Zatən səhər açılmırdı, pandemiya zülməti də bu yandan çökdü

Cəmiyyət

03.05.2020 - 15:50

Əlilliyi ilə yanaşı işləmək arzusunda və iqtidarında olan insanlara dövlət tərəfindən dəstək verilmirsə, onlar nə etməlidirlər?

 

Koronavirus pandemiyası dünyada və Azərbaycanda işsizlərin sayının artmasına səbəb oldu. Beynəlxalq araşdırmaçıların rəylərinə görə, bəzi kateqoriyadan olan insanlar, o cümlədən əlilliyi olan şəxslər xüsusi risk altındadır.

 

Ölkəmizə gəlincə, əvvəllər də fiziki məhdudiyətli vətəndaşların iş tapmaları asan deyildi, indi bu, daha da çətin olacaq. Əlilliyi olan insanlar pensiya və əlillik müavinətləri alırlar, lakin bu məbləğlər yaşamaq üçün yetərli deyil. Yaşamaq, maddi cəhətdən müstəqil və cəmiyyət üçün faydalı olmaq üçün bir iş sahibi olmalısan.

 

“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov AYNA-ya deyib ki, dünyanın vəziyyəti, yerli və xarici iqtisadçıların proqnozları kononavirus pandemiyasından sonra çox sayda insanın işsiz qalacağını göstərir: “Bu proses əlilliyi olan insanlara da təsir edəcək. Dövlət bu məsələ ilə yaxından maraqlanmasa, arzuolunmaz nəticələr ortaya çıxacaq. Lakin bu kateqoriya vətəndaşlar üçün iş yerləri yaradılsa, vergi ödəyicisi kimi büdcəyə də fayda gətirərlər. Əlilliyi olan insanların bir yerdə çalışmaları, qrupların yaradılması, sosial uyğunlaşmanın təşviq edilməsi lazımdır”.

QHT TV

Müsahibimizin sözlərinə görə, əlilliyi olan insanları işə götürən və ya bu tip vətəndaşların sahibkarlıq fəaliyyəti üçün müəyyən şərait yaradan şirkətlər üçün vergi güzəştləri tətbiq etmək lazımdır: “Həmçinin, əlilliyi olan insanlarla işləyən QHT-lər üçün güzəştlər olmalıdır. Bu gün ictimai təşkilatlar mövcud vəziyyətdən çox əziyyət çəkir. Vergi qanunvericiliyindəki çatışmazlıqlar qeyri-hökumət sektorunu sıradan çıxardı, mən xüsusən öz təşkilatımız və əlilliyi olan vətəndaşların problemləri ilə məşğul olan digər təşkilatlar haqqında danışıram. Karantin rejimi dövründə sosial xidmətlər göstərsək də, işə icazə verilənlərin siyahısında deyildik. İctimai təşkilatların işçiləri maaş almadan evdə karantindədirlər və əksər hallarda dövlət tərəfindən dəstək almırlar”.

 

Xəlilov digər problemə də toxunub: “Benefisiar şəxslər xidmətlərin göstərilməsini gözləyirlər. Bu fasilə onların sağlamlığına çox təsir edir, onlarda geriləmə yaranır. 15-16 yaşa qədər əlilliyi olan uşaqlar psixoloqlar, sosial işçilər, terapevtlər və müəllimlərdən davamlı dəstək almalıdırlar. Dörd divar arasında otururlar, halbuki onlar çölə çıxıb, idmanla məşğul olmalıdırlar. Lazımi xidmətləri almasalar, bu, onlarda faciəyə çevriləcək”.

Elya Belskaya