Sosial şəbəkələrdə söyülürük, "döyülürük", polis isə susur...

Cəmiyyət

05.03.2020 - 10:23

"Kibercinayət törədən 5-10 nəfəri tapmaq, cəzalandırmaq və cəmiyyətə məlumat vermək lazımdır"

 

Elm, texnika, informasiya texnologiyaları inkişaf etdikcə cinayətlərin növləri də yenilənir. Kibercinayətkarlıq da məhz kompüter əsrinin meydana gətirdiyi bəladır. Və demək olar ki, bütün ölkələrdə bu bəla ilə mübarizə aparılır.

 

O cümlədən ölkəmizdə kibercinayətkarlıqla mübarizə məqsədilə bir sıra işlər görülür. Azərbaycan 2009-cu ildən “Kibercinayətkarlıq haqqında” Avropa Şurasının Konvensiyasına qoşulub. 2019-cu ilin əvvəlində Prezidentin fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri kordinasiya etmək üçün Dövlət Komissisyası yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Kibercinayətkarlığa Qarşı Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir.

 

Hazırda Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində 2 dövlət qurumu - Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) səlahiyyətlidir. Belə ki, Prezident İlham Əliyevin 2000-ci il 25 avqust tarixli Fərmanı ilə DİN-ə də kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib. Yəni həmin dövrdən başlayaraq kibercinayətlərlə bağlı daxili işlər (polis) orqanları da ibtidai istintaq apara bilir.

 

Maraqlıdır, ölkədə kibercinayətkarlıqla mübarizə aparacaq kifayət qədər qurum varkən, hansı səbəbdən hələ də sosial şəbəkələrdə bəzi real və ya saxta profil sahibləri belə rahatlıqla “at oynada” bilirlər? Səlahiyyətli qurumlar həmin profil sahiblərinin tapılmasında, o cümlədən kibercinayətlərin açılmasında acizdir, yoxsa sadəcə maraqlı deyil? Hazırda kibercinayətkarların tapılmasında İKT-nin imkanları nə qədərdir? Mövzu ilə bağlı suallarımıza ekspertlərlə AYNA tutmağa çalışdıq.

Картинки по запросу

Hüquqşünas Nicat Gözəlov düşünür ki, polis belə cinayətlərin üstünü açmaqda aciz yox, sadəcə maraqlı deyil: “Son dövrdə klaviyatura arxasında oturub insanların həyatına müdaxilə edən və bunu özünə yaxşı peşə hesab edən adamlar var. Saxta profilləri yaradaraq insanları təhqir etməklə yanaşı, onların şəxsi həyatlarına qəsd, şantaj edirlər. Hətta bu məsələlərə görə ağır cinayət hadisələri də baş verir. Halbuki vaxtında qarşısı alınsa, preventiv tədbirlər görülsə, insanlar son həddə çatmazlar”.

 

“Bunun üçün həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizliyi Xidməti kifayət qədər texnikaya malikdir. Müəyyən edə bilirlər ki, saxta profilləri açan kimdir və bunun üzərində işləyən kimdir. Ən azından, belə cinayətlər törədən 5-10 nəfəri tapmaq, cəzalandırmaq və cəmiyyətə məlumat vermək lazımdır. Cəzasızlıq olduğuna görə çox işlər baş verir. Ən azından bir neçəsi tapılsaydı və məhkəmə qarşısına çıxarılsaydı, yəqin ki, bəzi məsələlərdə vəziyyət dəyişərdi”, - deyə hüquqşünas bildirib.

Картинки по запросу

Keçmiş MTN zabiti İlham İsmayıl da N.Gözəlov kimi düşünür: “Elə məsələlər var ki, heç gözlənilmədən polis onun üstünü açır, əməli törədəni tapır, sonuna qədər problemi həll edir. Bəzi məsələlərə isə bir o qədər də ətraflı yanaşmır. Çünki qanunvericilikdə kibercinayətkarlıqla bağlı məsələlər düzgün əksini tapmayıb, tələblər də düzgün deyil. Hazırda kibercinayətlərə qarşı texnika o qədər irəli gedib ki, hətta saxta profili də tapmaq mümkündür. Bu imkanlardan istifadə edərək bütün kibercinayətkarlar praktik şəkildə cəzalandırılmalıdır. Əgər insanlar hiss etsələr ki, sosial şəbəkələrdə söyüş, təhqir, böhtan və s. yazanlar anındaca layiqli cəzasını alırlar, o zaman belə neqativ əməllərin sayı azalar”.

 

“Bu məsələ ilə bağlı həm qanunverici orqan olan parlament ortaya kəskin mövqe qoymalıdır, həm də Prokurorluq bu məsələnin üzərinə ciddi getməlidir. Əgər səhlənkar yanaşılarsa, başısoyuq davranılarsa, qarşısını almaq mümkün olmayacaq”, - deyə İ.İsmayıl vurğulayıb.

Картинки по запросу

Məsələnin texniki imkanlarını araşdırdıqda da məlum olur ki, kibercinayətlərlə mübarizə aparmaq mümkündür. İKT üzrə mütəxəssis Əli Vəliyevin (ad şərtidir) sözlərinə görə, bu mübarizənin xüsusi üsulları var: “Biz kibercinayətkarlığa qarşı mübarizə aparırıq, əks halda bütün təşkilatları, bankları ələ keçirmək mümkün olardı. Hesab edirəm ki, öz mənafeyini, məlumatını, vəsaitini qoruyan hər bir təşkilatda mütləq informasiya təhlükəsizliyi üzrə mütəxəssislər olmalıdır”.

 

Onun sözlərinə görə, insident baş verdikdən sonra mübarizə aparmaq çətindir: “Həmçinin hüquq mühafizə orqanlarında bununla bağlı nə qədər peşəkarların olduğunu demək çətindir. Yaxşı olar ki, hər bir qurum  özü bu haqda düşünsün. Dövlət qurumlarında artıq bununla bağlı xüsusi sistem var. Kommersiya qurumlarında isə mütləq bu sahə üzrə mütəxəssislər olmalıdır ki, sistemləri, məlumatları qorusunlar”.

 

Ekspert saxta profillər vasitəsilə törədilən cinayətlərin üstünün açılmasının mümkün olub-olmadığına da aydınlıq gətirib: “Bu, artıq həmin şəxsin nə dərəcədə peşəkar olmasına bağlıdır. Əgər bu sahəni kifayət qədər bilən adam hazırlayıbsa, tapmaq çətindir. Yox əgər adi adam edibsə, onu müəyyən üsullarla dərhal tapmaq olur. Həmin profil sahibini tapmaq üçün bəzən müəyyən müddət də tələb oluna bilər. Provayder istifadəçiləri özləri həmin profilləri şikayət edərək bağlatdıra bilərlər. Ancaq onlar haqqında məlumatı isə ancaq hüquq-mühafizə orqanları əldə edə bilər. Çünki serverlər məlumatları ancaq hüquq-mühafizə orqanına verir”.

Müəllif: Rumiyyə Miraslan