“Sarqsyan hamı tərəfindən unudulmuş Xruşşovun analoqudur”

Siyasət

25.08.2020 - 13:31

Rusiyalı politoloq: “O, 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətə görə ermənilərin özləri tərəfindən tarixin boşluğuna göndərilmişdi

 

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan istefa verdikdən sonra ilk dəfə olaraq böyük bir mətbuat konfransı keçirdi. Media ilə görüş, sabiq dövlət başçısının aprel döyüşlərinin vəziyyətini araşdırmaq üçün parlament komissiyasına aprelin 16-da etdiyi səfər zamanı jurnalistlərə verdiyi vədinin yerinə yetirilməsidir. O zaman Sarqsyan, Ermənistanda fövqəladə vəziyyət başa çatdıqdan sonra böyük bir mətbuat konfransı keçirəcəyini və 2016-cı ilin aprel döyüşləri ilə əlaqədar suallara cavab verəcəyini bildirmişdi.

 

Mətbuat konfransı zamanı eks-prezident bir sıra maraqlı açıqlamalar verib. Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Sarj Sarqsyanın mətbuat konfransından, yenidən publika qarşısına hansı məqsədlər üçün çıxmasından, onun tezislərinin reallığa nə qədər uyğun olub-olmamasından danışıb.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq ...

- İstefa verdikdən sonra ilk dəfə Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan mətbuat konfransı keçirdi və 2016-cı ilin aprel döyüşləri ilə bağlı sualları cavablandırdı. Sizcə, Sarqsyan bu mətbuat konfransını niyə keçirdi? Aktiv siyasətə qayıtmaq fikrindədir?

 

- Mən uzun müddətdir ki, Sarqsyanı Ermənistanda həqiqi bir siyasətçi hesab etmirəm: bir vaxtlar gücü birliyində olan "Qarabağ klanı" bu gün hansısa qüvvəyə malik deyil və tarixin qalığı hesab edilə bilər. Bunun üçün Sarqsyanın başçılıq etdiyi, reytinqi mütləq sıfıra bərabər olan Respublikaçılar Partiyasının Ermənistandakı təsir səviyyəsinə baxmaq kifayətdir. Bu gün Sarqsyan hər kəs tərəfindən unudulmuş, bir pensiyaçı, SSRİ-nin hakimiyyət kürsüsündən qovulmuş, hamının dərhal üz döndərdiyi Nikita Xruşşovun analoqudur. Bir çox jurnalist üçün təşkil olunan mətbuat konfransı onun imkanlarının zirvəsidir. Ermənistanda koronavirus səbəbindən siyasi həyatın intensivliyi kəskin şəkildə aşağı düşdüyü üçün, Sarqsyanın mətbuat konfransı xəbər lentlərini doldurmalı olan jurnalistlərə maraqlı idi.

 

2016-cı ilin aprel döyüşləri ilə bağlı Sarqsyanın çıxışı müasir erməni tamaşaçılarını maraqlandıra biləcək yeganə mövzudur. Sarkisyan çoxdan özünü həm siyasətçi, həm xəbər mənbəyi, həm də çıxışı mətbuatda geniş təşviqat üçün başlanğıc ola biləcək bir şəxs kimi tükədib. Bir daha təkrar edirəm, hər cəhətdən sıfırdır və yalnız arada belə çıxışlarla öz varlığını xatırladır. Heç kim qalmaqal yaranması ehtimalı olmasa, onu dinləməyə belə, gəlməz.

 

- O, mətbuat konfransında dedi ki, müharibə davam etsəydi, İrəvan Qarabağı tanıyacaqdı. Ermənistan kimi bir ölkənin qondarma Dağlıq Qarabağ rejimini tanıması və ya tanımaması, ümumiyyətlə nəyi dəyişir?

 

- Sarqsyanın fikri mənim üçün qətiyyən maraqlı deyil və onun bütün sözləri tamamilə yalandır və yalnız bir məqsədi var - tamamilə yox olmaq təhlükəsi qarşısında özünü təbliğ etmək. 2016-cı ildə rəsmi İrəvanın Qarabağı tanımamasının bir səbəbi vardı – cəsarətləri çatmadı. Əgər onlar bunu etsəydilər, regional münaqişədəki status-kvonun əsası dağılar və bundan sonra Azərbaycanın müharibəni davam etdirməsinə heç nə mane olmaz, hətta, Kreml də Bakıdan döyüşlərin dayandırılmasını tələb edə bilməzdi. Heç kimə sirr deyil ki, Rusiya hakimiyyətinin Ermənistanın hərbi məğlubiyyətinə son dərəcə mənfi reaksiyası Azərbaycan hakimiyyətini hücumu dayandırmaq əmri verməyə sövq etdi. Və elə Moskva da çox güman ki, rəsmi İrəvana Qarabağı tanımağa qadağa qoyub. Və Sarqsyanın bu mövzuda söylədiklərinin hamısı təmənnasız və ucuz özünü tanıtmaq naminə edilən cəfəngiyyatdır.

“Dağlıq Qarabağ münaqişəsi yoxdur, Ermənistan-Azərbaycan müharibəsi var”

Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması münaqişənin hərbi-siyasi müstəvisində hər şeyi dəyişir. Bu halda Ermənistan "Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ" ideyasını dəstəkləmiş və Xankəndini Bakı ilə tək qoymuş olur. Bu situasiya bir növ Rusiyada 90-cı illərin ortalarındakı vəziyyəti xatırladır: 1995-ci ildə Estoniyanın "İçkeriya"nın müstəqilliyini tanıması ilə baş verənlər, bundan sonra Rusiyada ikinci çeçen müharibəsi vətəndaş müharibəsi kimi deyil, ərazi bütövlüyünün bərpası üçün separatçılarla müharibə kimi qəbul edildi. Sonra çeçenlərin əhəmiyyətli bir hissəsi federal mərkəzin tərəfinə keçdi. İndi əminəm ki, Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması halında bölgədəki erməni əhalisinin bir hissəsi Azərbaycanın yurisdiksiyasına qayıtmağa razı olacaq və İrəvan da buna imkan vermək istəmir.

 

- Serj Sarqsyanın Tovuzdakı məğlubiyyət fonunda aktivləşməyə çalışdığını hesab edə bilərikmi?

 

- Əlbəttə, bəli. Özünü ölkə səviyyəli bir siyasətçi statusunda yenidən canlandırmağa çalışır, amma anlamaq istəmir ki, o, hələ də Ermənistan Prezidenti olarkən, bəlkə də 2016-cı ilin aprelində hərbi məğlubiyyətə görə, ermənilərin özləri tərəfindən tarixin boşluğuna göndərildi. Siyasi meydanda isə bir müddət, ancaq əlində dövlət başçısı səlahiyyətləri olaraq qala bildi. Kreslosunu itirən kimi, hamı tərəfindən unuduldu...

Müəllif: Nicat Hacıyev