"Tarix dərslərindən kəsiri olan xalqın aqibəti də sual altında olacaq"

Cəmiyyət

26.06.2019 - 15:46

İsrafil Məmmədov tariximizi unudulmağa qoymayan ziyalımız idi

 

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova dünən vəfat edən tanınmış tarixçi, görkəmli alim İsrafil Məmmədovun vəfatı ilə bağlı fikirlərini bölüşüb.

 

AYNA xəbər verir ki, F.Əhmədova öz “Facebook” səhifəsində belə yazıb: “Dünən daha bir görkəmli alimimizin vəfatı xəbərini aldıq. İrəvan torpaqlarında azərbaycanlılara qarşı ermənilərin yeritdiyi siyasəti, törətdiyi əməlləri sənədlər əsasında geniş ictimaiyyətə çatdıran İsrafil Məmmədov vəfat edib”.

 

F.Əhmədova bildirib ki, tanınmış alimin elmi əsərləri Azərbaycan üçün böyük mahiyyət kəsb edir: “Onun 20-dən çox monoqrafiyası tarixi gerçəkliklərin işıqlandırılması və müasir siyasətimizdə, diplomatiyamızda istifadə olunması baxımından olduqca əhəmiyyətlidir. 2018-ci ildə “İrəvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir” adlı kitabının I cildinin təqdimatında iştirak etdik. Kitabının II cildinin və digər yazılarının nəşrinin gerçəkləşməsi mühümdür”.

İsrafil Məmmədov vəfat etdi

“1990-cı il 20 yanvar gecəsində İrəvanı tərk etmək məcburiyyətində qalmış İsrafil müəllim qələmi, biliyi, təcrübəsi sayəsində milli mübarizəsini ömrünün sonunadək davam etdirib. İtirdiyimiz yurd yerlərinə, o cümlədən qədim torpaqlarımız olan İrəvan ellərinə iddia edə bilməsək də, heç olmasa, həmin yurdlarımızın tarixinə sahib çıxmaq haqqını əlimizdən verməməliyik. Yurdlarımızın tarixi ümumvətən tariximizdir” – deyə o əlavə edib.

 

F.Əhmədovanın sözlərinə görə, İ.Məmmədov tariximizi unudulmağa qoymayan ziyalımız idi: “Yazdıqlarından daha çox şifahi tarixi özündə daşıyırdı. İsrafil müəllimin arxivi sistemləşdirilib, AMEA tarix İnstitutunun elmi arxivinə verilməlidir. Kitabında yer alan “tarixin hər an dinlənilməli olan dərsləri var” başlığı da günümüz üçün daha ciddi çağırışdır”.

 

“Dərslərini dinləməyən, tarix dərslərindən kəsirli olan xalqın başı daim qovqalarda, aqibəti də sual altında olacaq. Bu məhkumluqdan qurtuluşun yolu tariximizi düzgün araşdırmaqdan, mənimsəməkdən, faydalanmaqdan keçir ki, nəticədə tarixi yurdlarımıza sahib ola bilək. Yoxsa acizlik girdabında əcnəbi  publisistlərin insaflılıq ianəsinə göz dikərək sürünəcəyik” – deyə o bildirib.

 

F.Əhmədova sonda Azərbaycanımızın ciddi, zəhmətkeş, prinsipial alimlərinə can sağlığı arzulıb,  İ.Məmmədovun ruhunun isə doğma ellərinə qovuşmasını diləyib.

Müəllif: Ayna.az