Təhlükəsiz sərhəd və ya bu xəmir hələ çox su aparacaq

Aktual

03.05.2024 - 18:09

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi jurnalist: “Sülh sazişi imzalanmalı, sonra sərhədlərin delimitasiyası aparılmalıdır, çünki delimitasiya üç-beş günün məsələsi deyil”

Azərbaycanla Ermənistan sərhədlərinin Qazax istiqamətində delimitasiya və demarkasiya işləri davam edir. Hər iki ölkənin müvafiq komissiyaları fəaliyyətlərini davam etdirirlər. Proseslə bağlı erməni jurnalistlərə açıqlama verən Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan deyib ki, Ermənistanla Azərbaycan arasında sərhəd elə qurulur ki, heç bir tərəfin hücuma əsası olmasın.

Onun fikrincə, dəqiq müəyyən edilmiş sərhəd hər iki tərəf üçün hücum səbəblərini aradan qaldıracaq: “Hər iki tərəfin təcavüzünün səbəblərini aradan qaldırmaq üçün hüquqi sərhəd lazımdır. Sərhəd məsələlərində qeyri-müəyyənlik çox vaxt mübahisələrə səbəb olur və demarkasiya bu cür münaqişələrin qarşısını ala bilər”.

Sanosyan jurnalistlərdən birini özü ilə yer dəyişdirməyə və Ermənistanın sərhədlərinin harada olması ilə bağlı suala cavab verməyə dəvət edib: “Sizcə, Ermənistanın ərazisi necədir və sərhəd tərəflərin hazırda danışıqlar apardığı yer deyilsə, o zaman hardadır?”. Nazir sualına cavab ala bilməyib.

Sərhədlərin dəqiqləşdirilməsi prosesi və Saoanın açıqlaması ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, sərhədin dəqiqləşməmiş hissələrində təxribatlar ola bilər:

- Hazırda Qazaxın işğaldan azad edilən 4 kəndi ətrafında təhlükəsizlik, tərəflərin bir-birinə hücumu gözlənilmir. Düzdür, həmin kəndlər işğalda idi, problemlər var idi. Amma nəzərə almaq lazımdır ki, Qazaxın kəndləri sülh danışıqlarının mövzusu deyildi. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın mövzusu idi. Həmin kəndlərlə bağlı delimitasiya və demarkasiya işlərinin aparılmasında heç bir problem yoxdur.

Ermənistan hakimiyyəti cəmiyyəti alışdırmaq istəyir ki, bu kəndlər onların deyil, ərazi iddiasına son qoyulmalıdır. Yaxud da, gələcəkdə sərhəd toqquşmasına səbəb olmasın. Hesab edirəm ki, Ermənistan tərəfi ilk növbədə bunu nəzərə alır.

Amma ümumilikdə sərhədlərə bunu şamil etmək olmaz. Ermənistanla Azərbaycanın sərhədi min kilometrdən çoxdur. Yalnız Qazaxın 4 kəndi ilə sərhəddə dəqiqləşmə aparılıb ki, bununla “hər şey bitdi” demək olmaz. Digər istiqamətlər, böyük bir ərazi var ki, bunun dəqiqləşməsi aparılmalıdır. Bunun üçün də sülh danışıqları müsbət nəticə verməlidir.

- Yəni ki, sərhədlərin delimitasiya prosesi sülh sazişindən sonra aparılmalıdır?

- Əlbəttə, sülh sazişi imzalanmalı, sonra sərhədlərin delimitasiyası, demarkasiyası işi həyata keçirilməlidir, çünki delimitasiya üç-beş günün məsələsi deyil. Qazax istiqamətindəki delimitasiya, demarkasiya asandır, bunu həll etmək o qədər də çətin deyil. Amma ümumilikdə sərhədin dəqiqləşməsi uzun və çətin prosesdir. Sülh sazişini delimitasiyadan sonraya saxlamaq sülhü uzun illər yubatmaq deməkdir. Azərbaycanın Gürcüstanla heç bir problemi yoxdur, münaqişəsi yoxdur, amma hələ də delimitasiya prosesi yekunlaşmayıb. Eyni zamanda, hələ bəlli deyil ki, SSRİ dövrünün hansı ilinin xəritələri əsas götürüləcək.

- Amma rəsmi İrəvan Alma-Ata Bəyanatına istinad etmək niyyətini ortaya qoyur...

-Ermənistan tərəfi Alma-Ata Bəyannaməsini üstün tuta bilər. Amma Azərbaycan tərəfinin də istəkləri, tələbləri və şərtləri var. Bu məsələlər problemlər yaradacaq və bu, xeyli zaman alacaq.

Düşünürəm ki, indiki məqamda Ermənistanın atdığı addımlar həm də özünü qorumaq məqsədilədir. Başqa bir məsələ odur ki, məsələn, İranla Azərbaycan sərhədi çox rahatdır. Araz çayı oradan keçir ki, bu, sərhədin dəqiqləşməsinə kömək olub. Yaxud da, Rusiya ilə sərhəddə Samur çayı mövcuddur. Demək istədiyim odur ki, təbii sərhədlər olanda proses çox rahat gedir. Ermənistanla Azərbaycan sərhədinin heç bir yerində təbiilik yoxdur. Yalnız bəzi yerlərdə aşırımlar, yüksəkliklər var ki, bu yüksəkliklərin bir tərəfi Ermənistana, bir tərəfi Azərbaycana düşür. Belə halda sərhədi dəqiqləşdirmək çətindir və zaman tələb edir.

- Digər tərəfdən, radikal quruplar Ermənistanda Qazaxın kəndlərinin qaytarılmasına etiraz edirlər. Bu prosesin sonu necə görünür?

- Əslində Ermənistanda bu, gözlənilən idi. 44 günlük müharibədən sonra da belə etirazlar olub. Zaman-zaman sülhlə bağlı pozitiv bəyanatlar veriləndə də Ermənistanda etirazlar baş qaldırırdı. Ermənistan müxalifəti onun üçün indiki unikal vəziyyətdən istifadə etməyə, Baş nazir Nikol Paşinyanı devirməyə çalışır. Kəndlərin qaytarılması erməni müxalifətinə etiraz etmək üçün şans yaradıb. Demək istədiyim odur ki, bu etirazlar kəndlərin qaytarılmasına yox, hakimiyyətə gəlməsinə görədir. Düşünürəm ki, Ermənistanda bu mübarizə davam edəcək. Lakin nəzərə almaq lazımdır ki, güc strukturları, xüsusilə, Daxili İşlər Nazirliyi Paşinyanın tam nəzarətindədir. Ordu ilə bağlı Paşinyanın problemi var. Çünki orduda Paşinyana tabe olmaq istəməyən qruplar var. Amma düşünmürəm ki, ordu ayağa qalxsın, hərbi çevriliş etsin. Bu baxımdan, fikrimcə, proseslər davam etsə də, çevriliş gözlənilmir.

Müəllif: Anar Bayramoğlu