Ay nənə, ver əlini öpüm – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

03.02.2020 - 10:22

Rayondan görüşdən qayıdarkən, yolüstü restoranların birində şam edən namizəd öz-özünə fikirləşir ki, nə yaxşı elədim...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu həftənin sonu Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq neçə müddətdir ki, deputatlığa namizədlər düşüblər şəhər və rayonların canına: kimi deyir, “yol çəkdirəcəm”, kimi deyir, “su çəkdirəcəm”, kimi də deyir ki, “qaz və su məsələsində sizin probleminiz olmayacaq”.

 

Mən hesab edirəm ki, bütün bu deyilənləri bir sözlə ifadə etmək olar – biabırçılıq. Və bu biabırçılığın günahı təkcə namizədlərdə deyil. Axı niyə? İzah edim.

İstənilən deputatlığa namizədin xalqın istədiyi, arzuladığı, problem saydığı məsələləri dilə gətirməyi təbiidir. Çünki əhalimiz, dövlət strukturlarına, xüsusən də deputatlığa namizədlərə inanmayan əhalimiz ancaq belə şeylərə inanır. İnanır ki, bu namizəd deputat olana qədər nə iş gördü, gördü, görmədisə, bu problem daha 5 il getdi işinin dalınca. Odur ki, insanların namizədlərdən sosial problemlərin həllini tələb etməsi tam təbii haldır.

 

Düzdür, bəzi namizədlər deyirlər ki, onlar yol çəkən, su çəkən deyillər və qanunverici hakimiyyətdəki səlahiyyətləri vasitəsilə onların problemlərini qaldıracaqlar. Amma əhali buna inanmır. Niyə də inansın ki? Tutaq ki, Qazax rayonunda yaşayan seçici ilə, Yardımlıda yaşayan seçicini ancaq bir fikir birləşdirir: görəsən, bu namizəd deputat seçilənə qədər, mənim hansı problemimi həll edəcək? Çünki o da bilir ki, seçildi – qurtardı!

 

O gün Avropa ölkələrindən birində keçirilən seçkilərdə seçicinin namizədə verdiyi sualı dinləyirəm: “Siz deputat seçilsəniz, dünyada qlobal iqlim dəyişikliyi, isitiləşmənin qarşını almaq üçün nə edəcəksiniz? Hansı qanun layihəsini dəstəkləyəcək və ya hazırlayacaqsınız ki, gələcək nəsillərimiz bu problemdən əziyyət çəkməsin?” Namizəd də öz platformasını açıqlayır və deyir ki, “mən çalışacam ki, Avropa ərzzisində qlobal iqlim dəyişikliyinin fəsadlarını azaltmaq üçün bu işdə rolu olan filan avtomobil şirkətini məcbur edim ki, pensiyaçılara filan qədər vəsait köçürsün”. Məbləğ kifayət qədər sanballı məbləğ idi. Köçürsün ki, bu addım da həmin şirkətlərin rəhbərliyini düşündürsün.

 

Fərqə baxın. Bütün problmləri həll edilmiş avropalı təqaüdçü bütün qitənin qeydinə qalmağı tələb edir. Bizimkilər isə ancaq öz pensiyalarını düşünürlər. Çünki, 45 il bir müəssisədə işlədikdən sonra 300 manat pensiya ilə yaşamaq hər adamın işi deyil.

 

İndi bizim əksəriyyəti korrupsiyaya bulaşmış, seçiciləri yaddan çıxarmış namizədlər 5 ildən sonra gəliblər ki, ay Pakizə nənə, ver əlini öpüm.  Nənə yazıq da neynəsin, bütün kameralar ona tuşlanıb. Uzadır əlini. Bu deputat-namizəd də öpür. Bəlkə də hansısa rayondan görüşdən qayıdarkən, yolüstü restoranların birində şam edən namizəd öz-özünə fikirləşir ki, nə yaxşı piar elədim - arvadın əlini öpdüm. Hamı inandı ki, mən də sadə xalqdan biriyəm!

 

Amma əziz namizədlər! Nə dövr həmin dövrdür, nə də camaat. Siz Pakizə nənənin əlindən öpməyin, ona kəndə yol çəkmək sözü verməyin. Ondansa, seçiləndən sonra Pakizə arvadın yanına hazır məhsulla gəlin – “ay nənə, mən məsələ qaldırdım, nail oldum ki, sənin 45-50 il çalışdıqdan sonra pensiyan 1000 manat oldu”.

 

Bax onda, 5 ildən sonra artıq bu arvadın əlini kamera qarşısında öpməyə lüzum qalmayacaq. Bu qadının bütün nəsli sizə səs verəcək. Lap uzağı seçki təbliğatı dövründə sizə sual verəcək ki, Yevlax rayonunu bildik, bəs bütün Azərbaycanda iqlim dəyişikliyinin qarşısını almaq, yaşıllaşdırmaq üçün nə planlarınız var? Sual ritorik olsa da, eyham, mənə elə gəlir ki, aydındır.

Müəllif: Yoldaş Mircəfər