Yarımçıq ABŞ layihə

Siyasət

01.01.2021 - 10:00

“Təcavüzkar dayandırılmasa və barışığa məcbur edilməsə, heç bir diplomatiyanın təsiri olmayacaq”

 

 

Dövlət Departamenti münaqişələrin qarşısının alınması və sabitliyi üçün yeni bir strategiya dərc etdi.

Sənəddə şiddət başlamazdan əvvəl münaqişənin qarşısını almağa kömək etmək üçün Amerikanın beynəlxalq müdafiə və inkişaf yolunda diplomatik səylərinə diqqət ayırmalı olduğu  deyilir.

Dövlətin yüksək səviyyəli rəsmilərinin dediyinə görə, sənəd on illərdir davam edən Amerika təcrübəsindən əldə edilmiş ən yaxşı təcrübələri və dərsləri özündə cəmləşdirərək Vaşinqtonun davam edən münaqişələri sabitləşdirmək səylərini yaxşılaşdırmağı hədəfləyən on illik bir plandır. Və bu plan qlobal qeyri-sabitliyi aradan qaldıracaq.

Dövlət Departamentinin Xarici Yardım Direktoru Cim Riçardson jurnalistlərlə söhbəti zamanı, yeni strategiyanın “ABŞ-ın milli maraqlarına xələl gətirən bahalı qeyri-sabitlik və qarşıdurma dövrü zəncirini qırmaq üçün ABŞ-ın fəaliyyət tərzini dəyişdirəcəyini” söylədi.

Dövlət katibinin Münaqişələrin Həlli və Stabilizasiya üzrə Köməkçisi Dr. Denis Natali, “Bu planın reallaşmasına yaxın bir neçə həftə içərisində başlatmağı planlaşdırırıq” dedi.

Yəni, bu yeni strategiya demək olar ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra başlayır və bu baxımdan maraqlıdır, amerikalıların bir növ onu Gürcüstan, Moldova, Ukraynadakı oxşar, lakin hələ həll olunmamış etno-ərazi münaqişələrinə tətbiq etməyə çalışacağını gözləmək lazımdırmı? “Şiddət başlamazdan əvvəl qarşıdurmanın qarşısını almağa” kömək etmək üçün hansı səylər ola bilər? İfadələrdən göründüyü kimi burada əsas olan müharibələrin yenidən başlamasının qarşısını almaqdır. Bəs ərazi bütövlüyü uğrunda mübarizə aparan tərəflərin uğurları necə təmin edilə bilər?

Xarici mütəxəssislər “Ayna”-nın bu suallarını cavablandırırlar.

 

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Gürcüstan):

 

- Bu yeni Amerika strategiyasının nə qədər təsirli olacağını bilmirəm, çünki onlar Dağlıq Qarabağdakı münaqişənin hərbi mərhələsini həqiqətən onların nəzarətindən çıxmasını başa düşdülər, indi Dnestryanı məsələyə, həmçinin işğal altında olan Abxaziya və Cənubi Osetiyaya qarşı da eyni laqeydlik müşahidə olunur. İndi çətin ki, onları dondurulmuş münaqişə adlandırmaq olar.  Düşünürəm ki, bu üç vəziyyət Vaşinqtonda bəzilərinin onların postsovet məkanındakı proseslərdən onsuz da geri qaldıqlarını anlamalarını təmin etdi.

Düşünürəm ki, yeni qərar ABŞ tərəfindən gecikmiş bir addımdır. Gələcəkdə bu cür qarşıdurmaların qaynar mərhələsini necə önləməyi düşündükləri aydın deyil. Əslində Azərbaycan Xorvatiyanın 1995-ci ildəki strategiyasını təkrarladı. Bu, Şərqi Slavoniya və Serbiya Krayinasını geri qaytarmaq üçün bir əməliyyat idi. Və sonra amerikalılar xorvatlara dəstək oldu. Yəni, Azərbaycan da ərazi bütövlüyünü bərpa edərək, işğal altındakı torpaqlar üzərində suverenlik quraraq bunu etdi.

Ancaq amerikalılar Qarabağ müharibəsini unutdular və ATƏT-in Minsk Qrupunun həmsədrləri Əliyevlə görüş zamanı, sizin president “sizi dəvət etmədik” deyərək, bunu onlara başa saldı. Bununla da Əliyev Minsk qrupunun artıq oyundan kənar vəziyyətdə olduğunu açıq şəkildə bildirdi.

 

Və düşünürəm ki, ABŞ postsovet məkanında münaqişələrimizə yanaşmanı dəyişdirməsə, bu yeni Amerika strategiyası təsirli olmayacaq. Ancaq bəlkə də plandan danışan amerikalıların ağlında başqa bir qarşıdurma var idi. Məsələn, Əfqanıstanda, İraqda, qoşunlarını çıxardıqları yerlərdən. Postsovet məkanında isə davam edən proseslərin nəbzini çoxdan itirdilər, geridə qaldılar.

 

“Strateji XXI” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara Dəniz Təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar (Ukrayna):

 

- Münaqişələrin qarşısını almaq üçün ABŞ-ın müdafiə və inkişaf sahəsindəki beynəlxalq diplomatik səyləri, şübhəsiz ki, alqışlanır. Bunu dünyanın ən güclü dövləti olaraq yalnız ABŞ edə bilər.

Diplomatik səylərin effektiv olması üçün etibarlılıq, güc və mənbələr vacibdir. Diplomatik fəaliyyətlər öz-özünə effekt vermir. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı 28 illik nəticəsiz diplomatiyası bunun bariz nümunəsidir. Eyni şeyi Moldova məsələsində də görürük - Dnestryanı problem və Gürcüstan məsələsində - Tsxinvali bölgəsi, Abxaziya, Ukrayna məsələsində - Krım və Donbasın müəyyən bölgələrində.

Təcavüzkar dayandırılmasa və barışığa məcbur edilməzsə, heç bir diplomatiyanın təsiri olmayacaq. Diplomatiya münaqişələrin həlli üçün universal bir mexanizm deyil. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi səyləri olmasaydı, Səddam Hüseyn çətin ki, Küveytdən diplomatik nəsihətlərin təsiri altında çıxardı. Avropa diplomatiyası, Serbiyanın Balkanlardakı qonşularına və milli azlıqlara qarşı təcavüzkar hərəkətlərini dayandırmaq üçün gücsüz olduğunu sübut etdi və nəticədə yalnız ABŞ və NATO-nun köməyi ilə srbləri islah etmək mümkün oldu. Türkiyə-Azərbaycan ittifaqının hərbi səyləri olmasaydı, erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyəckdilər.

 

İnanıram ki, ABŞ üçün diplomatik və hərbi səylərlə paralel olaraq, beynəlxalq hüququ məhv edənin hüquqi sahəyə qayıtmağa məcbur edə biləcəyi bir dövr gəldi. Öz təcavüzkar hərəkətləri ilə 1975-ci ildən bəri Helsinki prinsiplərinə əsaslanaraq, Avropada mövcud olan dinc yanaşı yaşayış prinsiplərini məhv edən Rusiyanı nəzərdə tuturam. Ancaq diplomatik nəsihətlər burada kömək etməyəcək. Şəxsi sanksiya terapiyası seansının çox məhdud bir təsiri oldu. Üstəlik Krımın və Donbasın bir hissəsinin işğalından sonra Rusiya Suriyaya silahlı müdaxilə, Venesuela, Liviya və Mərkəzi Afrika Respublikasına müdaxilə etdi.

ABŞ daxili çəkişmələrə qarışmasa da, olduqca intensiv terapiyaya müraciət edə bilər - Rusiya Federasiyasının terrorizmin sponsoru bir ölkə kimi tanınması, SWIFT- beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması, neft kvazi-embarqo rejiminin qurulması, “Şimal Axını 2” və “Türk axını” kimi Rus qaz layihələrinin ləğvi və s.

Yəni, dünya nizamını pozan hər hansı bir şəxs, aqressiv hərəkətlər nəticəsində qazana biləcəyi faydaları dəfələrlə üstələyəcək daha yüksək bir qiymət ödəyəcəyini bilməlidir. O zaman diplomatiya yenidən təcavüzkar hərəkətlərin qarşısını almaq üçün təsirli bir mexanizm halına gələcək.

 

Rauf Orucov

Müəllif: Rauf Orucov