“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, amma...” – <font color=red> ALEKSANDR RAR</font>

Aktual

01.10.2020 - 23:00

Almaniyalı politoloq: “Türkiyə açıq şəkildə münaqişəyə müdaxilə edərsə, Avropa ölkələrinin baş verənlərlə bağlı mövqeyi dəyişəcək”

 

Almaniya Qarabağdakı münaqişəni dayandırmaq üçün hər şeyi edəcək. Bunu AYNA-ya almaniyalı politoloq Aleksandr Rar deyib.

 

“İndi Alman mətbuatı və siyasətçiləri beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu söyləyirlər, bunu əvvəllər müşahidə etmirdim. Bu mövqeyə, böyük ehtimalla, Krım presedenti təsir edib”, - o bildirib.

 

“Demək olmaz ki, Almaniya tam olaraq Azərbaycanın tərəfini tutur. Almaniya indi Avropa İttifaqına rəhbərlik edir və odur ki, indi bütün Brüssel adından danışır. İttifaq üçün əsas məsələ münaqişənin sülh yolu ilə həll olunmasıdır”, - ekspert vurğulayıb.

 

Rarın sözlərinə görə, hazırda münaqişənin sülh yolu ilə həlli, ümumiyyətlə mümkün deyil: “Bunun səbəbi ATƏT-in dişsiz bir təşkilat olması, Fransada isə Azərbaycandan daha çox Türkiyəyə qarşı güclü bir erməni lobbisinin mövcudluğudur”.

Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin

Müsahibimiz hesab edir ki, Türkiyə açıq şəkildə münaqişəyə müdaxilə edərsə, Almaniyanın baş verənlərlə bağlı mövqeyi dəyişəcək: “Türkiyə münaqişəyə qarışsa, hər şey fərqli olacaq, çünki bütün Avropaya təsir edə biləcək böyük bir müharibə riski yaranacaq. Belə bir vəziyyətdə reaksiya bir qədər fərqli olacaq, Ərdoğan və onun addımları tənqid ediləcək”.

 

Analitik, Avropadakı hər kəsin müharibədən şoka düşdüyünü və hər kəsin tərəflərin razılığa gələcəyini gözlədiyini söyləyib: “Avropa, xüsusən Almaniya, özlərini vasitəçi kimi təqdim edəcək. Hər iki tərəfin də reaksiyasını əvvəlcədən görürəm: deyəcəklər ki, “siz bu 30 il ərzində vasitəçilik etmisiniz”. Bu, çıxılmaz vəziyyətdir. Belə nəticələr çıxarmaq istəməzdim, amma obyektiv olmalıyıq. Hər kəs diplomatik həll istəyir, amma heç kim bunun necə əldə olunacağını bilmir”.

 

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasından danışan politoloq, TŞ üzvlərinin Ermənistanın bu torpaqları Azərbaycana verməli olduğunu söyləmədiyini vurğulayıb: “Hər iki tərəfə müraciət edildi, danışıqlar aparmaq və atəşi dayandırmaq lazım olduğunu söylənildi. Bu qarşıdurma artıq 30 ildir davam edir. Qlobal güclərin də maraqları var. Bu güclər öz aralarında razılaşmalıdır”.

 

“BMT Təhlükəsizlik Şurasından birmənalı qərar gözləmək düz deyil. Bəli, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, lakin bütün qlobal güclər münaqişəni dayandırmağa çalışacaq. Bunun üçün münaqişə tərəflərinin özləri müharibəni dayandırmaq istəmələri üçün onlara effektiv bir təklif etməlidir. İndi isə bunu etmək çox çətindir”, - Rar əlavə edib.

 

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqı bu qarşıdurmanın kəskinləşə və bütün bölgəyə yayıla biləcəyini başa düşür: “Brüssel indi Türkiyənin daha da gücləndiyini, potensialını artırdığını və artıq regional gücə çevrildiyini anlayır. Türkiyənin güclənməsi Avropa İttifaqı və NATO-nun maraqlarına uyğun deyil. Avropalılar həm Azərbaycan, həm də Ermənistanla danışacaqlar, Avropa İttifaqı Türkiyənin münaqişəyə müdaxilə etdiyini görsə, bütün bu danışıqlar Brüssel ilə Ankara arasındakı danışıqlara çevriləcək”.

 

“Türkiyənin bunu istəməsi mümkündür, amma o zaman münaqişə bir Avropa-Türkiyə qarşıdurmasına çevriləcək. Avropa isə bunu istəmir, çünki miqrasiya və təhlükəsizlik məsələlərində Türkiyədən asılıdır. Erməni lobbisinin gücünü də unutmamalıyıq. Yadınızdadırsa, məhz lobbinin vasitəsilə ermənilər o zaman Avropa ölkələrinin "erməni soyqırımı"nı tanımasına nail ola bildilər”, - deyə almaniyalı politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Nicat Hacıyev