“Təhlükəsizlik Şurasının hərəkətsizliyi ABŞ-a yeni hücumlar etməyə imkan verir”
“BMT Təhlükəsizlik Şurası ABŞ-ın İranda mülki infrastruktur obyektlərinə hücum edərək müharibə cinayətləri törətməsinə biganə yanaşır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözlər İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT Təhlükəsizlik Şurasının Baş katibinə və prezidentinə göndərdiyi məktubda əksini tapıb.
Məktubda deyilir: "Təəssüf ki, Təhlükəsizlik Şurasının davamlı hərəkətsizliyi səbəbindən ABŞ BMT Nizamnaməsini və beynəlxalq hüququ, xüsusən də beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq İran xalqına qarşı yeni təcavüz və müharibə cinayətləri törədir".
İranlı diplomat vurğulayıb ki, ABŞ körpülər və dəmir yolları da daxil olmaqla, "qəsdən mülki şəxsləri və mülki obyektləri hədəf alır".
Məktubda deyilir: "İran Təhlükəsizlik Şurasını Nizamnamə çərçivəsində beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün əsas məsuliyyətini yerinə yetirməyə və ABŞ-ın təcavüzünə son qoyacaq və bütün ciddi pozuntulara görə məsuliyyəti təmin edəcək təcili tədbirlər görməyə çağırır".