Yarımçıq Ülviyyə həkim

Cəmiyyət

15.06.2020 - 15:00

Ülviyyə Zeynalova koronavirusla mübarizədə ön cəbhədə mübarizə aparan həkimlərimizdəndir. 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinin cərrahı Ülviyyə xanıma müsahibə üçün ilk zəng etdiyimizdə əməliyyata hazırlaşdığını və xəstələrinin çox olduğunu bildirdi. Səsindəki titrəyişdən hiss olunurdu ki, təlaşlı və qayğılıdır. Sonrakı təyin olunmuş vaxtda baş tutan müsahibəmizi təqdim edirik.

Ülviyyə həkim deyir ki, martın 17-si ölkəmizdə koronavirusla mübarizəyə başlandığı haqda qərar verildi, elə həmin gündən də 5 saylı Şəhər Klinik Xəstəxananın rəhbərliyi komandan oldu, biz əsgərləri: “Tibdə hansı sahə üzrə ixtisaslaşmasından asılı olmayaraq, hər birimiz virusla mübarizə üçün səfərbər olduq. İlk olaraq Azərbaycana daxil olan vətəndaşların yerləşdirilməsinə başlandı. Xaricdən gələn vətəndaşlarımız ilk vaxtlarda “Qafqaz Point Otel”də, daha sonra “Atletlər kəndi”ndə yerləşdirilməyə başlandı”. 

İlk vaxtlardan danışan həkim deyir ki, xarici ölkədən gələn vətəndaşların hamısında virus olmurdu. Lakin onlar ehtiyatlı davranır, bütün lazımı tədbirləri görüblər: “Xüsusi geyimdə, maskada, eynəkdə olurduq. Hər kəsin test nəticələri bəlli olur və bundan sonra nəticəsi müsbət çıxanlar üçün vəziyyətə uyğun müalicə prosedura təyin olunurdu. Nəticəsi pozitiv çıxan pasiyentləri xüsusiləşdirilmiş xəstəxanalara göndərirdik. Əgər xəsətədə test nəticəsi pozitiv çıxıbsa, lakin xəstəliyi simptomsuz keçirirsə, xəstəyə sadəcə möhkəmləndirici preparatlar, vitamin C tətbiq edir, çoxlu maye qəbulu tapşırılırdı. Yüngül qızdırması olanlara hərarət salıcı dərmanlardan istifadə olunurdu. Yox əgər görsək ki, simptomlar artır, o zaman “Ağciyər Xəstəlikləri İnstitutu”, “ATU Cərrahiyə Klinikası”na yerləşdiririk”. 

 

Xəsətəliyin simptomları haqda danışan həkim hər kəsdə müxtəlif cür özünü göstərə biləcəyini deyir: “Simptomlar müxtəlif cür olur. Kimidə yorğunluq, halsızlıq, bəzən temperaturun qalxması, bəzən öskürəyin olması ilə özünü göstərir. Daha çox halda isə temperaturun qalxması, dadbilmə, qoxubilmə hissinin itirilməsi ilə özünü büruzə verir”.  

Son günlərdə bir çox insanın özündə koronavirus simptomlarını hiss etdiyi halda, testinin neqativ çıxmasına fikir bildirən həkim “İndiki pnevmoniyalar daha çox virus mənşəlidir. Ona görə ağır keçirirlər. İkitərəfli pnevmoniya indi koronavirusun ağırlaşması kimi gedir. Kimdəsə simptomların özünü göstərməsi o demək deyil ki, o, virusa yoluxub və bu, onda pnevmoniya yaradıb. Test nəticəsi neqativ çıxırsa, bu o deməkdir ki, keçirdikləri pnevmoniya başqa məşəlidir. Hər bir halda  simptomları özündə hiss edənlər müayinə olunmalıdır. Test nəticəsi neqativ çıxanlar da rahatlaşmamalıdır. Yenə sosial məsafəni qorumaq, maska istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır” deyir.  

 

 

Son zamanlar virusa yoluxanların daha çox hansı yaş kateqoriyasına aid olması ilə bağlı sualımıza Ülviyyə həkim belə cavab verdi ki, indi 30 və daha gənc yaşda, hətta uşaqlar arasında da yoluxanlara rast gəlinir: “Əvvəllər yoluxanlar daha çox 50 yaşdan yuxarı və başqa xəstəlikləri olanlar idi. Vəfat  edənlər də təkcə koronavirusdan ölənlər olmurdu. Daha çox şəkərli-diabet xəsətələri, ürək-qan damar, böyrək xəstəlikləri olanlar, dialez xəsətələri virusa yoluxurdu və onlarda simptomlar da daha qabarıq müşahidə olunurdu. Son dönəmdə artıq 30 yaş və daha gənc adamlarda, hətta uşaqlarda koronavirus aşkarlanır. Çünki xüsusi qayda-qanuna tabe olunmur, sosial məsafə gözlənilmir, maska taxılmır. Əhalimizin yarıdan çoxu hələ də koronavirusun varlığına inanmır”.

Hər deyilən sözə yox, sırf tibbi əsası olan məlumatlara inanmağın vacibliyini vurğulyan həkim özündə simptomları hiss edən hər kəsin müayinə olunmasını, qorxu hissi keçirdikdə psixoloqa müraciət etməsinin zəruriliyini vurğulayır: “Xəstəlik yoxdursa da, simptomları özündə hiss edənlər olur. Onlar müayinə olunmalı, lazım gəlsə, psixoloqa da müraciət etməlidir. Bunu özləri, yaxınları, bu işdə öz sağlamlığından vaz keçmiş həkimlər üçün etməlidirlər. Mart ayından etibarən bütün kollektivimiz bu virusla mübarizəyə səfərbər olub. 4 aydır rahatlıq düşünmədən bu dar günlərdə xalqımıza dəstək olmaq üçün öz sağlamlığızdan da keçmişik. İstirahətsiz işləyirik. Həkimlərimiz arasında iki həftə fasiləsiz işləyənlər də var. Evdə körpə uşağı olan neçə həkimimiz var ki, ailəsini yoluxdura bilmə ehtimalı, qorxusu ilə evə gedə bilmir. Xalqımızdan xahiş edirəm, sosial məsafəni qorusunlar, şəxsi gigiyenalarına, qidalanmalarına fikir versinlər. Düzgün qidalansınlar ki, immunitetləri yuxarı olsun”.  

Müəllif: Aləmdə Nəsib