“Artıq müharibəyə, qurbanlara, silah səslərinə alışmışıq”

Aktual

01.09.2023 - 10:27

Tofiq Aslanlı: “Ukrayna xalqı təkcə özü üçün deyil, Rusiyanın əsarətindən qurtulmaq istəyən bütün xalqların uğrunda döyüşür”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Qərb dövlətləri Ukraynanı silah və texnika ilə təchiz edir, Rusiyaya qarşı isə çoxvektorlu sanksiyalar tətbiq olunur. Lakin görünən odur ki, müharibə hələ uzun müddət davam edəcək. Çünki Ukraynaya dəstək yetərli deyil və Qərb müharibənin uzanmasına, tərəflərin bir-birini daha çox zəiflətməsinə çalışır.

Ukraynada yaşayan soydaşımız Tofiq Aslanlı AYNA-ya müsahibəsində Rusiya-Ukrayna müharibəsinin gedişi, Ukraynada yaşayan azərbaycanlıların durumu və digər mövzular ətrafında danışıb.

- Rusiya-Ukrayna müharibəsi artıq bir il yarımdır davam edir. Hazırda ölkədə vəziyyət nə yerdədir?

- Tam səmimi şəkildə söyləmək istəyirəm ki, ukraynalılar Rusiyaya qalib gələcəklərinə inanırlar. Baxmayaraq ki, qarşıda böyük bir imperiya dövləti dayanıb, Qərbin dəstəyi yetərli səviyyədə deyil, yenə də müharibənin ilk günlərindən bu inam Ukrayna cəmiyyətini bir an belə, tərk etməyib. Bu ümid Ukraynada yaşayan miqrantlar arasında da hökm sürür. Müharibənin törətdiyi fəsadlara baxmayaraq, onlar Ukraynanı tərk etmək barədə düşünmürlər.

Ukraynanın hər yerində müharibə getmir. Bəzi ərazilərdə şiddətli döyüşlər getsə də, bəzi bölgələr müharibənin alovundan kənardadır. Lakin onlar da bu prosesə öz dəstəyini nümayiş etdirirlər. Ukraynalılar əmindirlər ki, müharibədə məğlub olsalar, yenidən Rusiyanın təsiri altına qayıdacaqlar. Və bunu təsəvvür belə, etmək istəmirlər.

Rusiyada isə əhali Ukraynaya qarşı döyüşmək istəmir, gənclər müharibədə iştirak etməkdən yayınmaq üçün Rusiyanı tərk edirlər. Rusiya ilə Ukraynanın fərqi də elə budur. Birincidə hakimiyyət əhalinin müqavimətini təşkil edə bilmir, ikincidə insanlar ağır məhrumiyyətlər altında səbirsizliklə müharibədə qalib gələcəkləri günü gözləyirlər.

Konkret sualınıza gəldikdə, sosial-iqtisadi vəziyyət ürəkaçan səviyyədə olmasa da, ukraynalılar buna təbii yanaşırlar. Hesab edirlər ki, bu, müharibənin fəsadlarıdır və qalib gələndən sonra hər şey bitəcək. Onlar Ukraynanın Avropa Birliyinə üzv olacağına və möhtəşəm gələcəyə inanırlar. İnsanlar canları-qanları bahasına bu tarixi qələbəyə investisiya qoyurlar.

- Qeyd etdiniz ki, azərbaycanlılar da ukraynalılarla həmrəylik nümayiş etdirirlər. Bu dəstək davam edirmi və soydaşlarımız arasında koordinasiya hansı formada həyata keçirilir?

- Bir daha söyləmək istəyirəm ki, Ukraynada yaşayan soydaşlarımızın əksəriyyəti Ukraynanı tərk etmək niyyətində deyil. Onlar da ukraynalılar kimi, bu müharibənin bitəcəyinə inanırlar. Əslində, Rusiya təkcə Ukrayna üçün yox, postsovet məkanı üçün təhlükədir. Məhz Rusiya amilinə görə dünyadan təcrid olunmuşuq. Rusiyanın nəzarətindən çıxmaq, müasir dünyaya açılmaq bütün keçmiş ittifaq ölkələrinin vətəndaşlarının arzusudur. Bu ortaq məqamlar Ukraynada yaşayan azərbaycanlıları da ruhlandırır.

Düzdür, müharibənin ilkin dövrlərində ümidsizlik vardı. İnsanlar, eləcə də soydaşlarımız proseslərin hansı şəkildə cərayan edəcəyini proqnozlaşdıra bilmirdilər. Qorxu var idi ki, Rusiya birdən qalib gələr. Artıq bu, mümkün deyil. Bir də ki, müharibənin bir qaydası var və zamanla buna adaptasiya olursan. Artıq əvvəlki qorxu və təlaş da yoxdur. O ki qaldı soydaşlarımız arasında münasibətlərin səviyyəsinə, bu, davam edir. Vaxtaşırı olaraq görüşür, müzakirələr aparır və Ukrayna müharibəsinə öz töhfəmizi verməyə çalışırıq.

- Müharibə özü ilə bərabər fəlakətlər də gətirir. İnfrastruktur dağılır, iqtisadi böhran yaşanır. Ukraynada sosial-iqtisadi durum necədir?

- Təbii ki, sosial-iqtisadi vəziyyət yaxşı deyil. Əslində, elə müharibədən qabaq da Ukraynada sosial durum yüksək səviyyədə deyildi. Müharibədən sonra vəziyyət daha da pisləşməyə doğru getdi. Rusiya Ukraynanın enerji sistemini sıradan çıxarmağa və bununla da ölkəni dərin böhrana sürükləməyə çalışırdı. Bu məqsədlə müxtəlif təxribatlar da həyata keçirdilər. Lakin buna müvəffəq olmadılar. Ukraynaya beynəlxalq dəstək var. Əhaliyə müəyyən yardımlar olur. Müharibənin psixoloji təsirləri azalıb. Artıq burada yaşayan insanlar müharibənin fəsadlarına, qurbanlarına, silah səslərinə alışıblar. Ümid edirlər ki, bu müharibənin də bir sonu olacaq. Bu son isə özü ilə bərabər qüdrətli Ukrayna dövlətinin əsasını qoyacaq. Ukrayna bu gün ağır iqtisadi məhrumiyyətlər altında təkcə özü üçün deyil, Rusiyanın əsarətindən qurtulmaq istəyən xalqların, dövlətlərin də uğrunda döyüşür.

- Müharibə başlayanda Ukraynanı tərk edən soydaşlarımız oldu. Onlar geri qayıtdılarmı? Yoxsa artıq Ukraynada yaşamaq istəmirlər?

- Təkcə azərbaycanlılar və digər millətlərin nümayəndələri deyil, ukraynalılar arasında da ölkəni tərk edənlər oldu. Müharibə şəraitində bunlar təbiidir. Onlardan bəziləri geri qayıtdılar, bəziləri isə hələ də müharibənin bitməsini gözləyirlər. Hamıdan eyni cəsarəti tələb etmək olmaz. Amma bir məqam da var ki, artıq müharibədə üstünlük Rusiyanın tərəfində deyil. Rusiya böyük itkilərə məruz qalıb. Resursları tükənir və əvvəlki qaydada Ukraynanı vura bilmir. Ukraynanın hava hücumundan müdafiə sistemləri güclənib.

İki ilə yaxındır ki, müharibə davam edir və Rusiya əhəmiyyətli nəticə əldə etməyib. Hansı ki, qısa müddətə Kiyevi təslim edəcəklərini düşünürdülər. Təsəvvür edin ki, Ukrayna milyonlarla itki verib, amma geri çəkilmir. Belə bir şəraitdə Ukraynanı məğlub edəcəyini düşünmək və ehtimal etmək utopiyadan başqa bir şey deyil. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, bu müharibənin qalibi Ukrayna olacaq. Biz buna inanırıq.

QEYD

Bu yazı AB-nin dəstəyi ilə hazırlanmışdır. Onun kontentinə AB benefisiarı olan "Ayna" cavabdehdir. Yazılanlar AB mövqeyi ilə üst-üstə düşməyə bilər.

Müəllif: Azər Niftiyev