Türk kəşfiyyatçının iddiası və qlobal mübarizənin Qarabağ nöqtəsi

Siyasət

09.07.2021 - 20:05

“Kəşfiyyatçı heç vaxt şəxsi fikrini dilə gətirmir və həqiqəti açıqlamaq istəmir”

 

“Bölgəmizdə Türkiyəyə qarşı çıxmaq mənasız bir məşğuliyyətdir”

 

Erməni lobbisinin Amerika siyasətinə təsiri olduqca azdır, baxmayaraq ki, Dağlıq Qarabağda münaqişə gərginləşdikdən sonra bəzi ekspertlər əksini düşünürlər. ABŞ-ın Cənubi Qafqazdakı addımları Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri İsmail Pekin tərəfindən “Lenta.ru” saytına verdiyi müsahibədə qiymətləndirilib.

 

Pekinə görə, ABŞ Prezidenti Co Bayden Ankaranın Dağlıq Qarabağ da daxil olmaqla, müxtəlif bölgələrdə təsirini azaltmaq istəyir: “Baydenin məqsədi bu ərazidə sülhün bərqərar olmasını sabotaj etməkdir. Bu siyasət ABŞ-dakı erməni lobbisi tərəfindən diktə edilmir, onlar Amerika Prezidentinin qərarlarına təsir edə bilməzlər. Bu cür təxribat Vaşinqtonun bütövlükdə Ankaraya qarşı düşmən münasibətinin nəticəsidir”.

 

Yəni, Pekin Baydenin Türkiyəyə olan münasibətinə görə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə və dolayısıyla aralarında sülh müqaviləsinin bağlanmasına mane olmaq niyyətində olduğunu iddia edir. Bu, nə dərəcədə doğrudur? Bu, dövlətlərin maraqlarına cavab verirmi?

 

AYNA mövzunu tanınmış analitiklərlə müzakirə edib.

 

Türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer:

Энгин Озер: Турция скоро начнет экспортировать оружие

“Anladığım qədəri ilə, amerikalılar Zəngəzur dəhlizinin Çinin xeyrinə işləməməsi üçün deblokadasında maraqlı deyillər. Yəni, ABŞ-ın fikrincə, Ermənistanın bu bölgəsindən keçən kommunikasiyaların açılması, Çinin qlobal “Bir kəmər, bir yol” layihəsinin inkişafına xidmət etməməlidir. Bayden və Ərdoğanın fikirləri bu sahədə bir-birindən fərqlənir.

 

Amerikalılar Türkiyə ilə Orta Asiya arasındakı bir dəhlizə qarşı deyillər. Ancaq yalnız Çinin maraqlarına uyğun olmaması şərti ilə - buna qəti şəkildə qarşı çıxırlar. Və bu baxımdan ermənilərlə öz maraqları naminə işləyə bilərlər. Bu situasiyanı məhz belə başa düşmək olar.

 

Cənab Pekinin fikrinə gəlincə, o, Türkiyədə NATO-ya qarşı mövqeyi ilə tanınan bir şəxsdir. Ümumiyyətlə, bu adam analitik deyil. Ancaq kəşfiyyatçı heç vaxt şəxsi fikrini açıqlamır və həqiqəti açıqlamaq istəmir. Eynilə kəşfiyyatçılar da mətbuata açıqlama vermirlər. İndi Pekinin sözlərindən aşağıdakı mesaj gəlir: əgər Zəngəzur dəhlizi bərpa olunmazsa, tətbiq olunmazsa, bu, ABŞ-ın işidir. Bu yolla cənab Pekin bir daşla iki quş vurmaq istəyir:

 

Birincisi, o, Vaşinqtonu günahlandırır və bu, onun NATO-nun, Qərbin, Amerikanın pis, Avrasiya ideyasının ən yaxşı olduğuna eyham vurur;

 

İkincisi, hər hansı bir səbəbdən Zəngəzur dəhlizi açılmırsa, bu, Ərdoğanın uğursuzluğu deyil, amerikalıların hiyləgərliklərinin nəticəsi olduğu barədə bir fikir yaratmaq istəyidir.

 

Ancaq mənim fikrim budur ki, bu dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləməyə yönəlibsə, amerikalılar qəti şəkildə bunun əleyhinə olacaqlar, lakin Zəngəzur kommunikasiyaları vasitəsilə ABŞ-ın Orta Asiya ölkələrinə təsiri artarsa, yaşıl işıq yandıracaqlar. Mənim fikrimlə İsmail Pekinin mövqeyi arasındakı fərq budur”.

 

Azərbaycanlı beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə:

Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib”

“Bu cür fərziyyələrin nə qədər real olduğunu bilmirəm. Mənə elə gəlir ki, ABŞ-ın Türkiyənin bölgədəki, xüsusən də bölgəmizdəki, keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasındakı təsirini məhdudlaşdırmaq üçün kifayət qədər təsir gücü yoxdur. Buna görə də deyilənlər, ehtimal ki, şəxsi bir fərziyyədir.

 

ABŞ-ın bölgəmizdəki mümkün addımlarına gəldikdə (və Prezident Bayden praqmatik bir davranış xəttinə sadiqdir), çox güman ki, siyasətini mövcud münaqişədən sonrakı proseslərə uyğunlaşdırmaqdan ibarət olacaq. Xüsusilə Ağdam bölgəsindəki minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ABŞ-ın gerçəkləri başa düşdüyünü və yenə də özünə müəyyən xal qazanmağa çalışacağını göstərir.

 

Bölgəmizdə Türkiyəyə qarşı çıxmaq mənasız bir məşğuliyyətdir. ABŞ da bunu başa düşür. Düşünürəm ki, bu istiqamətdə onlar tərəfindən heç bir praktik addım atılmayacaq”.

Müəllif: Rauf Orucov