"Twitter" Trampın hesabını birdəfəlik bloklayıb

Dünya

09.01.2021 - 18:30

"Twitter" Donald Trampla bağlı qərar qəbul edib

 

Sosial media platforması "Twitter" Donald Trampın və seçki kampaniyası üzvlərinin hesabını bağladığını bildirib.
 
AYNA xəbər verir ki, "Twitter" Donald Trampın hesabını həmişəlik bağladığını açıqlayıb: “RealDonaldTramp hesabından son tvitlərin təsirlərini araşdırdıqdan sonra daha çox şiddətə təhrik etmə riski səbəbindən hesabı həmişəlik bağladıq”. 
 
Trampın seçki qrupunun da hesabları bağlanıb. "Twitter" ABŞ prezidentləri üçün istifadə edilən "POTUS" hesabından yeni yazıları silib və Trampın seçki kampaniyası komandasının hesabı olan "TeamTrump" səhifəsinin fəaliyyətini dayandırıb.
 
“Dediyimiz kimi, dayandırma praktikasından qaçmaq üçün başqa bir hesab istifadə etmək qaydalarımıza ziddir. Bunu POTUS hesabından göndərilən son yazılara münasibətdə tətbiq etmək üçün addımlar atdıq”, - deyə açıqlamada bildirilir.
 
Həmçinin POTUS və Ağ Ev kimi dövlət hesablarının qalıcı bir şəkildə dayandırılmayacağı da bildirilib, məhdudlaşdırıcı tədbirlər görüldüyü deyilib. 
 
Qeyd edək ki, "Twitter" Tramp tərəfdarlarının çərşənbə günü Konqres binasına basqınından sonra Trampın hesabını müvəqqəti olaraq bloklamışdı. Həmçinin "Facebook" hesabının da prezidentliyinin sonuna qədər bloklandığı elan edilən Tramp vəzifəsini yanvarın 20-də Co Baydenə təhvil verəcək.
Müəllif: Ayna.az