Həkimlər dövlət qurumlarını problemi nəzarətə götürməyə çağırırlar
Səhər-səhər məktəbə tələsən və ya səndəliyə-səndəliyə gedən uşaqlar. Onlar arasında belində ağır çantası azmış kimi, bir də qidalanma çantası götürənlər var. Məktəbə evdən yemək aparmayanlar isə valideynlərindən ya könüllü, ya da birtəhər pul qoparırlar, axı tənəffüsdə məktəb bufetinə qaçacaqlar.
Təhsil eksperti Nadir İsrafilovun AYNA-ya danışdığına görə, Sovet vaxtında məktəb iaşəsinə nəzarət edən idarə olub: “Bütün məktəblərdə qida məsələlərini həmin idarə həll edirdi. İndi isə bu sahədə tenderlər olur, fəaliyyəti məlum olmayan şəxslərlə müqavilə bağlanılır. Çörəyi biri gətirir, digər məhsulları başqası. Məktəb təchizatı məsələsi də bu yolla həll olur. Büfetçini də məktəb direktoru təyin etmir. Əslində bu məsələdə direktorları günahlandırmaq olmaz. Valideynlər bufetə etibar etmirlər, uşağa evdən termosda su, qida qoyurlar ki, bu da onsuz da ağır çantası olan məktəbli üçün əlavə yükdür”.
Problemin həllinə gəlincə, ekspert vurğulayıb ki, müəyyən vaxtlarda uşaqlar məktəbdə olur, bu səbəbdən onlara aid olan hər şey birbaşa məktəb müdriyyətinin diqqətində olmalıdır: “Direktorlar bu məsələdə kənara çəkilməli deyillər, Təhsil Nazirliyi, dövlət strukturları qarşısında tələb qoymalıdırlar. Bazar iqtisadiyyatından danışırlar, amma təhsil sahəsində mütləq istisnalar olmalıdır, çünki xüsusən orta məktəb uşaqlarının təhsillə yanaşı, sağlam qidalanması vacibdir”.
Həkimlər dövlət qurumlarını problemi nəzarətə götürməyə çağırırlar. Pediatr Tərlan Əyyubov AYNA-ya deyib ki, uşaqların inkişafı və sağlamlığı onların yedikləri qidanın keyfiyyəti və onun içindəki qida maddələrinin, vitamin və mineralların tarazlığından asılıdır: “Əfsuslar olsun ki, bir çox valideynlər və uşaqlar bunu bilmirlər və qeyri-sağlam qida məhsullarına qarşı meyillidirlər. Məktəb və digər təhsil müəssisələri elmin dərinliklərinə yiyələnmə yollarını öyrətməklə yanaşı, uşaqlara düzgün qidalanma vərdişini aşılamaq və sağlam qidaya öyrəşməsində də rol oynamalıdır”.
Raminə Eyvazqızı