Türkiyə-Rusiya münasibətlərinə dair yeni “informasiya sızması” – <font color=red> Tərəflər susur</font>

Dünya

23.08.2021 - 21:16

Çingiz Qənizadə: “Heç bir kənar təzyiq Türkiyəni müstəqil siyasət kursundan yayındıra bilməyəcək”

 

Sülhəddin Əkbər: “Rusiya bu səpkili informasiyalar yayaraq ABŞ-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışa bilər”

 

Türkiyə Rusiyadan yeni S-400 zenit-raket kompleksi alacaq. Bu barədə Rusiya hərbi sənayesindəki mənbə açıqlama verib. Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir.

 

Xatırladaq ki, ABŞ Türkiyənin S-400 komplekslərindən imtina etməsi üçün tələblər irəli sürüb. Bəs, Ankaranın bu addımı, son dövrlər onsuz da kəskinləşən ABŞ-Türkiyə münasibətlərində yeni gərginliyə səbəb ola bilərmi? ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi mümkündürmü?

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma… - Rayon camaatı ...

Milli Məclisin sabiq üzvü Çingiz Qənizadə AYNA-ya açıqlamasında xatırladıb ki, Türkiyə bundan öncə də Rusiyadan S-400 silahları alıb: “Bu, ilk dəfə deyil ki, Türkiyə Rusiyanın silah bazarına üz tutur. Bundan öncə də analoji hal baş verib. Düzdür, həmin zaman ABŞ Türkiyəni sanksiyalarla hədələsə də, ciddi təzyiqlər müşahidə olunmadı. Çünki Türkiyə ilə münasibətlərə xələl gətirmək ABŞ-ın, o cümlədən Qərbin maraqlarına cavab vermir. Bu, Türkiyənin müstəsna hüququdur. Təbii ki, qardaş ölkə öz silah ehtiyatını və müdafiə təhlükəsizliyi tədbirlərini artırır. Bundan öncə də Türkiyəyə müəyyən təzyiqlər olub. Lakin Rusiya Prezidenti Vladimir Putinin də söylədiyi kimi, Rəcəb Tayyib Ərdoğan kişi kimi öz sözünün üstündə durdu”.

 

Rusiya-Türkiyə münasibətlərinin ölkəmizə təsirindən danışan sabiq deputat hesab edir ki, bu, həm də Azərbaycanın maraqlarına uyğundur: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfər qazandı. Uzun illərdir işğal altında olan toprpaqlarımız azad edildi. Bununla da tarixi həsrətimizə son qoyuldu. Hər kəsə məlumdur ki, Rusiya regionda önəmli dövlətdir və Qarabağ münaqişəsində də ciddi təsir imkanlarına malikdir. Türkiyə isə Azərbaycanın mövqeyini ifadə edir. Bu mənada Rusiya-Türkiyə yaxınlaşması həm də bizim maraqlarımıza uyğundur”.

 

Qənizadə əlavə edib ki, Türkiyə çox inkişaf edib və hazırda dünyanın aparıcı dövlətlərindən biridir: “Təbii ki, Türkiyənin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Qardaş ölkənin dünyada baş verən hadisələrə ciddi təsir imkanları mövcuddur. Sözsüz ki, buna mane olmaq istəyən qüvvələr var və olacaq. Çünki harada inkişaf varsa, orada qısqanclıqlar da olur və buna təbii yanaşmaq lazımdır. Lakin heç bir kənar təzyiq Türkiyəni müstəqil siyasət kursundan yayındıra bilməyəcək”.

Sülhəddin Əkbərin partiyası qeydiyyata alınıb: “Biz yuxarı və aşağı  təbəqəyə diqqət etməyəcəyik” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər isə AYNA-ya şərhində bildirib ki, Rusiya tərəfinin Türkiyənin S-400 zenit-raket kompleksini alacağı ilə bağlı açıqlaması inandırıcı görünmür: “Mümkündür ki, bu, təzyiq vasitəsi olsun. Rusiya bu səpkili informasiyalar yayaraq ABŞ-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışa bilər. Yaxud Türkiyə bu məlumatı cavabsız qoymaqla Qərbə qarşı müəyyən mesajlar ötürmüş ola bilər. Bu səbədən ilk növbədə informasiyanın səhihliyi öz təsdiqini tapmalıdır”.

 

“Yayılan informasiyalarda istinad olaraq Rusiyanın hərbi sənayesindəki mənbə göstərilir. Hələlik bu, rəsmi olaraq öz təsdiqini tapmayıb. Söylədiyim kimi, müəyyən siyasi gediş də ola bilər. Bilirsiniz ki, Rusiya ilə Türkiyə arasında S-400-lərlə bağlı mübadilə olub. Buna görə ABŞ Türkiyəyə sanksiyalar da tətbiq edib”, - deyə müsahibimiz söyləyib.

 

Analitikin sözlərinə görə, bununla bağlı Türkiyə ilə Rusiya arasında razılaşma mövcuddur: “Sonuncu dəfə tərəflər arasında S-400-lərin istehsalında Türkiyənin də iştirakı ilə bağlı müzakirələr aparıldı. Ümumi qərar bundan ibarət idi ki, Türkiyə ərazisində qeyd olunan zenit-raket kompleksinin istehsal müəssisəsi yaradıla bilər. Yalnız bundan sonra Türkiyə S-400-ün mübadiləsi ilə bağlı yekun qərar verə bilər. Hələlik bu proses baş verməyib. Ola bilər ki, bu istiqamətdə danışıqların növbəti mərhələsi başlasın. Lakin bu, o demək deyil ki, Türkiyə yaxın müddətdə Rusiyadan silah alacaq. Düzdür, bu, istisna edilmir. Lakin rəsmi təsdiq olmadığına görə, qəti mülahizə yürütmək mümkün deyil”.

 

Əkbər sonda qeyd edib ki, Türkiyənin dünya miqyasında əhəmiyyəti artır: “Təbii ki, Türkiyə artıq nəinki regionda, beynəlxalq miqyasda çox ciddi bir dövlətə çevrilib. Bu xüsusda Türkiyənin müstəqil qərarlar verməsi, öz siyasi, iqtisadi və hərbi çıxarlarını müəyyən etməsi təbiidir. Lakin bir məsələ də var ki, S-400-lərlə bağlı növbəti razılaşma baş verərsə, bu, NATO-nun üzvü olan Türkiyəyə qarşı müəyyən təzyiqlərə gətirib çıxara bilər”.

Müəllif: Azər Niftiyev