Sərhəd görüşünün nəticələri: “Ermənistan 8 kəndi qaytarmağı qəbul edib, amma...”

Siyasət

01.12.2023 - 14:20

BMTM-nin şöbə müdiri: “Rəsmi açıqlamalardan, bəyanatlardan görünür ki, Azərbaycan Ermənistana hansısa ərazi vermək niyyətində deyil”

Azərbaycan və Ermənistan arasında Baş nazirlərin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu gün keçirilən beşinci görüşü keçirilib. Görüş Qazax rayonunda sərhəddə gerçəkləşib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Vurğulanıb ki, tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər.

Beynəlxaqlq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev görüşlə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, İrəvanın Bakı ilə təkbətək danışıqlara razılaşması müsbətdir:

- Çünki bundan əvvəlki görüşlərdə Ermənistan başqa tərəfləri prosesə daxil etməyə çalışırdı. Burada bəzi məsələlər barədə qərarlar qəbul olunub, hansı ki, mediaya açıqlanmayıb. Bundan sonra görüşlərin davamı qərarının verilməsi də müsbət haldır. Ümid edirəm ki, Ermənistan mövqeyində yenidən dəyişiklik etməz, bundan sonra da danışıqlar aparılar.

Qısa müddətdə böyük nəticələr əldə edilməsi bir qədər çətin məsələdir. Çünki tərəflərin sərhədlər, kəndlərlə bağlı fikir ayrılıqları var. Ermənistanın Azərbaycana qarşı kəndlərlə bağlı iddiaları mövcuddur. Eyni zamanda, Azərbaycanın faktiki olaraq 8 kəndi Ermənistanın işğalındadır.

- Yəqin ki, hələ də işğalda olan Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması da gündəmdə olub. Sizcə, Bakı bu kəndlərlə bağlı İrəvan qarşısında hansı şərtləri qoyub?

- Əslində Ermənistan 8 kəndi qaytarmağı da qəbul edib. Çünki rəsmi İrəvan bəyan edib ki, Azərbaycanın ərazisini 86.6 min kvadratkilometrdə tanıyır. İşğalda olan 8 kənd də 86.6 min kvadratkilometrin içərisindədir. Ermənistan rəsmiləri bəyanatlarında etiraf edirlər ki, Azərbaycanın 8 kəndi onların nəzarəti altındadır. Azərbaycan tərəfinin konkret şərti budur ki, 8 kənd işğaldan azad edilməlidir. Əminəm ki, dünənki görüşdə bu şərt İrəvan nümayəndəsinin qarşısında qoyulub. Lakin məsələ burasındadır ki, Ermənistanın da iddiası var ki, Azərbaycanın nəzarətində olan kəndləri mövcuddur.

- Azərbaycan Ermənistanın iddiasına hansı cavabı verir?

- Azərbaycanın bu barədə Ermənistana hansısa söz verdiyini düşünmürəm. Əslində söhbət Gədəbəyin Başkəndindən gedir. Qapalı görüşlərdə nələr danışıldığını bilmirik. Amma rəsmi açıqlamalardan, bəyanatlardan belə başa düşürəm ki, Azərbaycan Ermənistana hansısa ərazi vermək niyyətində deyil.

- Maraqlı məqam odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə sülh bəyanatı səsləndirdi. Eyni zamanda, Ermənistan Parlamentinin sədri Alen Simonyan sülhdən yana olduqlarını bildirdi və “sülh üçün hər şey edəcəm” söylədi. Amma dünən bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı ittiham edən bəyanatlar səsləndirdi. Sülh istəyən ölkənin XİN başçısının belə ittihamları təəccüblü deyilmi?

- Biz görürük ki, Mirzoyan sülh məsələsinə bir qədər radikal yanaşır. Əslində müxtəlif məmurların dili ilə müxtəlif ünvanlara mesajlar çatdırılır. Bəzən bir erməni məmur sülh bəyanatı verir, ardınca başqası radikal çıxış etməklə cəmiyyətin müəyyən narazı kəsiminin əsəblərini sakitləşdirir.

- Yəni ki, sizcə, bu ziddiyyətli bəyanatlar erməni hakim elitasının aralarında razılaşdırılıb?

- Bəzən Paşinyan da ziddiyyətli açıqlamalar verir, hökumətinə qarşı təzyiqləri neytrallaşdırmağa çalışır. Mən düşünmürəm ki, Ermənistan hakimiyyəti daxilində ciddi fikir ayrılıqları var. Təbii ki, biz erməni rəsmilərin tez-tez fikir dəyişdiklərinin də şahidi oluruq. Amma burada iki məsələ var: birincisi, Ermənistan işğalçı dövlət, soyqırımılar törətmiş dövlət olsa da, özünü sanki sülh tərəfdarı olan dövlət kimi təqdim etməyə çalışır. Ona görə də İrəvandan verilən sülh bəyanatlarında səmimiyyət yoxdur. Biz Ermənistanın səmimi olmadığını son üç ildə də, son 30 ildə də, son 100 ildə də görmüşük. İkincisi isə bu bəyanatları verməyə məcburdurlar. Ümumiyyətlə, onlar anlayırlar ki, sülhdən başqa yolları yoxdur. Sülh bəyanatlarına İrəvanı həm də Azərbaycan məcbur edir. Baxın, Ermənistan rəsmiləri nə zaman sülhdən danışırlar – Azərbaycan hansısa əməliyyat keçirəndən, uğur qazanandan sonra. Paşinyanın da, Simonyanın da bəyanatlarından görünür ki, Ermənistan rəhbərliyi Azərbaycanla nə hərbi, nə də diplomatik mübarizəyə imkanları qalmadığını anlayıblar.

Müəllif: Anar Bayramoğlu