Şagirdlərdən nə istəyirsiniz?!

Cəmiyyət

13.04.2023 - 14:04

Kamran Əsədov: “Nə qədər ki, bu siyasət davam edir, ölkə təhsilinin inkişafından danışmaq mənasızdır”

Şahlar Əsgərov: “Dövlət tərəfindən həm qəbul, həm də buraxılış imtahanlarının keçirilməsi doğru deyil”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart 2023-cü il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə, 9 aprel 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Bundan sonra qəribə mənzərə meydana gəlib. Belə ki, buraxılış imtahanı verən məzunlardan yenidən orta məktəblərdə dərslərə qatılmaları tələb edilir. Bu isə öz növbəsində qəbul imtahanlarına hazırlaşan abituriyentlərin yüklənməsinə səbəb olur. Valideynlər bu tələbin məntiqini tapa bilmirlər. Şagird illik dərs proqramını başa vurubsa və həmin proqram üzrə öyrəndiyi biliyin imtahanını veribsə, bundan sonra hansı məntiqlə iyunun 15-dək boşuna məktəbə ayaq döyməlidir?

Orta məktəblərdə tədris səviyyəsinin zəif və ali məktəblərə qəbul olunmaq üçün yetərli olmadığını əsas gətirən təhsil ekspertləri təklif edirlər ki, Elm və Təhsil Nazirliyi qəbula hazırlaşan abituriyentlərin repetitor yanına getmələrinə mane olmaq əvəzinə, onlara şərait yaratmalıdır.

AYNA məsələyə Elm və Təhsil Nazirliyinin (ETN) münasibətini öyrənmək istəsə də, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz ənənəsinə sadiq qalaraq telefon zənglərimizə cavab vermədi. Qeyd edək ki, nazirlik sözçüsü olaraq onun missiyası mətbuat orqanlarının yazılı və şifahi soğrularına cavab vermək olsa da, cənab Valehov birmənalı şəkildə mətbuat nümayəndələri ilə təmasdan yayınır.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, buraxılış imtahanlarının nəticələri ali və orta ixtisas məktəblərinə qəbul zamanı nəzərə alınır: “Bu imtahanlarla tədris ili müddətində nəzərdə tutulan digər qiymətləndirmə meyarlarını qarışdırmaq lazım deyil. Məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi, diaqnostik, formativ və summativ qiymətləndirmələr, kurikulum üzrə qiymətləndirmə, idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluq səviyyəsini ölçmək üçün aparılan qiymətləndirmə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən, yəni, əsas və orta təhsil kursları üzrə buraxılış imtahanlarından ibarətdir. Şagird nailiyyətlərinin monitorinqi, diaqnostik, ilkin səviyyənin qiymətləndirilməsi, formativ, irəliləmə və geriləmələrin izlənməsi və summativ, yəni yekun qiymətləndirmə formalarında aparılır. Buraxılış imtahanlarının nəticələri orta və tam orta təhsilə dair təqdim olunan şəhadətnamədə qeyd olunur və qəbul imtahanları zamanı əsas götürülür”.

Ekspertin sözlərinə görə, hər bir şagirdin tam orta təhsil almaq hüququ var: “Bəzən belə fikirlərə də rast gəlirik ki, 9-cu sinif imtahanlarından müsbət nəticə göstərməyən şagirdlər növbəti sinfə keçmirlər. Bu, qətiyyən belə deyil. Buraxılış imtahanlarının nəticələrinin orta və ya tam orta məktəbi bitirmək baxımından heç bir əhəmiyyəti yoxdur. Qeyd etdiyim kimi, bu, ancaq qəbul imtahanları zamanı nəzərə alınır”.

“O ki qaldı abituriyentlərin yüklənməsinə, bu, Azərbaycan təhsilinin ağrılı problemlərindən biridir. Çünki orta məktəblərdə təhsil səviyyəsi yetərli deyil. Bu səbəbdən valideynlər əlavə xərcə düşərək, övladlarını repetitor yanına göndərirlər. Şagirdlər gününün əhəmiyyətli hissəsini repetitorların yanında keçirirlər. Azərbaycan təhsilində görüntü var, səs yoxdur. Çox təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sahədə əhəmiyyətli dəyişikliklərə nail ola bilmir. Nə qədər ki, bu siyasət davam edir, ölkə təhsilinin inkişafından danışmaq mənasızdır”, - deyə Əsədov vurğulayıb.

ETN yanında İctimai Şuranın sabiq sədri, professor Şahlar Əsgərov AYNA-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən həm qəbul, həm də buraxılış imtahanlarının keçirilməsi məqsədəuyğun deyil: “Abituriyentin məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi hansı məntiqə sığır?! Biz dünya standartlarına inteqrasiya etməliyik. Sözdə deyirik ki, edirik. Amma əməldə bunlar baş vermir”.

“Təsəvvür edin ki, buraxılış və qəbul imtahanlarına görə valideynlər və şagirdlər məhrumiyyətlərə uğrayırlar. Şagird bütün gününü repetitorların yanında keçirir. Çünki məktəblərdə təhsil səviyyəsi yüksək deyil”, - deyə alim söyləyib.

Əsgərov əlavə edib ki, valideynlər ağır sosial şərtlər altında repetitorlara hər ay böyük məbləğdə vəsait ödəyirlər: “Ona görə ödəyirlər ki, övladları ali məktəblərə daxil olsunlar. Bizim məqsədimiz nədir? Əgər məqsədimiz gələcəyin peşəkar kadrlarını yetişdirməkdirsə, onlara şərait yaratmalıyıq. Bir daha deyirəm, təhsilin inkişafı ali məktəblərin giriş qapısının açıq, çıxış qapısının bağlı olmasındadır. Biz abituriyentlərə imkan tanımalı və onların məhz universitet və kollec dövründə peşəkar mütəxəssis kimi yetişməsinə çalışmalıyıq. Bütün dünyada belədir. Biz özümüzdən niyə Amerika kəşf edirik ki?!”.

Müəllif: Azər Niftiyev