“Nüvə təhlükəsizliyi təhdidlərindən narahatıq”

Siyasət

10.02.2020 - 17:18

Elmar Məmmədyarov: “Azərbaycan nüvə və radiasiya tullantılarının ölkəyə gətirilməsini qəti qadağan edən normativ akt və qaydaları qəbul edib

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxış edib. AYNA Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən çıxışın mətnini təqdim edir:

 

“Hörmətli həmsədrlər,

Zati-aliləri,

Xanımlar və cənablar,

 

İlk növbədə, mən Rumıniyanın Xarici İşlər naziri cənab Boqdan Aureskuya və Panama Respublikasının Xarici işlər nazirinin müavini cənab Federiko Alfaroya bu mühüm konfransda bacarıqlı həmsədrliklərinə görə minnətdarlığımı bildirmək istərdim.

 

Biz, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru və bütün işçi heyətinə konfransın təşkilində səylərinə görə minnətdarıq.

 

Fürsətdən istifadə edərək bir daha cənab Rafael Mariano Grossini Baş direktor vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm və səlahiyyətlərinin icrası üçün onunla əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildirirəm.

 

 Cənablar,

 

Azərbaycan nüvə təhlükəsizliyi sahəsində davam edən tendensiyaları yaxından izləyir. Biz mövcud nüvə təhlükəsizliyi təşəbbüslərini dəstəkləyirik və bu sahədə beynəlxalq çoxtərəfli mexanizmlərə xüsusi diqqət yetiririk. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) nüvə silahsızlaşdırılması, yayılmama və nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün qlobal rejimin dayağıdır. Nüvə təhlükəsizliyi, xüsusən nüvə silahlarının yayılması ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşən Azərbaycan, müstəqilliyini əldə etdikdən sonra NSYM-ni ratifikasiya etdi və 1995-ci ildə Müqavilənin müddətsiz uzadılmasını dəstəklədi.

 

Biz mövcud və meydana çıxan nüvə təhlükəsizliyi təhdidlərindən narahatıq və onları həll etməyə sadiqik. Mövcud təhlükəsizlik mühitində nüvə və ya digər radioaktiv materialdan zərərli məqsədlər üçün istifadə edilməsi istisna edilmir. Bu təhdidin qlobal mahiyyəti bütün dövlətlərdən razılaşdırılmış hərəkət tələb edir. NSYM çərçivəsində təminatlar haqqında sazişlərə əməl olunmaması, yayılmamaq rejiminin davamlılığına və üzv dövlətlərin təhlükəsizliyinə təhdid təşkil edir. Bu baxımdan AEBA təminatları beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfədir.

Ayna.az