Osman Gündüz: “Günahkarlar cəzalandırılmalı və bu tip yanlışlıqların təkrarlanmaması üçün tədbirlər görülməlidir”
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumat yanlışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yanlışlığı texniki xəta ilə əlaqələndirib və üzrxahlıq edib. Əslində, baş verənlər insan sağlamlığı və xüsusən də koronavirus infeksiyası ilə bağlı olduğundan və dövlət qurumu tərəfindən gerçəkləşdiyindən kifayət qədər ciddi hadisədir. Dövlət tərəfindən TƏBİB qarşısına dayanıqlı və keyfiyyətli tibbi xidmət göstərilməsi vəzifəsi qoyulub. Düşünürəm ki , cavabdeh qurumlar bunun fərqində olmalıdır”.
AYNA xəbər verir ki, bu sözləri Multimedia Mərkəzinin rəhbəri, İKT mütəxəssisi Osman Gündüz, vətəndaşlara göndərilən koronavirus testlərinin səhv cavablarına münasibət bildirərkən deyib.
O.Gündüzün sözlərinə görə, ilkin araşdırmalar onu deməyə əsas verir ki, its.gov.az portalı və onun üzərində olan elektron xidmətlər ASAN və eGov Mərkəzi ilə əlaqələndirilmədən, güman ki, tez başa çatması üçün tender keçirilmədən qapalı satınalma əsasında TƏBİB tərəfindən yaradılıb: “Müşahidələr onu deməyə əsas verir ki, portal və xidmətlər əsasən Nazirlər Kabineti yanında Operativ Qərargaha tabedir. Baza isə NRYTN yanında AzİnTelekom Data Mərkəzində yerləşir. İlk öncə onu qeyd etmək vacibdir ki, sistemə hər hansı müdaxilə və ya kiberhücum faktı qeydə alınmayıb. Görəsən problem sistemin proqram təminatının alqoritmlərində olub, yoxsa proqramdan düzgün istifadə olunmayıb?”.
“Adətən bu tip səhvlər sistemin proqram təminatı ilə bağlı olur. Proqram təminatının hansı qurum tərəfindən hazırlanması haqqında məlumat verilməyib. Bu sistemin proqram təminatında problem ola biləcəyi inandırıcı görünmür. Çünki sistemin proqram təminatında alqoritmlərin düzgün qurulmaması indiyədək göndərilən SMS-lərin də səhv olması demək oladı. Lakin bildirildiyinə görə, 25 iyul tarixədək belə səhvlər olmayıb. Bununla belə düşünürəm ki, alqoritmlərlə bağlı sistemin bir daha testdən keçirilməsi faydalı olardı”, - deyə mütəxəssis qeyd edib.
O.gündüzün qənaətincə ilkin araşdırmalar onu deməyə əsas verir ki, bu cür yanlış məlumatlandırma daha çox sistemdən istifadəylə, yəni insan amili ilə bağlı olub: “Güman etmək olar ki, məlumatlandırma sistemi tam elektronlaşmayıb. Yəni düşünmək olar ki, analiz verənlərin mövcud bazası üzrə COVID-19 testlərinin nəticələrinin emal olunması tam olaraq avtomatik deyil, müəyyən hissəsi TƏBİB operatoru tərəfindən həyata keçirilir. Güman etmək olar ki, sistemin istifadəçiləri məlumatları emal edərkən və zəruri ünvanlara göndərərkən tələskənliyə və diqqətsizliyə yol veriblər. Nəticədə, hazır SMS məlumatları səhv baza seçimi üzrə yanlış ünvanlara göndərilib. Beləliklə düşünmək olar ki, baş verənlər səhlənkarlıq və məsuliyyətsizlik ucbatından baş verib. Görünür ki, qurumda elektron xidmətlərin təqdim edilməsi ilə bağlı çatışmazlıq və qüsurlar var. Eyni zamanda düşünürəm ki, dövlət xidmətlərinin keyfiyyətinə və eGov-a cavabdeh olan ASAN da, bu cür ictimai əhəmiyyətli elektron xidmətin hazırlanması və keyfiyyətinin qiymətləndirilməsinə gərək zamanında diqqət yetirəydi. Təəssüf ki, bu cür əhəmiyyətli e-xidmətin hazırlanmasında adı çəkilən qurumlar arasında koordinasiya olmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar baş verənlərdən nəticə çıxarmalıdır, günahkarlar cəzalandırılmalı və bu tip yanlışlıqların təkrarlanmaması üçün tədbirlər görülməlidir”.