Almaniyada "miqrant ovu" davam edir, 61 nəfər azərbaycanlı geri göndərildi

Siyasət

15.11.2019 - 12:03

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb

 

Meydan TV-nin əməkdaşı Həbib Müntəzir öz “Facebook” hesabında Almaniyadan xeyli sayda azərbaycanlı mühacirin deportasiya edildiyini yazıb. “Bu gün Almaniyadan 1 təyyarə adam, cəmi 140 nəfər mühacir Bakıya yola salınıb. Artıq çatıblar, onları DTX əməkdaşları qarşılayıb, sorğu-sual edib, buraxıblar. Görünən odur ki, bu əməliyyat davam edəcək”, - deyə o, qeyd edib.

 

Dövlət Miqrasiya Xidmətinin sözçüsü Elnur Kələntərli AYNA-ya açıqlamasında faktı təsdiqləyib. Ancaq 140 yox, 61 nəfərin geri qaytarıldığını bildirib: ““Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub”.

 

E.Kələntərli onu da qeyd edib ki, readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Müəllif: Ayna.az