“Şuşa azad olunan gün ermənilər “Qarabağ” restoranımı yandırdılar”

Aktual

09.07.2021 - 10:18

Toğrul Allahverdili: “Ermənilər reallıqla barışıblar və başa düşürlər ki, “dəmir yumruq” yerindədir”

 

Anar Natiqoğlu: “Döyüşlər zamanı ermənilərlə kütləvi toqquşmalar olsa da, hazırda nisbi sakitlikdir”

 

Kənan Hacıəkbəroğlıu: “Əvvəllər onlar başıdik gəzər, biz özümüzü sınmış sayardıq, Vətən müharibəsi bunun əksini yaşatdı”

 

Ötən ilin yayında Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız böyük fəallıq nümayiş etdirdilər. Dünyanın müxtəlif yerlərində aksiyalar təşkil edən həmyerlilərimiz bəzən ermənilərin təxribatı ilə üzləşir, onlara cavab vermək məcburiyyətində qalırdılar.

 

Müharibə hərbi müstəvidə bitsə də, informasiya və diaspor savaşı davam edir. Böyük təsir rıçaqlarına malik erməni diasporu hər vəchlə Azərbaycanın tarixi Zəfərinə kölgə salmağa, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu ləkələməyə çalışır.

 

Bəs, görəsən xaricdə yaşayan soydaşlarımız buna qarşı hansı addımları atır və ermənilərin təxribatı ilə üzləşirlərmi? AYNA mövzunu diaspor eksperti və xaricdə yaşayan soydaşlarımızla müzakirə edib.

No description available.

Azərbaycan Diaspor İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdilinin sözlərinə görə, Tovuz hadisələri göstərdi ki, Azərbaycan təkcə hərbi cəbhədə deyil, xaricdə də ermənilərlə müharibə şəraitindədir: “Tovuz hadisələrindən sonra 44 günlük Vətən müharibəsi zamanı da xaricdə yaşayan soydaşlarımız dəfələrlə ermənilərin təxribatları ilə üzləşiblər. Ortaya çıxan mənzərə bundan ibarətdir ki, Ermənistanda yaşayan ermənilərlə Fransada yaşayan ermənilər arasında heç bir fərq yoxdur. Gümrüdə olan erməni ilə Moskvada olan erməninin heç bir fərqi yoxdur. Çünki onların xisləti eynidir və Azərbaycana qarşı nifrət hissi ilə alışıb yanırlar. Xaricdə təşkilatlanan ermənilər saxta bəyanatlar və uydurma iddialarla vaxtaşırı olaraq Azərbaycana və Türkiyəyə qarşı mübarizə aparıblar. Biz bunun həm Tovuz hadisələri, həm də 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq. Onlar bu gün də öz ənənəvi fəaliyyətini davam etdirirlər”.

 

Həmsöhbətimiz xatırladıb ki, 44 günlük Vətən müharibəsi zamanı biz düşməni acı məğlubiyyətə uğratdıq və ermənilərdə dərin məyusluq hissi yarandı: “Bu məyusluq Ermənistanın daxilində hakimiyyət böhranı, daxili qarşıdurmalar şəklində özünü göstərsə də, xaricdə yaşayan ermənilər arasında ruh düşkünlüyü yaratdı. Elə bu səbəbdən də özünü demokratiyanın beşiyi sayan Avropanın mərkəzində törətmiş olduqları azğınlıqların da səmərəsiz olduğunu başa düşdülər”.

 

“Misal üçün, “Real” televiziyasının əməkdaşı Xatirə Sərdarqızına qarşı baş verən hücumlar, onun yaralanması aydın şəkildə ortaya qoyurdu ki, onlar istənilən cinayətə getməyə hazırdırlar. Təbii ki, düşmən yatmayıb və yenə də pusqudadır. Böyük məğlubiyyətdən sonra onlar öz qınlarına çəkilsələr də, hər zaman onlardan yeni təxribatlar gözləmək mümkündür. Bu gün üçün isə nisbi sakitlikdir və ermənilərlə soydaşlarımız arasında ciddi ixtilaflar baş vermir” , - deyə ADİM sədri bildirib.

 

Allahverdili soydaşlarımıza çağırış etməyi də unutmayıb: “Erməni təxribatına uymamalıyıq. Çünki biz əsas istəyimizə nail olmuşuq - erməniləri həm hərbi müstəvidə, həm də informasiya müstəvisində məğlubiyyətə uğratmışıq. İstər hərbi, istərsə də diaspor və informasiya cəbhəsində olsun, “dəmir yumruq” öz yerindədir. Bu baxımdan ermənilərin atacağı istənilən addım və təxribat onların özlərinə qarşı yönələcək”.

No description available.

Ukraynada yaşayan həmyerlimiz, jurnalist Anar Natiqoğlu da Tovuz hadisələri və Vətən müharibəsi zamanı erməni təxribatlarının geniş vüsət aldığını, amma hazırda vəziyyət sabit olduğunu deyib: “Ukraynada da ermənilərlə azərbaycanlılar arasında toqquşmalar olurdu. Əsasən paytaxt Kiyevdə bu toqquşmalar qeydə alınırdı. Müharibə dövründə soydaşlarımız arasında görünməmiş həmrəylik yaşandı. Hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı əsas diqqətini məhz bu müharibəyə yönəltmişdi. Müxtəlif şəhər və rayonlardan Azərbaycanın Ukraynadakı səfirliyinə, diaspor təşkilatlarına siyahılar təqdim edilirdi. Bu, Ukraynada yaşayan və döyüşmək üçün Azərbaycana qayıtmaq istəyən azərbaycanlıların siyahısı idi”.

 

“Eyni zamanda yardımlaşma aksiyaları təşkil edirdik. Təşkilatlanma ən yüksək səviyyədə idi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər həm də xaricdə yaşayan azərbaycanlıların üzərindən qara ləkəni sildi. Biz artıq xalqın təmsilçiləriyik və bununla qürur duyuruq”, - deyə həmyerlimiz vurğulayıb.

 

Natiqoğlu qeyd edib ki, bu gün Ukraynada ermənilərlə azərbaycanlılar arasında hər hansı ciddi qarşıdurma baş vermir: “Çünki onlar reallığı qəbul ediblər. Əgər Ermənistanın özündə yaşayan ermənilər məğlub hökumətin rəhbərinə yenidən etimad göstərirsə, deməli, onlar artıq müharibə istəmirlər. Təbii ki, ermənilər müharibədə olduğu kimi, digər cəbhələrdə də məğlub olublar və bunun fərqinə varırlar. Qarabağ Azərbaycandır!”.

No description available.

İsveçdə yaşayan həmyerlimiz, Qarabağ qazisi Kənan Hacıəkbəroğlu Vətən müharibəsinin dünya azərbaycanlıları üçün qürur zirvəsi olduğunu söyləyib: “Bu qələbə milli kimliyimizi özümüzə qaytardı. Artıq 30 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağında idi. Təbii ki, işğalçılıq siyasəti və işğal faktı ermənilər arasında bir əminlik yaratmışdı. Bu baxımdan hər fürsətdə azərbaycanlıları aşağılamağa çalışır, müxtəlif təxribatlara əl atırdılar”.

 

“Biz qəriblikdə yaşayırıq və Azərbaycan sevdalısı olaraq bunu özümüzə sığışdıra bilmirdik. Müxtəlif tədbirlərdə, görüşlərdə özümüzü sınmış kimi hiss edirdik. Şükürlər olsun ki, Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfər milli kimliyimizi özümüzə qaytardı. Avropanın, o cümlədən İsveçin böyük şəhərlərində müxtəlif tədbirlər həyata keçirdik. Azərbaycana dəstək kampaniyaları təşkil edir, böyük fəallıq nümayiş etdirirdik”, - deyə soydaşımız bildirib.

 

O, diqqətçəkən bir məqamı da dilə gətirib: “Maşın karvanları ilə Azərbaycan və Türkiyə bayraqlarına bürünərək, yürüşlər təşkil edir, aksiyalar düzənləyirdik. Ermənilər şəxsimə məxsus, “Qarabağ” adlı restoranımı yandırdılar. Bu, Şuşanın azad olunduğu gün baş verdi”.

 

“Bu gün artıq biz qalib xalqıq. Ermənilər isə məğlub xalqdır. Necə ki, torpaqlarımız işğal altında olduğu dövrlərdə onlar qürurla gəzirdilər, indi biz qürur nümayiş etdirirk. Onlar bu reallıqla barışıblar və hazırda ciddi konfliktlər qeydə alınmır”, - deyə Hacıəkbəroğlu fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev