Zəngəzur böyük maraqların toqquşma mərkəzinə çevrilir – <font color=red> Diqqət Əliyev-Putin razılaşmasına</font>

Siyasət

23.07.2021 - 14:15

Və ya “Svobodnaya Pressa”nın diliylə desək: “Cənubi Qafqazda yeni bir müharibə İrəvanın ələ keçirilməsi ilə bitə bilərmi?”

 

Son vaxtlar müxtəlif xarici KİV-lər getdikcə daha çox Ermənistanla Azərbaycan arasında yeni bir müharibə ehtimalını irəli sürür. Məsələn, Moskvanın “Svobodnaya Pressa” qəzetinin son saylarından birində “Zaqafqaziyada yeni bir müharibə İrəvanın ələ keçirilməsi ilə bitə bilərmi?” başlığı altında bir məqalə yayımlandı.

 

Bu versiyanın lehinə dəlillər olaraq, əksər hallarda təmasda olduqları yerlərdə Ermənistan və Azərbaycan hərbi birləşmələri arasında atəşkəsin pozulması hallarının artdığına işarə edilir. Bunun məqsədyönlü şəkildə baş verməsi mümkündür. Bundan əlavə, Prezident Əliyevin son zamanlar azərbaycanlı qaçqınların Zəngəzura qayıtmasının qaçılmaz olması ilə bağlı açıqlamaları tez-tez xatırlanır.

 

Ancaq bütün bunlar digər mübahisəsiz həqiqətlərlə toqquşur. Ermənistan KTMT-nin üzvüdür, yəni ona qarşı hərbi əməliyyatlar başlayarsa, Rusiya ordusu onun tərəfini tutmalıdır. Yaxud, Qarabağ ərazisindəki erməni birləşmələrindən danışırıqsa, Azərbaycan ordusu da oraya hücum etməyəcək, çünki bu, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır.

 

Ancaq yenə də bir sual gündəmdə qalır: situasiya belədirsə, son həftələrdəki silahlı gərginliyin səbəbi nədir?

 

Tanınmış ekspertlər bu mövzuda fikirlərini AYNA bölüşüblər.

 

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, politoloq Yeqor Kuroptev:

“Yeni bir toqquşma ehtimalı barədə söhbətlər bir müddətdir davam edir. Söhbətin səbəbləri aydındır. Bu, həm Bakının müharibədə qalib gəldiyindən, Azərbaycanın hər şeyi bir anda həll etmək istəyi, həm də mandatı yeniləyən Ermənistan Baş nazirinin açıqlamalarına görədir. İki ay əvvəl bütün danışıqlar kommunikasiyaların açılıb-açılmayacağı ilə bağlı idisə, indi qonşular dəhşət içində yeni bir münaqişənin başlayıb-başlamayacağını gözləyirlər.

 

Bir tərəfdən, Bakının qalib üstünlüyünə sahib olaraq, dərhal  təzyiq göstərmək və noyabr razılaşmalarının yerinə yetirilməsini və haqqında çox danışılan ərazi bütövlüyünün tanınmasını tələb etmək istəməsini başa düşmək olar. Digər tərəfdən, hər iki ölkənin və xalqın bir çox dostları ümid edirdi ki, indi sakitlik və iqtisadi əlaqələrin praqmatik qurulması dövrü gəlir. Son qərar barədə danışıqlar isə, təəssüf ki, qarşılıqlı ittihamlar xaricində heç bir şeyə gətirib çıxarmır.

 

Ən kəskin problemi kənaraq qoyaraq, əlaqələrin yavaş-yavaş bərpası, Türkiyəyə açılım və ən azı bəzi ortaq layihələrin başlanğıcı bölgəyə nəfəs almağa, yaşamağa, inkişafa başlamağa bir fürsət verərdi. Nə vaxtsa ən acılı məsələyə qayıtmaq üçün ən azı bir növ dialoq qurmaq lazımdır. Bunu hələ görmürük. Bu kədərlidir. Texniki baxımdan istənilən ssenarini təsəvvür etməyə hazıram. KTMT artıq uğursuzluğunu dəfələrlə sübut edib. Elə sülhməramlılar da sülh üçün deyil, yalnız Kremlə sərfəli şəkildə hərəkət edəcəklər”.

 

Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:

Oxu.az - Vitali Arkov: “Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə  həddini aşıb” - MÜSAHİBƏ

“Təəssüf ki, bu gün informasiya məkanını yeni Ermənistan-Azərbaycan müharibəsi təhdidləri ilə hər iki tərəf doldurmağa başlayır. Ermənistandan İkinci Qarabağ müharibəsi və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat nəticəsində Bakının nəzarətinə qaytarılan ərazilərin qisası və “geri dönməsi” (əslində, yeni bir işğal) çağırışları davam edir. Azərbaycandan isə beynəlxalq hüquqa görə Ermənistan ərazisi olan, keçmiş İrəvan xanlığı və digər ərazilərlə əlaqəli “tarixi ədalət”in bərpasına davam etmək üçün çağırışlar edilir. Cəmiyyətin radikal düşüncəli hissəsinin ardınca belə çağırışlar Azərbaycan siyasətçiləri tərəfindən də eşidilməyə başladı.

 

Bununla belə, haqqına danışsaq, Bakı sərt də olsa, bəyanatlardan irəli getmir. Göründüyü kimi, bunu o biri tərəf haqqında demək olmaz. 2020-ci ilin payızında nöqtəsi qoyulan Qarabağ münaqişəsinin digər tərəfi münaqişədə vergül işarəsi qoymağa çalışır.

 

Qeyd etmək vacibdir ki, silahlı təxribatlar rəsmi İrəvanın əmri ilə baş vermir - parlament seçkilərində qalib gəldikdən sonra Parlament və Ermənistan hökuməti üzərində nəzarəti əlində saxlayan Nikol Paşinyan Azərbaycanla münasibətləri digərlərindən daha çox gərginləşdirməkdə maraqlı deyil. Əksinə, ona sərhədləri demarkasiya etmək və Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün hakimiyyətdə qalma icazəsi verildi. Bakıda da bunu İrəvanda Paşinyandan başqa heç kimin etməyəcəyini anlayırlar.

 

Parlament seçkilərində Robert Köçəryanın “Ermənistan” siyasi bloku və Serj Sarkisyanın “Şərəfim var” bloku rəsmi olaraq 2 və 3-cü yerləri tutdu. “Qarabağ klanı” bunu məğlubiyyət hesab edir və Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının qələbəsinə dözməyə hazır deyil.

 

Paşinyan üçün ən təhlükəli şey “Qarabağ klanı”nın hərbçilər arasında ciddi dəstəyə sahib olmasıdır, onların da əksəriyyəti (həm generallar, həm kiçik zabitlər, həm də sıravilər) İkinci Qarabağ müharibəsinin nəticələri ilə razılaşmır. Sərhəddəki təxribatlar sayəsində (2020-ci ildə olduğu kimi) Azərbaycan Silahlı Qüvvələrini qəti cavab tədbirlərinə məcbur etməyə çalışdıqlarını və bununla da rəsmi Bakı və İrəvanın bütün sülh planlarını pozduqlarını güman etmək olar.

 

Rusiyanı yeni hərbi münaqişəyə cəlb etmək planlarının olduğu istisna edilə bilməz. Çünki əks hərəkətlər halında Azərbaycan hərbçiləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri içərisində olduqları təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsinin müddəaları qüvvəyə minəcək.

 

Vəziyyətin belə bir təxribat ssenarisinə uyğun inkişaf etməməsi üçün Ermənistan-Azərbaycan sərhədinin “ən qaynar” hissələrində bufer zonaları olaraq Rusiya sülhməramlı kontingentinin dayanmasını əhəmiyyəti görünür. Yalnız bu vəziyyətdə uzun müddət əziyyət çəkən Cənubi Qafqaz torpağında barışıq təmin etmək və sənədlərdə qeyd etmək mümkün olacaq”.

 

Azərbaycanlı politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

“Düşünürəm ki, indi Azərbaycanla Ermənistan arasında, xüsusən aralarındakı sərhədlərdə mövcud olan gərginlik ilk növbədə geosiyasi səbəblərdən qaynaqlanır. Düşünürəm ki, indi Rusiya Avropanın bu münaqişəyə bir sülhməramlı kimi müdaxilə etmək istədiyini hiss etdi.

 

İndi bölgədə təsir uğrunda mübarizə gedir. Fransa və ya Avropa Birliyi üçtərəfli bəyanatda göstərilən dəhlizin açılmasının qarşısını almaq üçün Zəngəzur bölgəsinə girməyə çalışır, çünki bu, daha çox Türkiyə və Rusiyanın maraqlarına cavab verir. Fransa hər zaman özünü Türkiyənin rəqibi kimi göstərib: həm Şərqi Aralıq dənizində, həm də  Afrikanın şimalında.

 

Eyni zamanda, Rusiya hər iki tərəfə oynayır - həm Fransa, həm də Türkiyə tərəfə. Bu şəkildə bölgəmizi öz əlində saxlayaraq əsas təsir rıçaqlarını qoruya biləcəyini düşünür.

 

Ümumiyyətlə, Rusiya indi burada hərbi varlığını artırmağa çalışır. Və Zəngəzur xarici oyunçuların maraqlarının toqquşma mərkəzinə çevirlir. Və Rusiyanın Zəngəzurdakı hərbi mövcudluğunun artmasında Azərbaycan maraqlı olmamalıdır. İndi çox şey Putin və Əliyevin Moskvada son görüşdə öz aralarında nələrdən danışdıqlarından və nə barədə razılaşdıqlarından asılı olacaq”.

Müəllif: Rauf Orucov