökumətindən tələb etmək lazımdır ki, hərbçilərin hər addımını Azərbaycanın müvafiq dövlət orqanları ilə razılaşdırsın. Və onların bu addımları necə atmasının Azərbaycan tərəfindən monitorinqi aparılsın. Hər bir səhvin də izahatını verməlidirlər. Təbii ki, sülhməramlı adlandırılan kontingent izahat verməyəcək, amma bütün hallarda bunu sənədləşdirmək lazımdır. Bundan sonra beynəlxalq təşkilatlar qarşısında Rusiya işğalçılarının Azərbaycan ərazisindəki davranışları ilə bağlı məsələ qaldırmaq, beynəlxalq monitorinq tələb etməl lazımdır. Əminəm ki, hazırkı mərhələdə bu monitorinqi aparmaq istəyənlər tapılacaq.

Bir sözlə, Rusiyanı küncə sıxmaq lazımdır. Bunun üçün hesab edirəm ki, əvvəlcə Azərbaycanı Rusiyanın "5-ci kolon"undan, pozucu, diversant, casus, sabotajçı şəbəkəsindən təmizləmək, bu ünsürlərə qarşı amansız olmaq lazımdır. Rusiyanın təsir imkanları minumuma enməlidir. Əks halda, bizi Qazaxıstanın aqibəti gözləyir. Hələ ki, Rusiya siyasətini sakit həyata keçirdiyi üçün Qazaxıstandakı üsullara əl atmır. Amma hansısa mərhələdə Azərbaycan Kremllə razılaşmayacaq ki, bu halda da Rusiya təxminən Qazaxıstan ssenarisinə əl atacaq. Bunun baş verməməsi üçün Rusiyanın Azərbaycandakı köklərini qazımaq lazımdır. Həm də qətiyyətlə, amansızcasına, təxirə salmadan etmək lazımdır.

Müəllif: Anar Bayramoğlu