“Azərbaycanda parlament demokratiyasına keçilməlidir”

Siyasət

04.06.2020 - 23:09

Fazil Mustafa: ""Parlament müxalifəti" anlayışının önə çıxması Milli Məclis üçün də, dövlətin demokratik imici baxımından da faydalıdır"

 

Azərbaycanda “Parlament müxalifəti” haqqında qanunun qəbulu məsələsi gündəmə gəldikdən sonra, proporsional seçki sisteminin bərpa olunacağı haqqında mülahizələr artıb. Qeyd edək ki, Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təklif edib ki, siyasi partiyaların cəmiyyətdə və dövlətin idarəetməsində təsirlərini artırmaq üçün “Parlament müxalifəti” haqqında qanunun qəbuluna zərurət var.

 

Ekspertlər isə hesab edirlər ki, təklif yaxşı təklifdir, amma bunu reallaşdırmaq, partiyaları gücləndirmək üçün şərait yoxdur. Belə əsaslandırılır ki, faktiki olaraq Milli Məclisdə təmsil olunan müxalif partiya nümayəndələrinin sayı azdır, nəticədə “Parlament müxalifəti” olması, fraksiya yaratması üçün yetərsay alınmır.

 

Bununla yanaşı vurğulanır ki, qanun qəbul etməzdən öncə seçki sistemində dəyişiklik edilməlidir, proporsional sistem bərpa olunmalı, yaxud da qarışıq – həm proporsional, həm də majoritar sistemə keçilməlidir. Ondan sonra partiyaların Milli Məclisdə mandat qazanması şansı çoxalar, deputat sayı artar. O zaman “Parlament müxalifəti” ideyası da nəzərdə tutulduğu kimi reallaşa bilər. Bunun üçün də təbii ki, Konstitusiya dəyişikliyi edilməlidir, referendum keçirilməlidir.

 

Bəzi mülahizələrə görə isə, hökumət məhz bu sadalananları həyata keçirmək niyyətindədir. Ona görə də gözlənilir ki, payızda Konstitusiya dəyişikliyi üçün ümumxalq səsverməsi keçirilsin.

 

AYNA-nın mövzu üzrə suallarını Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa cavablandırıb. Əvvəla qeyd edək ki, o, “proporsional sistem bərpa olunmasa, sözügedən qanunun qəbulu mümkün deyil” fikri ilə razı deyil. Hesab edir ki, Azərbaycanda əvvəl-axır partiya demokratiyasına keçilməlidir. Beləliklə:

 

- Zahid Orucun “Parlament müxalifəti” fikrini mən də dəstəkləyirəm. Bununla bağlı layihəmiz də vardı, keçən sessiyalarda məsələni Milli Məclisdə qaldırdıq, amma məqbul sayılmadı. Belə bir qanun qəbul edilərsə, məncə, çox müsbət addım olar. Biz indiki şəraitdə, əgər istəyiriksə ki, partiya demokratiyası inkişaf etsin, ilk addım Milli Məclisdə dəyişikliklər olmalıdır, necə ki, oldu. Bu çağırış Milli Məclisdə azlıqda qalan partiyalara qanunverici orqanın idarəetməsində müəyyən yerlər verildi. Düşünürəm ki, parlamentdə “azlıq” termini müxalifətçiliyi tam ehtiva etmir. O baxımdan “Parlament müxalifəti” anlayışının önə çıxması Milli Məclis üçün də, dövlətin demokratik imici baxımından da faydalıdır.

- “Parlament müxalifəti” qanunu qəbul ediləcəyi təqdirdə, müxalifətin Milli Məclisdə işi nədən ibarət olacaq? Ümumiyyətlə, xarici təcrübədə belə bir qanun varmı?

 

- İlk öncə “çərçivə qanun” qəbul olunur, orada da bir çox məsələlər göstərilir. Məsələn “Parlament müxalifəti” büdcə məsələsində, digər vacib məsələlərlə bağlı hökumətin layihəsinə alternativ layihə ilə çıxış edir. Milli Məclisin təşkil etdiyi orqanlara seçki zamanı, mütləq “Parlament müxalifəti”nə müəyyən kvota verilir ki, müxalifət həmin seçkiyə namizəd irəli sürə bilsin. Müxtəlif dövlət qurumlarında komissiyalar yaradılır. Məsələn Əfv komissiyası, Korrupsiyaya qarşı mübarizə komissiyası və s. Burada da yenə “Parlament müxalifəti”nin təmsilçiləri olur. Digər yandan da, parlamentdə fraksiya yaratmaq imkanı əldə edilir. Fraksiya üçün müəyyən hüquq tanınır, iclasların keçirilməsi üçün yer ayrılır, şərait yaradılır. Başqa məsələlərdə də “Parlament müxalifəti” üçün kvota nəzərdə tutulur. Məsələn, Qazaxıstan parlamentində iki komitə sədri müxalifətdən olmalıdır. Bir çox ölkələrdə, hətta Büdcə komitəsinin, Hesablama komitəsinin sədrləri müxalifət nümayəndələridir. Demək istədiyim odur ki, bu kimi məsələlərdə daha çox şəffaflıq təmin edilməsi üçün, dövlət orqanlarının səmərəli çalışması üçün “Parlament müxalifəti” anlayışı fayda verir.

 

- Belə bir qanunun qəbulu üçün seçki sisteminin dəyişdirilməsi, proporsional və yaxud da qarışıq sistemin bərpa olunmasının tələb edildiyi söylənilir. Bunun üçün də referendum keçirilməsi lazımdır. “Parlament müxalifəti” qanununu seçki sistemini dəyişdirmədən qəbul etmək mümkündürmü?

 

- Proporsional seçki sisteminin bərpası üçün referendum keçirilməsi mütləqdir. Amma “Parlament müxalifəti” qanununun qəbulu üçün buna ehtiyac yoxdur. Mövcud durumda qanunu qəbul etmək mümkündür. Gələcəkdə proporsional seçki sisteminə keçilərsə, Milli Məclisdə mandatlar partiya siyahısına görə müəyyən olunarsa, o zaman “Parlament müxalifəti” qanununda da dəyişiklik edib, onu yeni sistemə uyğunlaşdırmaq olar. Hazırkı seçki sistemi “Parlament müxalifəti” qanununun qəbuluna əngəl deyil.

Müəllif: Anar Bayramoğlu