Yarımçıq market psixoloq

Cəmiyyət

01.07.2020 - 17:00

Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 4 iyunda qəbul etdiyi qərara əsasən həftəsonu – 6 iyun 00:00-dan, 8 iyun 06:00-dək evdən çıxmaq qadağan olundu. Qərar qəbul olunduqdan sonra insanların dükan-bazara axını müşahidə edilməkdədir. Bir çox insan virusun varlığı kimi, onunla bağlı görülən tədbirlər fonunda verilən qərarlara da inamsızlıq nümayiş etdirir. Elə buna görədir ki, marketlərdə dünəndən sıxlıq yaşanır. Nə sosial məsafə gözlənilir, nə də hamılıqla maska taxan var. Vitrinə düzülən meyvə-tərəvəzlərin altı-üstünə gətirilir. Pandemiyadan əvvəlki günlərdə olduğu kimi, müştərilər alacağı hər məhsula toxunur və demək olar ki, pandemiya dövründə əməl olunacaq qaydalar diqqət mərkəzində deyil. Qapıda əlləri dezinfeksiya edən, hərarəti ölçən işçilər, ağzında maska bir neçə insanı da görməsən, elə bilərsən, bayram alış-verişidir. Müştərilərdən “iki günlük qadağadır, çox şey almağa dəyməz”, – deyə bir-birinə irad bildirənlər də var, lakin qarşılığında çox zamam aldığın cavab belə olur: “Nə bilirsən, bəlkə bizi aldadırlar? Bir də gördün dedilər ki, bir ay evdən çıxmaq olmaz”. Bəs görəsən, bu alış-veriş panikasının əsl səbəbi nədir? İnamsızlıq, ac qalma qorxusu, yoxsa? Sonrakı günlərdə bunun nəticəsi necə olacaq?

AYNA bu suallarla ekspertlərə müraciət edib. Sualalrımıza cavab verən

 

Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssis psixoloqu Fuad Əsədov hesab edir ki, bunun səbəbi nə inamsızlıqdır, nə də qorxu. İnsanlar sadəcə öz tələbatlarını müəyyən etməkdə çətinlik çəkir: “Belə bir vəziyyət olmamışdan əvvəl insanlar bilirdi ki, istənilən vaxt evdən çıxa, nəyə ehtiyacı varsa əldə edə bilər. İndi isə müvafiq qərara əsasən iki gün evdə qalmalı olacaqlar, buna görə də həmin günlər üçün ərzaq və digər ehtiyaclarının tədarükünü görməlidirlər. Bu vəziyyətdə insanların böyük əksəriyyəti dəqiq bilmir ki, onlara iki gündə nələr və nə qədər lazım ola bilər. Buna görə də hər ehtimalı dəyərləndirərək daha çox şey alır. Bəlkə də normal zamanlarda onu almazdı, amma bu vəziyyətdə almalı olur”. Psixoloq insanlara daha təmkinli olmağı tövsiyyə edir: “Bu vəziyyətin uzun müddət davam edəcəyini ehtimal edənlər bilməlidir ki, stres və panika içərisindədir. İki günlük ehtiyaclarını qarşılayacaq qədər tədarük görmələri kifayətdir”.

Hətəsonu istirahət günlərini evdə keçirəcək insanlar sıxıntı yaşaya bilər. Buna diqqət çəkən psixoloq deyir ki, bəzi insanlar sıxılanda yeməyə daha çox meyillənir: “İnsanlar özlərini tanıyırlar, sıxılanda daha çox yeyənlər bunu bildiyindən həftəsonu üçün də daha çox şey alır. Amma bunu da tənzimləmək lazımdır. Düşünürəm ki, belə insanlar mövcud vəziyyətdən istifadə edib bu vərdişini tənzimləyə bilər”.

 

Psixoloq deyir ki, insnalar çətin və indiyəcən tanış olmadıqları durumla qarşılaşanda həmin vəziyyətin çatışmazlıqlarına baxır. Amma bu vəziyyətdə də mənfilərlə yanaşı müsbət tərəflər var: “Deyinmək bizə nəsə verməyəcək, ona görə müsbət tərəflərə baxmağımız lazımdır. Əmin olmalıyıq ki, kimsə bizi evə qapadıb acından öldürmək istəmir. Bu sağlamlığımız üçün görülən tədbirdir”. Eyni zamanda “iki gün evdə qalmaqla heç nə dəyişən deyil” kimi düşünənlərin fikrinə diqqət çəkən psixoloq qeyd edib ki, virusa yoluxmamaq üçün bir gün də çox önəmlidir: “Həftəiçi yoluxma faktları davam edə bilər, lakin ən azından həftəsonu iki gün virusdan qorunmuş olacağıq və nəzərə almalıyıq ki, insanlar həftəsonu daha çox toplaşır, bu baxımdan qadağanın müsbət tərəflərini diqqətdə saxlamağımız yaxşı olar”.

 

Sosioloq Sahib Altay isə hesab edir ki, buna səbəb verilən qərarlara, mediaya olan inamsızlıq və eyni zamanda da qorxudur: “Kənd camatı adətən həftəlik, aylıq alış-veriş etdiyi halda, şəhər camaatı isə ehtiyacı olduqca, az-az almağa üstünlük verir. Lakin dünəndən müşahidələrimiz göstərir ki, insanlar iki gün üçün ehtiyacı olandan daha çox alış-veriş edir. Yumşaldılmadan sonra açıqlanan statistik nəticələrə görə yoluxma sayında artım müşahidə olunmağa başladı. Eyni zamanda da karantin vəziyyəti ilə bağlı verilən qərarlar tez-tez dəyişir. Bu da insanları panikaya salır. Hazırkı qərarla həftəsonu qadağasının həftəiçi də tətbiq edilə biləcəyi ehtimalını nəzərə alan insanlar inamsızlıq və qorxudan dükan-bazara axın edərək tədarük görür. Lakin hesab edirəm ki, bu qorxuya heç bir əsas yoxdur. Qorxduqları kimi olsa belə, insanlara lazımı ehtiyaclarını təmin etmələri üçün şərait yaradılacaq, bunu tələb etmək də vətəndaşların tam hüququdur”.

İqtisadçı ekspert Samir Əliyev də bunun səbəbini inamsızlıqda görür. Ekspert deyir ki, insanları inandırmaq lazım idi ki, sonrakı günlərdə evdən çıxıb zəruri ehtiyaclarını təmin etmək üçün şərait yaradılacaq: “İndiki vəziyyətdə isə bir qədər qeyri müəyyənlik müşahidə edilir. Təəssüf ki, bəzi hallarda insanların ehtimalları da özünü doğruldur. Bu vəziyyətdə insanları qınamaq da olmur. Bu cür panik vəziyyətdə marketlərə axının müşahidə edilməsi özünü qoruma instikti, qorxudandır”.

İqtisadçı ekspert bu dönəmlərdə ailə büdcəsinin idarə edilməsinə diqqət çəkərək bildirib ki, karantin dövrünü adi günlərdən fərqləndirmək düzgün deyil: “Hər bir şəxs ailə büdcəsinin idarə edilməsini bilməlidir. Maliyyə savadlığının artması insanları yersiz xərclərdən qoruyur. Xüsusilə də gəliri az olan kasıb ailələr üçün bu çox önəmlidir”.

 

“İsti yay aylarında məhsulların daha tez xarab olduğunu nəzərə alaraq iki günlük tələbatdan artıq alış-verişin israfçılığa səbəb olacağını nəzərə almaq lazımdır. Bu da məhsulların səmərəsiz istifadəsinə gətirib çıxarır”, - deyə ekspert əlavə edib.

Müəllif: Aləmdə Nəsib