“Azərbaycan Amerika lobbiçiləri ilə rəqabət aparmalı olacaq”

Siyasət

24.06.2020 - 10:35

Aleksandr Rar: “Avropa İttifaqı “yaşıl inqilabı” dəstəkləməyən ölkələrlə münasibətlərdə müəyyən məsafələr saxlayacaq”

 

Ötən həftə Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfransında iştirak etdi və iştirakçılara – İttifaqa üzv 27 ölkənin liderlərinə, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın yüksək səviyyəli nümayəndələrinə müraciət etdi.

 

Avropa Şurasının Prezidenti Şarl Mişelin sədrlik etdiyi videokonfransda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Diplomatiyasının rəhbəri Josef Borrell də iştirak edirdilər.

 

Aİ “Şərq Tərəfdaşlığı” layihəsinin inkişaf perspektivlərinin AYNA-ya şərh edən almaniyalı politoloq Aleksandr Rarın sözlərinə görə, bu layihə, əsasən Şərqi Avropa ölkələri, Aİ-nin üzvü olan nisbətən yeni tərəfdaşlar, Polşa və Baltikyanı ölkələr tərəfindən dəstəklənir: "Onlar Avropanın kənarında olmaq istəmirlər və Aİ-nin keçmiş SSRİ ərazisinə də genişlənməsini istəyirlər. Digər Avropa ölkələri üçün “Şərq Tərəfdaşlığı” bu gün aktual mövzu deyil. Avropa mətbuatı bu barədə demək olar ki, geniş yazmır, amma Şərqi Avropa ölkələri ilə mübahisə etməmək üçün dünənki kimi zirvə görüşləri zaman-zaman baş tutur”.

Президент Ильхам Алиев прав. Немецкий политолог Александр Рар ...

“Sonuncu sammitdə Avropa İttifaqının bu ölkələri ciddi qəbul etməsi barədə verilən təminatdan başqa heç bir önəmli ideya səslənmədi. Bütün bunların ciddi səbəbləri var. Koronavirus Aİ-yə və onun iqtisadiyyatına o qədər ağır təsir etdi ki, bütün Avropa ölkələrində iqtisadi itkilər hesablanır və hesablamalar aparıldıqca da vəziyyətin daha da ağır olması üzə çıxır. Almaniyanın Aİ-dəki sədrliyi Avropanın iqtisadiyyatının bərpasına yönəldiləcək. Aİ üzvü olmayan ölkələrə kömək edilib-edilməyəcəyi də çox böyük sual altındadır. Şəxsən mən hansısa yardım ediləcəyinə şübhə edirəm, çünki bu gün vəsaitlər heç Aİ-yə üzv dövlətlərə də kifayət etməyə bilər”, - analitik deyib.

 

Rarın dediyinə görə, indi Almaniya və Fransa "yaşıl iqtisadiyyatı" Aİ-nin əsas ideologiyası elan etmək istəyir: "Əslində, bu, Avropadakı insan haqları ilə bağlı məsələlərlə yanaşı olaraq gündəmdədir. Ancaq bu ideologiya çox bahalıdır. Avropanın köhnə ənənəvi iqtisadiyyatını, xüsusən sənayesi kömür və neft üzərində qurulmuş bölgələri, bərpa olunan enerji mənbələri üzərində yenidən qurmaq məcburiyyətində qalacaqlar. Avropa bu istiqamətdə “yaşıl texnologiyalara” keçid üzərində daha çox dayanacaq”.

 

Politoloq əlavə edib ki, "yaşıl texnologiyalar" Avropanın dünya ilə əməkdaşlığının əsas istiqaməti olacaq: "Buna görə “Şərq Tərəfdaşlığı”nın siyasi əhəmiyyəti dəyişəcək. “Şərq Tərəfdaşlığı” ölkələri Aİ-nın ekoloji tərəfdaşı olmaq istəsə, lazımi dəstəyi alacaqlar. “Yaşıl inqilabı” dəstəkləməyən, “yaşıl trendin” onların iqtisadiyyatına sərf etmədiyini deyən ölkələrlə münasibətlərdə müəyyən məsafələr saxlanılacaq”.

 

Azərbaycanla Aİ arasında enerji münasibətlərinin belə bir şəraitdə necə inkişaf edəcəyinə gəldikdə, müsahibimiz hesab edir ki, "yaşıl inqilab" səbəbiylə qanunvericilik və iqtisadi münasibətlər neft və kömür alışından mümkün qədər az asılı olması üzərində köklənəcək: “Kömür və neftdən ekoloji cəhətdən daha təmiz olan qaz keçid müddəti üçün aktual olacaq. Buna görə də yaxın 20-30 il ərzində ekoloji təmiz enerji mənbəyi kimi qaz dövlətlər arasında müəyyən rol oynayacaq”.

 

“Azərbaycan və Rusiya Aİ-də ikinci inqilabın baş verdiyini başa düşməlidir  - indi amerikalılar sıxılmış maye qazını güclə Avropa bazarında möhkəmləndirirlər. Öz biznesmenlərinin yaxşı qazanc əldə etməsində maraqlı olan ABŞ praktiki olaraq hər vasitə ilə Avropanı bütün bölgələrdə onların qazı üçün terminallar qurmağa məcbur edir. Cənub-Şərqi Avropa ölkələri Amerikanın maye qaz istehsalında müttəfiqi olacaq. Şimali Avropa isə bir müddət duruş gətirəcək. Belə ki, orada Norveç və Rusiyanın qazını Avropa ölkələrinə gətirmək üçün çoxdan hazır işlək infrastruktur var. Odur ki, Azərbaycan öz qazını satmaq üçün Cənub-Şərqi Avropa ölkələrində maye qazını satacaq Amerika lobbiçiləri ilə rəqabət aparmalı olacaq”, - A.Rar vurğulayıb.

Müəllif: Nicat Hacıyev