“2022-ci il bahalaşma ili kimi yadda qalacaq”

İqtisadiyyat

31.12.2022 - 10:13

Ekspert: “Yeni ildə maaş, pensiya və sosial ödənişlər artırılacaq”

Pərviz Heydərov: “İl ərzində bahalaşma nəinki səngimədi, əksinə hər keçən müddətdə bir az sürətləndi”

2022-ci ilin son gününü yaşayırıq. Yola saldığımız il mühüm hadisələrlə yadda qaldı. Regionun siyasi mənzərəsi gərginlk, qonşu dövlətlərdə təlatümlər, müharibələr, kütləvi etirazlar davam etdi.

2022-ci il iqtisadi baxımdan da ölkəmiz və dünya üçün fərqli bir il oldu. Kəskin qiymət artımları, kütləvi miqrant axınları 2022-ci ilin əsas iqtisadi mənzərəsiydi.

İqtisadçı ekspert Pərviz Heydərov AYNA-ya müsahibəsində 2022-ci ilin iqtisadi yekunları və 2023-cü illə bağlı gözləntilərindən danışıb.

- 2022-ci ili başa vurmağımıza sayılı günlər qalır. İlin iqtisadi yekunları necə dəyərləndirirsiniz?

- Məlumdur ki, Azərbaycan hökuməti 2019-cu ildən sonra sosial artımlara getdi. Bu, iki illik fasilədən sonra baş verirdi. Yol saldığımız il maaş və pensiyalar artırıldı. Nəticə etibarilə 2 milyondan artıq vətəndaşın gəlirləri artdı, bu da 1,5 milyard manat vəsaitin bu sahəyə yönəldilməsi demək idi. Misal üçün, minimum əmək haqqı 300 manata, pensiyaların minimum məbləği isə 240 manat çatdırıldı.

2022-ci il elektroenergetika sahəsində inqilabi addımlar ili kimi yadda qaldı. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda bir neçə elektrik stansiyası istifadəyə verildi, iki ölkə ilə müqavilələr imzalandı. Söhbət təbii ki, bərpa olunan enerjidən gedir. Buna qədər bizi neft və qaza görə enerji ölkəsi kimi tanıyırdılarsa, artıq bu siyahıya elektrik enerjisi də daxil olmağa başladı. Bu, kifayət qədər mühüm və ciddi amildir və 2022-ci ilin ciddi iqtisadi uğurları siyahısına aid edilə bilər. Azərbaycanın enerji təhlükəsizliyi, habelə ixrac baxımında bu müstəsna əhəmiyyət kəsb edir.

Dünya miqyasında baş verən iqtisadi çəkişmələr və embaqrolar alternativ qaz mənbələrinə, eləcə də Azərbaycan qazına xüsusi maraq yaradıb. Bu baxımdan 2022-ci ili qaz ixracı baxımından da uğurlu il adlandırmaq olar. Zamanında Azərbaycanın neft və qaz ehtiyatlarına ciddi yanaşmayanlar bu gün özləri də bunun əhəmiyyətini etiraf edirlər. Avropa Komissiyasının Prezidenti ilə Bakıda qitəyə təchizatını iki dəfəyədək artırmaq barədə Memorandumun imzalanması ilin ciddi iqtisadi hadisələrindən biridir.

Qeyd edim ki, ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib və bunun təxminən 8 milyard kubmetri Avropaya ixrac olunub. 2022-ci ildə 22 milyard kubmetr qaz ixrac olunub ki, bunun da 11 milyard kubmetrini Avropa alıb. 2023-cü ildə təbii qaz ixracı 24 milyard kubmetr təşkil edəcək və 11 milyard kubmetr hissəsi Avropaya nəql olunacaq.

- İşğaldan azad olunmuş torpaqlarımızın bərpası baxımından 2022-ci il yaddaqalan oldu. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?

- Heç şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra işğaldan azad edilən torpaqlarımızın bərpası qarşıda duran əsas hədəflərdən biri idi. İşğal altında olan torpaqlarımız düşmən  tərəfindən xarabalığa çevrilmişdi. Daşı daş üstündə qoymamışdılar. Təbii ki, o ərazilərin bərpası bir-iki ilin işi deyil. Bunun üçün zamana ehtiyac var. Lakin açıq şəkildə söyləmək olar ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası istiqamətində işlər sürətlə davam edir. 2022-ci il də bu baxımdan əlamətdar oldu. Füzuli Beynəlxalq Hava Limanından sonra növbəti beynəlxalq hava limanı - Zəngilan Beynəlxalq Hava Limanının açılışı diqqətdən yayına bilməz. 18 ay ərzində inşa olunub istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı müasir dünya standartlarına uyğun qiymətləndirilir. Və bu hava limanı Zəngəzur dəhlizi üzrə ən mühüm hava nəqliyyatı infrastrukturu rolunu oynayacaq. Digər həyata keçirilən layihələri, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrini də bura əlavə etsək, görülən işləri müsbət qiymətləndirmə olar.

- Başa vurduğumuz ilin uğurlarından danışdıq. Bəs iqtisadi baxımdan 2022-ci il hansı geriləmələrlə yadda qaldı?

- Bu il bütün dünyada olduğu kimi Azərbaycanda da qiymətlərdə kəskin artımlar baş verdi və bu proses davam edir. İl ərzində bahalaşma nəinki səngimədi, əksinə hər keçən müddətdə bir az sürətləndi. Aydın şəkildə söyləmək olar ki, 2022-ci il son illərin ən ciddi bahalaşma ili olaraq xatirələrdə qalacaq. Bahalaşma dalğası təkcə bizimlə əlaqədar deyil və daxili amillərdən qaynaqlanmır. Bu səbəbdən hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, ümumi tendensiyadan gedir.

Müharibələr, beynəlxalq münasibətlər sistemində gərginliklər, iqtisadi böhran davam edir və bu baxımdan bahalaşma da davam edəcək. Müsbət tendensiya müşahidə olunmur və vəziyyətin ciddiliyindən xəbər verir. Bahalaşma o vaxt səngiyəcək ki, proses qlobal miqyasda dayanacaq. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının - ərzağın qiymət yüksəlişi hələ davam edəcək. Odur ki, hesab edirəm, mütləq şəkildə, birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə desəm, realizə imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır.

- 2023-cü illə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Yeni ildə maaş, pensiya və sosial ödənişlər artırılacaq. Ancaq 2023-cü il təkcə bununla deyil, daha böyük iqtisadi uğurlarla yadda qalacaq. Çünki yeni ili kifayət qədər sabit və möhkəm makroiqtisadi vəziyyət, bunun üzərində artımı ciddi şəkildə dəstəkləmək və onu daha da genişləndirə bilmək imkanları ilə qarşılayırıq. Bu mənada qənaətim yüksəkdir. Amma bahalşmanın da davam edəcəyi gözlənilir. Hələlik bu qədər.

Müəllif: Azər Niftiyev