Erməni əsirlərə kim atəş açıb – <font color=red> Qalmaqallı videonun izi ilə</font>

Aktual

16.10.2020 - 15:55

Süjetdə ciddi şübhələr oyadan, həqiqətə bənzəməyən nələr görmək olur?

 

Oktyabrın 15-də sosial şəbəkələrdə bir video yayılıb: orada Azərbaycan əsgərlərinin erməni bayraqlarına bürünmüş iki hərbi əsiri necə güllələdikləri nümayiş etdirilir.

 

Erməni tərəfin buna reaksiyası ani və çox güclü oldu. Cinayət əməlini deputatlar, hüquq müdafiəçiləri qətiyyətlə pislədilər. Yerevanda Baş Prokurorluq cinayət işi açdı. Ermənistan Ombudsmanı bəyan etdi ki, “Azərbaycan hərbçiləri insanları maksimum dərəcədə alçaldırlar, sonra isə görünməmiş qəddarlıqla amansızcasına öldürürlər. Azərbaycan hərbi qüvvələrinin nümayəndələrinin sözlərindən və davranışından nifrət yağır”.

 

O, həm də əlavə edib ki, video və fotomateriallar təkzibolunmaz faktlar kimi artıq lazımi hüquqi qaydada sənədləşdirilib, günü sabah müvafiq izahatlarla beynəlxalq təşkilatlara göndəriləcək.

 

Azərbaycanın Müdafiə Nazirliyi isə məlumat yayıb ki, bu video saxtadır, təbliğat məqsədi daşıyır və onun ordusunun həbçilərinə heç bir aidiyyəti yoxdur.

 

Hər şeydən əvvəl, adama qəribə gələn budur ki, əsgərlər, doğrudan belə bir qeyri-insani əməl törədiblərsə, niyə onu nəinki videoya çəkiblər, hətta kadrları sosial şəbəkələrdə yerləşdiriblər? Axı onlar başa düşməlidirlər ki, əsirlərlə bu cür davranış bütün qanunların və beynəlxalq normaların kobud şəkildə pozulması deməkdir və aşkar edildikdə ciddi şəkildə cəzalandırılacaq. Buna görə, biz videonun sosial şəbəkələrə necə çıxdığını araşdırmağa, kadrları mümkün qədər detallı şəkildə incələməyə çalışdıq.

 

Videodakı bütün səhnə iki, demək olar, müstəqil hissələrdən ibarətdir. Birincisi – ermənilərin əsir götürülməsi, ikincisi – onların başqa yerə aparılıb, güllələnməsi səhnələri. Maraqlıdır ki, əvvəlcə birinci hissə ayrıca yayılıb. Bunun kim tərəfindən və harada edildiyini söyləmək çətindir, amma azərbaycanlılar dərhal süjetə diqqət yetiriblər və özlərinin sosial şəbəkələrdəki səhifələrində onu fəal paylaşmağa başlayıblar.

 

“Tələ” öz işini görüb: şanlı ordu əsgərlərimizin növbəti yaşayış məntəqəsini azad etməsi və üstəlik, düşmənləri əsir götürməsi səhnələrini kim bölüşmək istəməz! Ancaq onlar bilməyiblər ki, hələ bunun ardı gələcək! Tezliklə videonun ikinci, az müddətdən sonra isə bütöv variantı yayılıb və burada erməni döyüşçülərinin necə tutulması, əzab verilib, güllələnməsi səhnələri tam əksini tapıb. Montaj edilmiş versiyanın müəllifinin kim olduğunu da müəyyənləşdirmək çətindir, postların əksəriyyətində ilkin mənbəyə istinad yoxdur. Olan istinadlarda isə yalnız erməni adları çəkilir. Məsələn, Цензор.НЕТ göstərir ki, güllələnmə kadrlarını Tigran Avakian adlı bir istifadəçi öz səhifəsində yerləşdirib.

 

Bəs, bu süjetdə ciddi şübhələr oyadan, həqiqətə bənzəməyən nələr görmək olur?

 

Əsgərlər öz aralarında azərbaycanca danışırlar, əsirlərə əmrləri isə rus dilində verirlər. Bakı ermənilərinin çoxdan unutduğumuz ləhcəsi dərhal qulağa dəyir, amma indi bunu, təbii, çox az adam hiss edə bilər. Hərbçilərin geyimlərində onların hansı tərəfdən olduqlarını ayırd etməyə imkan verən nişanə yoxdur. Və birdən kadrın küncündə paltarının qolunda bayraq olan döyüşçü görünür. Bu ki erməni bayrağının tanış rəngləridir! Yəni, biz inanmalıyıq ki, Azərbaycan əsgəri döyüşə düşmən paltarında gedir?!

Əsirlərin güllələnməzdən öncə oturduqları alçaq daş hasarın arxasında, divarda baş hərflərlə “088 QARABAğ AZƏRBAYGAN” yazılıb. Aydındır ki, bu yazının da videoda öz xüsusi məna yükü var. Ancaq problem ondadır ki, latın qrafikasında “Ğ” və “C” baş hərfləri başqa cür işarə olunur. İndi biz ona da inanmalıyıq ki, Azərbaycan əsgəri uğrunda ölümə getdiyi müqəddəs sözləri düzgün yaza bilmir?

Video əsasında MilitaryMaps-in köməyi ilə aşkarlanmış geolokasiyaya görə, əsirgötürmə və güllələnmə əməliyyatı Hadrutda baş verib. Dəqiq nöqtələr aşağıdakı xəritənin üzərində qeyd edilib. Amma belədirsə, deməli, həmin vaxtda artıq Hadrut Azərbaycan Ordusunun tam nəzarətində olub? Çünki xəritədən göründüyü kimi, əsgərlər əsirlərlə birgə şəhərin bu başından o başınadək yol keçiblər. Bunu isə ermənilər qətiyyətlə inkar edirdilər. Erməni mənbələri öz şərhlərində belə bir versiya da irəli sürürlər ki, videodakı əsgərlər azərbaycanlıların xüsusi təyinatlılarıdır, onlar əvvəlcə Hadruta soxulub, ardınca erməni ordusunun əks-həmləsi ilə şəhərdən qovulublar.

 

Di gəl, bu kadrlardan xüsusi təyinatlıların heç iyi də gəlmir. Əsgərlər arasında intizamsızlıq, boşboğazlıq hökm sürür, bir əmri on dəfə təkrar etmək lazım gəlir (“sağ-solu gözdeyin”, “sağ-solu…”, “sağ-solu…”, “sağ-solu…”). Güllələnmə anında komandir “başı nişan almağı” əmr edir, əsgərlər ona “Oldu!” yox, “Oha” cavabı verir, sonra isə başdan başqa, hara desən atəş açırlar. Yarı uzanıqlı, az qala huşsuz vəziyyətdə olan yaşlı ermənini yaxın məsafədən atılan saysız-hesabsız güllələr arxaya yıxmır, o, bütün fizika qanunlarının əksinə olaraq, qabağa əyilib asfalta döşənir.

Xüsusi təyinatlıların kim olduqlarını bilən, Qarabağ, Çeçenistan, Tacikistan müharibələrini, qırğız-özbək qırğınını görmüş bir adam kimi deyə bilərəm ki, bütün bunlar qansız və real qurbanlarsız qurama səhnəyə bənzəyir. Yox, əgər qurbanlar olubsa, düşünürəm ki, bugünədək Hadrutu əldən verdiyini etiraf etməmiş erməni ordusu onları dünyaya təqdim edəcək. Yoxsa, deyəcək ki, şəhərdən qaçanda Azərbaycan əsgərləri əsirlərin meyitlərini də çiyinlərində dağlara aparıblar?..

 

Ayxan,

Pressklub.az

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə