Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür

Dünya

04.10.2023 - 10:16

Əkrəm Həsənov: “Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir və bu, ölkənin çöküşü ilə bitəcək”

Eldəniz Əmirov: “Gələn il Rusiya iqtisadiyyatı böhranlı dövrə qədəm qoyacaq”

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib. Rusiyada illik inflyasiyanın 7,5 faiz olduğunu qeyd edən nazirin sözlərinə görə, gələn il orta illik inflyasiya 10 faizdən artıq olacaq: “Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 5 faizə düşəcəyini gözləyirik. Lakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”.

Rusiya Mərkəzi Bankı (RMB) rublun ucuzlaşması fonunda artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb. RMB sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.

Qeyd edək ki, ötən ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Moskva uzun müddət inzibati resurlsar hesabına daxili iqtisadi vəziyyəti sabit saxlamağa müvəffəq olsa da, 2023-cü ilin ortalarından rus rublunun qiyməti enməyə başladı.

Bəzi ekspertlər rublun “ölməsinin” Rusiyanın ixracını bir qədər stimullaşdıracağı qənaətində olsalar da, prosesin ümumilikdə şimal qonşumuzun iqtisadi cəhətdən çöküşünə gətirəcəyini iddia edənlər də var. Bütün hallarda Rusiya gərgin iqtisadi dövrə qədəm qoyur və artıq bunu rəsmi şəxslər də etiraf edirlər. Rusiyanın iqtisadi inkişaf naziri və baş bankirin son açıqlamaları da bu xüsusda təsadüfi sayıla bilməz.

Bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanı növbəti ildə dərin iqtisadi böhran gözləyir: “Bunun da öz növbəsində kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb odur ki, ABŞ və müttəfiqləri Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqləri davam etdirir. 12-ci sanksiya paketi qəbul olunub. Gələn il ABŞ-da Prezident seçkiləridir. Cozef Bayden bəyan edib ki, yenidən prezidentliyə namizəd olacaq. Onun seçkilərdə qələbə qazanması Rusiyaya qarşı təzyiqlərin nəticəsindən daha çox asılı olacaq”.

“Bu mənada Bayden çalışacaq ki, Moskvaya qarşı təzyiqləri gücləndirsin. Bu, həm hərbi, həm də iqtisadi baxımdan həyata keçiriləcək. Əsas diqqət neftin qiymətinin aşağı salınmasına yönələcək. ABŞ-ın İranla anlaşmağa çalışması, enerji daşıyıcılarının qiymətinin enməsinə yönəlik fəaliyyəti bunun bariz nümunəsidir. Bu siyasət gələn il də davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Həsənov hesab edir ki, Rusiya böyük dövlətdir və onun çökdürülməsi asan olmayacaq: “Bunun üçün müəyyən zamana ehtiyac var. Təbii ki, ildən-ilə Rusiyanın iqtisadi vəziyyəti pisləşəcək. Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Ukrayna müharibəsində Rusiyanın hərbi baxımdan çökdürülməsi ilə yanaşı, daxildə iqtisadi böhranın yaranması istiqamətində də fəaliyyət davam edəcək. Onsuz da Rusiyada iqtisadi vəziyyət ağırdır. ABŞ və müttəfiqləri çalışır ki, daha da ağır olsun. Düzdür, rus rublunun enməsi və yüksək neft-qaz qiymətləri şimal qonşumuzun ixrac potensialını artırır. Lakin bu, uzun müddət belə davam etməyəcək. Ən dəhşətlisi isə odur ki, Kreml artıq gözlənilən iqtisadi və siyasi böhranın qarşısını almaqda acizdir. Regiona nəzarət imkanlarını itirir. Qərb təmkinli siyasət yürüdür və bu siyasət yaxın gələcəkdə Rusiyanın çöküşü ilə bitəcək”.

İqtisadçı alim Eldəniz Əmirov da AYNA-ya şərhində söyləyib ki, Rusiya iqtisadiyyatı böhranlı dövrünü yaşayır: “Ötən ilin fevralında Rusiya Ukraynaya qarşı hücumlara başlayandan sonra Qərbin çoxvektorlu embarqoları fonunda, bəziləri belə hesab edirdi ki, Rusiya iqtisadiyyatı dərhal çökəcək. Bu, şübhəsiz ki, qeyri-peşəkar yanaşma idi. Qərb təsisatları da bilirdi ki, bu proses uzun müddətdən sonra öz bəhrəsini verəcək. Məhz bu səbəbdən də prosesi tədricən həyata keçirirlər. Bir tərəfdən Ukrayna silahlandırılır, digər tərəfdən isə şimal qonşumuza qarşı çovektorlu sanksiyalar tətbiq edirlər”.

“Görünən odur ki, ABŞ və müttəfiqləri bu mövqedə prinsipialdır və sona qədər dirəniş göstərəcəklər. Rusiya iqtisadiyyatı ötən müddət ərzində kifayət qədər zəifləyib. Bu zəifləmə davam edəcək. Növbəti il Rusiya iqtisadiyyatı böhranlı bir dövr yaşayacaq. İnzibati yollar işlək olmayacaq. Məlum proqnozlar da göstərir ki, artıq baş verənlər Rusiya hökumətini narahat etməkdədir”, - deyə müsahibimiz söyləyib.

Əmirovun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin azalması Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər: “Artıq Vaşinqton Tehranla neft və qaz sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparır. Digər alternativlər üzərində də işlənilir. Çünki Qərbdə bilirlər ki, müharibə itkiləri, iqtisadi-siyasi gərginliklər fonunda neft-qaz qiymətlərinin enməsi Rusiya üçün öldürücü zərbə olacaq. Bu istiqamətdə ciddi səylə çalışırlar. Nəzərə alsaq ki, gələn il ABŞ-da seçkilərdir, bu xüsusda Rusiyaya qarşı təzyiqlərin artacağını söyləmək olar. Nəticədə Rusiya iqtisadiyyatı daha da zəifləyəcək”.

Müəllif: Azər Niftiyev