"Xalq diplomatiyası"nda yeni format: bu dəfə barışı gənclər müzakirə edirlər - GÖZLƏNTİLƏR

Siyasət

06.06.2022 - 14:25

Natiq Miri: "Sülhlə bağlı real addımlar atılacaqsa, paralel olaraq vətəndaş cəmiyyətlərinin də dialoqları nəticə verəcək"

Azərbaycan gənclərinin on nümayəndəsi bu gündən iyunun 10-dək Strasburqda səfərdə olacaq, Fransa, Almaniya və Ermənistandan olan həmyaşıdları ilə görüşəcək. Görüş OFAJ təşkilatının (Fransız-Alman Gənclərin Ofisi) “Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın yeni istiqamətləri” proqramı çərçivəsində keçiriləcək. Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, OFAJ Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi danışıqlar kontekstində ermənilərlə azərbaycanlılar arasında barış prosesinə yardım göstərməyə çalışır: “Bu təşəbbüs ötən ilin sonunda Brüsseldə liderlərin görüşündə müzakirə edilib və razılaşdırılıb. Almaniya və Fransanın birgə təşəbbüsü “Şərq tərəfdaşlığı” çərçivəsində həyata keçirilir”.

Diplomat qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Fransa arasında əldə olunmuş barış Azərbaycanla Ermənistan arasında da mümkündür və diplomat buna inanır.

“Belə görüş ilk dəfə Strasburqda keçiriləcək. Biz çox şadıq ki, gənc nəsil regionda sülhə dəstəyini ifadə edir. Sülh quruculuğunun vaxtı çatıb. Bilirəm ki, bu, asan deyil, lakin çox vacibdir”, - səfir vurğulayıb.

Zəngilan, Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə infrastrukturun qurulduğuna, yenidənqurma işlərinin davam etdiyinə diqqət çəkən Qross qeyd edib ki, heç kim istəmir ki, gələcəkdə bu ərazilər yenidən hücuma məruz qalsın, yenidən münaqişə yaransın: "Bundan ötrü sülh vacibdir. Avropa İttifaqı bu regionda sülhü və sabitliyi dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”.

Öz növbəsində Almaniya səfiri Volfqanq Maniq Fransa və Almaniya Xarici İşlər nazirliklərinin bu prosesə dəstəyini qeyd edib. “Almaniya və Fransa arasında münaqişələr yüz illərdir davam edib, lakin onlar öz bölgələrində sülhə nail olublar. İrəvandakı həmkarlarımız sizin ünsiyyətdə olacağınız erməni gənclərilə görüş keçirirlər”, - səfir proqram iştirakçılarına müraciət edib.

Diplomat qeyd edib ki, iki ölkənin gəncləri ümumi gələcəyi müzakirə edəcəklər: “Region gənclər üçün ilham mənbəyi olacaq. Çətindir, amma biz prosesə başlamışıq. Əminəm ki, siz də Fransa və Almaniya xalqlarının təcrübəsindən istifadə edəcəksiniz. Ölkələrimiz nailiyyətlər göstərir ki, barış və sülh mümkündür. Ümid edirəm ki, belə gələcək bu regionda da mümkündür".

Mövzunu AYNA-ya şərh edən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, bu cür görüşlər sadəcə köməkçi vasitələrdir: "Azərbaycanlı və erməni gənclərin bir araya gəlməsi yeni formatdır. Çünki bundan əvvəl vətəndaş cəmiyyəti nümayəndələrinin də, ziyalıların, mədəniyyət adamlarının da belə görüşləri keçirilib. Hətta ərazilərimiz işğalda olduğu zaman da görüşlər keçirilib. İndi yeni vəziyyət yaranıb və bu vəziyyətdə görüşün keçirilməsi öz-özlüyündə müsbət addımdır. Amma nəticəsinin nə olacağını söyləmək çətindir. Bundan əvvəlki görüşlərin hansısa müsbət nəticəsinin şahidi olmamışıq". 

"Hesab edirəm ki, cəmiyyətdə "Xalq diplomatiyası” adlandırılan bu dialoqlar heç bir halda münaqişənin tənzimlənməsində həlledici rol oynaya bilməz. Əsas nəticə Ermənistan rəhbərliyinin sülh prosesinə, sülh quruculuğuna yanaşmasından asılıdır. Bu ölkə və rəhbərliyi gərək ölçü götürsün, ciddi qərarlar qəbul edilməsinə hazır olsun. Yekun sülh siyasi qərardan keçir. Ortada müsbətə doğru siyasi qərarlar olacağı halda vətəndaşlar da dil tapacaqlar. Nə Ermənistan, nə də Azərbaycan ictimaiyyəti yeni müharibə istəyir. Hətta deyərdim ki, ermənilər müharibələrdən yorulublar. Amma əsas məsələ ondan ibarətdir ki, rəsmi İrəvan yekun sülhün imzalanmasından yayınır. Bu, prosesin müsbət nəticəsinə inamı azaldır", - politoloq əlavə edib. 

Analitikik qənaətincə, sülhlə bağlı real addımlar atılacaqsa, paralel olaraq vətəndaş cəmiyyətlərinin də dialoqları nəticə verəcək: "Çünki proses bir-birindən asılıdır. Rəsmi İrəvan sülhdən yayınma cəhdlərini davam etdirəcəksə, vaxtı uzatmaq üçün addımlar atacaqsa, "Xalq diplomatiyası"nın da hansısa effekti olmayacaq. Əlbəttə, icmaların, ziyalıların, gənclərin görüşü vacibdir, təqdir olunasıdır. Amma qeyd etdiyim kimi, bu dialoqlar yardımçı vasitədir. Belə görüşləri təşkil edən qüvvələr, ölkələr, diplomatlar Ermənistan rəsmiləri ilə də ciddi danışmalıdırlar, prosesin müsbət nəticəsi üçün əllərindən gələni etməlidirlər”.

Müəllif: Anar Bayramoğlu