Polis gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət

31.12.2019 - 08:28

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 31-dən yanvarın 6-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək

 

Bu gündən Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 6-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.

 

Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək. Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Ölkə ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.

Müəllif: Ayna.az