Soçi masasında “Moskva variantı” – “Rəsmi Bakının bununla razılaşması mümkün deyil”

Siyasət

31.10.2022 - 12:45

Asif Nərimanlı: “Onların planlarının hazırda müzakirə edilən variantının son mətni Azərbaycanın gündəliyinə uyğun olacaq”

Bu gün Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Görüş Rusiya Prezidentinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. Kremldən təsdiqlənən məlumatda qeyd edilib ki, liderlər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan sənədlərin icra vəziyyətini, regiondakı təhlükəsizlik məsələlərini, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması istiqamətində mövzuları müzakirə edəcəklər.

Qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə 15 maddədən ibarət sülh sazişi sənədi var ki, sözügedən sənəd Soçidə masaya qoyulacaq.  Sənədin Ermənistanın maraqlarına uyğun olduğu haqqında mülahizələr var.

Soçi görüşündən gözləntilər, Rusiyanın sülhlə bağlı təklif etdiyi variant, Putinin “Valday” diskussiya klubunun iclasındakı açıqlamaları ilə bağlı AYNA-nın suallarını siyasi şərhçi Asif Nərimanlı cavablandırıb.  Əvvəlcə Soçi görüşünə toxunan analitik deyib ki, bu görüşün Putinin Qərbin – ABŞ və Fransanın bölgədə vasitəçilik üzərindən girişini əngəlləmək, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində təşəbbüsü yenidən ələ almaq gedişi olduğu bəllidir:

- Hərçənd ki, müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmaların icrasında irəliləyişlər çox azdır. Bu baxımdan, Putin təşəbbüsü ələ almaq, üçtərəfli razılaşmaların icrasına sadiqliyi yenidən təsdiq etmək üçün belə bir görüş keçirsə də, yeni nəsə də etməlidir. Ona görə də, Soçidə yekun bəyannamənin qəbul ediləcəyini və bu bəyannamədə üçtərəfli razılaşmaların tam icrasının vacibliyinin qeyd olunması ilə yanaşı, sülh sazişinin üzərində Moskvanın iştirakı ilə işin başlanmasının da əksini tapacağını düşünürəm. Rusiya bununla prosesi nəzarətə götürməyə çalışacaq.

- Putinin Qarabağla bağlı “Valday”da verdiyi açıqlama tərəflərə Soçi görüşü öncəsi hansı mesajlar idi?

- Bu açıqlama daha çox Paşinyana qarşı hesablanmışdı və Qərblə yaxınlaşan, o cümlədən, Bakı-İrəvan münasibətlərində Qərbin təşəbbüsünün ön plana çıxmasına şərait yaradan İrəvan hakimiyyətinə qarşı erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyırdı. Putin erməni xalqına mesaj verirdi ki, Qərb Qarabağı tam olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, bunu istəyirsinizsə, buyurun. Yox, Qarabağdakı separatçı rejimin mövcudluğuna ümid edirsinizsə, Rusiya belə bir şansı yarada bilər. Lakin Putin bununla bağlı ermənilərə vəd vermirdi, onun Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyinin” mesajını verdi. Təbii ki, Soçi görüşdən öncə verilən bu açıqlama görüşdə Qarabağdakı separatçıların taleyi ilə bağlı məsələlərin də müzakirə ediləcəyi gözləntisini artırır.

Paşinyanın son açıqlamalarına istinad etsək, Rusiyanın təqdim etdiyi 15 bəndlik həll planında “Qarabağ məsələsi” də var. Moskva bölgədə daha uzunmüddətli qalmaq üçün separatçıların mövcudluğunu qorumağa çalışacaq. Lakin fikrimcə, burada həlledici söz rəsmi Bakınındır. Azərbaycan artıq Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyini açıqlayıb və bu mövqe dəyişməyəcək. Bu mövqeyi dəyişdirə biləcək gücün hazırda olmadığını düşünürəm. Həm Qərb, həm Rusiya hansı gedişi etsə də, nəticə etibarilə Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Bu baxımdan, Putinin “Valday”dakı Qarabağ mesajının daha çox Soçidə Paşinyanın razılığının alınmasına hesablandığı ehtimalı daha böyükdür. Qeyd etdiyim kimi, bu görüşdə sülh sazişinin Rusiya variantının qəbul ediləcəyi istisna deyil, amma Paşinyanın açıqladığı mətnin korrekt edilməsi formasında. Yəni ki, Qarabağ məsələsi ümumiyyətlə daxil edilmir və sonraya saxlanılır. Rusiya sülhməramlılarının bölgədə qalması müddətinin uzadılması da 10 noyabr razılaşmasında nəzərdə tutulan 5 il tamam olanda müzakirə edilir. Fikrimcə, Əliyev yalnız bu halda razı ola bilər.

- Bəyanatların icra vəziyyətinin müzakirə olunacağı bildirilir. Faktiki olaraq, 10 noyabr və 11 yanvar bəyanatlarında icra edilməmiş maddələr var. Bunların icrası ilə bağlı Paşinyana təzyiq edilə bilərmi?

- İstisna deyil ki, bu məsələlərlə bağlı görüşdə irəliləyişə nail olunsun və praktiki mərhələdə addım atılsın. Biz 10 noyabr bəyanatının 4-cü bəndinin icrasında – erməni silahlılarının bölgədən çıxarılması məsələsində irəliləyiş görə bilərik. Sərhədin delimitasiyası və sülh sazişi üçün bu, mütləq icra edilməlidir. Lakin kommunikasiyanın açılmasında Naxçıvana “maneəsiz keçid”in – Zəngəzur dəhlizinin verilməsi məsələsinin icrası çətin görünür. Paşinyan görüşdən öncə də mövqeyini yenilədi və bu məsələdə Qərb bütövlükdə İrəvana dəstək verir. Fikrimcə, Rusiya “maneəsiz keçid” öhdəliyinin icrası üçün fərqli variantlar axtarışındadır, yaxud belə variantlar təklif edilə bilər. Bu, Ermənistanın dəhliz üzərində “vizual nəzarəti” və digər formalarda ola bilər. Çünki Paşinyana ən azı “dəhliz vermədik” deyə bilməsi üçün nəsə əsas verilməlidir.

- Paşinyan Rusiyanın variantını qəbul etdiyini, Soçidə bunu təsdiqləməyə hazır olduğunu bildirdi. Bu variant hansılardır?

- Paşinyanın açıqlamalarına görə Rusiya variantında Qarabağ məsələsi, o cümlədən, Moskvanın “Qarabağ və Ermənistanın qarantı kimi çıxış etdiyi” və rus sülhməramlılarının bölgədə qalma müddətinin uzanması olduğu var. Moskva bu variantın Bakı və İrəvana təqdim edildiyini açıqlamışdı və Ermənistan tərəfinin sözlərinə görə, Soçidə müzakirə ediləcək. Əgər deyilənlər doğrudursa, rəsmi Bakının bu variantla razılaşması mümkün deyil. Bakının rus sülhməramlılarının yerləşdiyi ərazilərlə bağlı mövqeyi bəllidir. Bunu Rusiya da anlayır, fikrimcə, onların planlarının hazırda müzakirə edilən variantının son mətni Azərbaycanın gündəliyinə uyğun olacaq.

Müəllif: Anar Bayramoğlu