ADR “vaksini” – dövlətimizin gələcəyi “buster”dən asılıdır

Aktual

09.01.2022 - 16:24

Biz millət və toplum olaraq Xəzərin o tayındakı qardaşlarımızdan daha üstün durumdayıq

Dünyanın müxtəlif yerlərində, əsas da yanı-başımızda xalqların haqlı etirazları baş verərkən, məni ən çox məyus edən məsələlərdən biri odur ki, bəzi siyasi xadimlər, vətəndaş cəmiyyətinin bəzi nümayəndələri, bəzi sıravi vətəndaşlar, “filan xalq kimi də olmadıq”, - deyərək xalqımızı aşağılamağa çalışırlar. Hətta “ərab baharı” zamanı da bunu çox gördük-eşitdik, o “ərəb baharı” ki, tam fiaskoya uğradı, xalqlara zülm, daha böyük dərdlər gətirdi, avtoritarizmin möhkəmlənməsinə, daxili münaqişələrin artmasına, hətta vətəndaş müharibələrinə səbəb oldu.

Məsələn, Liviyada bir dəli diktator var idi, indi yüzlərlə dəli qəbilə başçısı yaranıb. Əvvəl bir diktator camaatın qanını içirdi, indi hər kəndin, qəsəbənin, şəhərin öz diktatoru var, əvvəl bir tək Qəddafinin adamlarının əlində güc, silah, repressiya aparatı var idi, indi yüzlərlə diktatorcuklar meydana gəlib, hərəsi bir xarici ölkəyə xidmət edərək xalqa zülm edirlər.

Suriyada diktator Bəşər Əsəd daha da gücləndi, amma ölkə faktiki min parça oldu, müstəqilliyini tam itirdi, İraqda vəziyyət eynidir, Misirdə Hüsnü Mübarəkin yerinə ondan da betər hərbi diktator gəldi. Bir tək Tunisdə proses ağsaq da olsa, düzgün istiqamətdə gedirdi, amma orda da artıq diktatura yenidən bərqərar olur. Amma xatırlayın, o zamanlar bəziləri “ərəblər qədər də olmadıq”, deyib hay-həşir salırdılar, xalqı aşağılayırdılar.

Amma yanı-başımızda olan Ukrayna, Gürcüstan, Moldova və Ermənistanda vəziyyət başqa cür oldu – indi Qazaxstanda Rusiyanın oyun qurduğuna inanmaq, aşkar faktları görmək istəməyən bəzi siyasi-ictimai insanlar var ki, özlərindən arqument kəşf ediblər, “Əgər Rusiya bunu Qazaxstanda edirsə, niyə Ukraynada, Gürcüstanda, Ermənistanda etmir, axı onlar daha çox Qərbpərəst siyasət yürüdərək Moskvanın əlehinə gedirlər”. İlk baxışdan maraqlı “arqumentə” bənzəsə də, tamamən içi boş sözlərdir:

1) Moskva zatən hər 4 ölkəni cazalandırıb – 3 ölkənin ərazisini işğal edib, Ermənistanda isə Ordumuzun hərbi qələbəsindən sonra mitinqlər də təşkil etdi, seçkilər yolu isə də təzyiqlərini artırdı, müharibədə bizə noyabrın 9-na qədər mane olmadı.

2) Hər 4 ölkədə institutsional olaraq müxalifət, sivil toplum, media ayaqda idi, ayaqdadır və belə ölkələrdə Kremlin hər istədiyini tam yerinə yetirmək mümkün olmur, işlək institutlar təzyiqləri amortizasiya etməyə imkan və fürsət yaradır.

3) Qazaxstan müsəlman-türk respublikası olduğu üçün Kreml orada daha sərt, daha qəddar davrana bilir.

Gələk bizim məmləkətə: Bizim tariximizdə fəxr, güvən, istinad nöqtəmiz olan ADR olub, bu çox vacib faktdır. Xəzərin o tayında yaranmış respublikaların belə tarixi istinad nöqtələri olmayıb. Millətimizin tarixi yaddaşına ADR çox vacib “vaksin” rolunu oynayıb deyə, biz millət və toplum olaraq Xəzərin o tayındakı qardaşlarımızdan daha üstün durumdayıq.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan hakimiyyətinin bütün cəhdlərinə, avtoritarizminə, basqılarına, təqiblərinə baxmayaraq ADR “vaksini” və müxalif siyasi partiyalarda, sivil toplumda, mediada olan fədakar insanlar hesabına müxalif düşüncə tam məhv edilmədi, zəifləsə də, basqılara məruz qalsa da, Əliyevlərin təzyiqləri altına düşsə də, institutsional olaraq müxalif düşərgə ayaqda qala bildi. Məhz bu faktora görə bizdə heç vaxt Qazaxstandakı kimi xaos ola bilməz, inşallah da olmayacaq.

Azərbaycan iqtidarı müxalif institutları əzmək əvəzinə onların dayanıqlı və sivil qaydada ayaqda qalmasında maraqlı olmalıdır, çünki məhz belə institutlar xaosun qarşısını kəsən ən vacib amilə çevrilirlər. Ərəb coğrafiyasında, Xəzərin o tayında institutlaşmış müxalifətin olmaması xaosun əsas səbəblərindən biridir.

Müxalifət olaraq bizim də üzərimizə düşən odur ki, yanı-başımızda olan hadisələri anlamağa intellektimiz yetsin, bayağı sözlərlə xalqı aşağılamayaq, tək müxalifət yox, alternativ olduğumuzu da ortalığa qoymağı bacaraq – bu zaman ölkədə sivil siyasət üçün alan genişlənəcək, “təqlidçi” siyasət modelindən uzaqlaşacağıq, daha nə narıncı qalstuk taxmağa, nə də gül-çiçəyi simvola çevirməyə ehtiyac qalmayacaq.

Amma hər bir halda ən böyük məsuliyyət hakimiyyətin üzərindədir – ADR “vaksinini” doğru oxumalı, sistem dəyişikliyinə getməyin vacibliyini anlamalı, yeni sivil Konstitutsiyanın məmləkətimiz üçün ADR “vaksinindən” sonra lazımlı və vacib “buster” rolunu oynayacağını dərk etməlidir. Dövlətimizin gələcəyi, müstəqilliyimizin qorunması məhz bu “busterdən” asılıdır...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert