Milli Şuranın şərti var, lakin hakimiyyətin qəbul etməyəcəyindən əmindir

Siyasət

05.12.2019 - 21:54

Həkimlər Klinikalar SEO Xidməti

Tofiq Yaqublu: "Şərtlərimizi qəbul etməyə razı olmayacaqlarını yaxşı bilirik, biz sadəcə öz simamızı qorumaq istəyirik"

 

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Parlamentin buraxılması ilə bağlı qərar qəbul edib. Bundan sonra, Parlamentin dekabrın 2-də keçirilən iclasında, Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilib.

 

Nəticədə dövlət başçısı bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlayıb. Konstitusiya Məhkəməsinin Plenumu bugünkü iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

 

Bu gün isə dövlət başçısı Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

 

Milli Məclisin 2 dekabr qərarının ardınca müxalif Demokratik Qüvvələrin Milli Şurası növbədənkənar parlament seçkiləri ilə əlaqədar bəyanat verdi. Milli Şura hakimiyyəti demokratik seçkilər üçün şərait yaratmağa çağırdı, əks halda seçkiləri boykot edəcəyini bəyan etdi. Milli Şuranın tələblərindən biri hakimiyyət, müxalifət və namizədlərin nümayəndələrinin iştirakı ilə seçki komissiyalarının yenidən formalaşdırılmasıdır.

 

Xatırlatmaq istərdik ki, Azərbaycan Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının (MSK) 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən bir siyasi partiyanı təmsil edir. Digər 6 üzv heç bir siyasi partiyaya aid olmayan (müstəqil) və onların namizədliyini təqdim edən deputatları təmsil edir. MSK-nın daha 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların deputatlarının nümayəndələridir.

 

Sözügedən məcəllənin 30-cu maddəsinə əsasən, dairə seçki komissiyaları (DSK) 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin olunur. Dairə seçki komissiyasının 3 üzvü deputatlarının Milli Məclisdə çoxluq təşkil etdiyi siyasi partiyanı təmsil edir. Komissiyanın 3 üzvü Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Daha 3 üzv isə heç bir siyasi partiyaya aid olmayan deputatları təmsil edir.

 

Müsavat Partiyasının sədri Arif Hacılı, AYNA-ya açıqlamasında Milli Şuranın şərtlərini dəstəkləyib: “Seçki komissiyalarının tərkibi Milli Məclisə üzv olmaq üçün müraciət edənlər arasında etimad yaratmalıdır. 2000-ci ildə biz seçki komissiyalarının bərabərlik əsasında qurulması təklifi ilə çıxış etdik. Seçki komissiyasına inamsızlıq seçkilərin nəticələrini şübhə altına alır”.

 

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə hesab edir ki, Milli Şura müxtəlif bəhanələrlə seçkilərdə iştirak etməməyə çalışır: “Milli Şura üzvləri yaxşı bilirlər ki, Milli Məclis buraxıldığı gün onların təkliflərini müzakirə etməyəcək. Sadəcə seçkidə iştirak etmək istəmirlər”.

 

AYNA-ya danışan Milli Şura üzvü Tofiq Yaqublu isə deyib ki, onların tələbi qəbul olunarsa, o zaman seçki komissiyaları bir partiyanın inhisarından çıxacaq: “İstəyirik ki, hakimiyyət və müxalifət bir-birilərinə nəzarət etsin və istənilən faktları ələ keçirmək mümkünsüz olsun. Buna görə də 6 üzvdən ibarət dairə seçki komissiyalarının yaradılmasını təklif edirik. Komissiyanın 2 üzvü müxalifəti təmsil edəcək. Səlahiyyətlilər də 2 üzvlə təmsil olunacaqlar. Namizədlərin nümayəndələrinə də 2 yer veriləcək".

 

Tofiq Yaqublu bildirib ki, Milli Şura hakimiyyətin onların irəli sürdükləri şərtləri qəbul etməyə razı olmayacağını yaxşı bilir: "Biz, sadəcə öz simamızı qorumaq istəyirik".

Müəllif: Rəşad Rüstəmov