Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik...

Aktual

30.09.2022 - 10:19

“Vəziyyət olduqca pisdir, əhali qorxu içindədir, hamı qaçmağa çalışır”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarından sonra Prezident Vladimir Putin qismən səfərbərlik elan edib.

Onun bu qərarından sonra Rusiyada əhali kütləvi etirazlara başlayıb. Bir sıra şəhərlərdə hərbi komissarlıqlara hücumlar olub, yüzminlərlə Rusiya vətəndaşı ölkəsini tərk edib. Bu səbəbdən Moskvadan dünyanın müxtəlif şəhərlərinə təyyarə biletlərinin qiyməti dəfələrlə bahalaşıb.

Rusların əsasən Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan, Azərbaycan, Monqolustan və Avropa Birliyi ölkələrinə üz tutduğu bildirilir. İddialara görə, təkcə son altı ay ərzində bir milyondan artıq rusiyalı Türkiyəyə üz tutub.

AYNA baş verənlər barədə Rusiyada yaşayan soydaşlarımızla həmsöhbət olub.

Moskvada yaşayan və kiçik ticarətlə məşğul olan Habil Fətullayev:

“Paytaxtda ciddi təşviş hökm sürür. İnsanlar çox ciddi ümidsizlik içindədirlər. Düzdür, rus rublu dəyərini qoruyur, iqtisadi böhran olsa da, xaotik səviyyədə deyil. Amma həm ruslar, həm də miqrantlar ciddi şəkildə narahatdırlar.

İmkanlı adamlar sərmayələrini geri çəkirlər. Özlərinə məxsus əmlakları satışa çıxarırlar. Hətta, kütləvi şəkildə avtomobillərini satanlar da var. İş yerləri bağlanır, xüsusən sosial təminatı aşağı səviyyədə olan insanlar daha çox ehtiyac içində yaşayırlar. Aqressiya artır və hər gün bazarlarda, küçələrdə dava-dalaş baş verir. Bu gediş Rusiya üçün yaxşı heç nə vəd etmir.

Əhalidə bir ümid var ki, müharibə tezliklə bitəcək. Rusiya hökumətinin tezliklə danışıqlara başlayacağı barədə söz-söhbətlər gəzir. Əhali və miqrantlar ümid edirlər ki, ən yaxın zamanda bu proses baş verəcək. Əgər Putin və komandası Ukraynaya qarşı təcavüzünü uzun müddət davam etdirsə, bu, Moskvada çox ciddi və qarşısıalınmaz böhrana səbəb olacaq. Artıq bunun əlamətləri tam çılpaqlığı ilə ortadadır”.

Tver vilayətində yaşayan Bəhruz Mustafayev:

“Müharibənin ilk aylarında ciddi problemlərlə üzləşməsək də, son dövrlər vəziyyət doğrudan da pisləşib. Mən və qardaşlarım burada meyvə-tərəvəz məhsulllarının topdansatışı ilə məşğuluq. 20 ildir Tverdə yaşayırıq. Tam səmimi deyirəm ki, heç vaxt belə bir duruma düşməmişdik.

Ruslar meyvə-tərəvəzə xüsusi önəm verirlər. Demək olar ki, hər bir rusun evində mövsümi meyvə-tərəvəz məhsulları olur. Ona görə də əsas çətinliyimiz rəqiblərin çoxluğu ilə bağlı olurdu.

Hazırda isə həm biz, həm də rəqiblərimiz ticarət edə bilmirlər. Alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Sentyabr ayı ölü ay idi və demək olar ki, dövriyyə olmadı. Azərbaycanda normal iş tapsaydıq, qayıdardıq öz vətənimizə.

Dövriyyə azalsa da, Moskvada topdansatış məntəqələrində qiymətlər od tutub yanır. Məhsulu baha alıb, ucuz satırsan. Alan da yoxdur. Zərərə işləyirik. Ümid edirik ki, düzələcək. Amma görünən odur ki, vəziyyət daha da pisləşəcək. Biz də qayıtmalı olacağıq. Bir müddət sonra Rusiyada yaşayan azərbaycanlı miqrantlar kütləvi şəkildə geri dönəcəklər. Vəziyyət çox pis və ümidsizdir”.

Nijni Novqorod şəhərində yaşayan Ramin Musayev:

“Əhali panik əhval-ruhiyyədədir. Vəziyyət ağır olaraq qalır. Misal üçün, biz elə də ciddi fərq etmirik. Amma əhalidə bir inamsızlıq var. Ruslar da, miqrantlar da müharibənin bitməsini istəyirlər. Hər kəs ümid edir ki, müharibə ilin sonuna qədər bitəcək. Bitməsə, çox çətin olacaq.

Qiymətlərdə artımlar var, amma fantastik səviyyədə deyil. Əsasən xaricdən gətirilən məhsullar bahalaşıb. Rusiyada istehsal olunan mallar elə də baha deyil.

Daxildə ciddi narazılıqlar var. Miqrantlara qarşı münasibət də yaxşı deyil. Açıq şəkildə deyirlər ki, “vaxtında ukraynalılar da burada pul qazanırdılar, indi isə bizə qarşı döyüşürlər”. Keçmiş ittifaq ölkələrindən olan miqrantlara qarşı soyuq münasibət hökm sürür.

Müharibədən sonra bəzi ticarətçilərin vəziyyəti nəinki pisləşməyib, əksinə, yaxşılaşıb. Bəziləri embarqolardan sonra Rusiyada yaranan boşluqdan ustalıqla istifadə etdilər. Onların arasında soydaşlarımız da var. Bunlar əsasən iri biznesmenlərdir. Kiçik ticarətçilərə gəldikdə isə, onlar ümidsiz vəziyyətdədirlər. Hər an hər şeyə hazırıq. Bir halda ki, ruslar kütləvi şəkildə ölkəni tərk edirlər, bizi də eyni aqibət gözləyir”.

Krasnoyarsk vilayətində yaşayan Elşən Mahmudov:

“Yaşadığımız şəhərdə repressiyalar hökm sürür. Narazı insanların siyahısını tutur, onlara qarşı repressiya siyasəti həyata keçirirlər. O gün bazardan dörd nəfəri apardılar - divara şüar yapışdırmışdılar deyə. Şüar isə “Müharibəyə son!” idi. Ona görə hamı ehtiyatla hərəkət edir.

Miqrantlar arasında belələri olan kimi deportasiya edirlər. Əhalidə və miqrantlarda ciddi təşviş var. Baxmayaraq ki, sosial-iqtisadi vəziyyət pisləşir, heç kim səsini çıxarmır. Çünki əmindirlər ki, dörd divar arasına salınacaqlar.

Azərbaycan hökuməti öz vətəndaşlarına sahib çıxmalıdır. Heç kim istəməz ki, öz vətənindən kənarda yaşasın. İllərdir burada yaşayırıq. Burada qocalıb ölürük. Öləndə yalnız meyitimizi gətirib Azərbaycanda dəfn edirlər.

Qabaqlar yenə gəlirimiz olurdu. İndi heç o da yoxdur. Günü–gündən vəziyyət pisləşir, panika var, bilinmir necə olacaq. Ruslar qaçırsa, biz də qaçacağıq. Amma hara?! Biz vətənə qayıtmaq istəyirik”.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə