Rusiyaya daha bir “dostundan” zərbə

Dünya

23.05.2024 - 11:57

Monqolustan bankları Rusiya ilə hesablaşmaların qarşısını almağa başlayıblar

Kremlin “dost” adlandırdığı ölkələr tərəfindən Rusiyanın maliyyə blokadası güclənməkdə davam edir. Türkiyə, BƏƏ və Çinin ardınca Monqolustanda da rus şirkətlərinin ödənişlərində problemlər yaranıb.

AYNA “The Moscow Times”a istinadən bildirir ki, RANEPA-nın xarici ticarət tədqiqatları üzrə beynəlxalq laboratoriyasının rəhbəri Aleksandr Knobel çərşənbə günü “Monqolustan və Aİİ ölkələri arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri” adlı konfransda bu barədə danışıb.

Onun sözlərinə görə, Monqolustan bankları ABŞ-ın ikinci dərəcəli sanksiyaları riskindən, yəni hazırkı sanksiyalar rejiminin pozulması ilə bağlı tədbirlərdən ehtiyatlanır. Dekabr ayında ABŞ Xəzinədarlığı Rusiya hərbi sənaye kompleksinə töhfə verən dünyada istənilən bankı ABŞ-ın maliyyə sistemindən kənarlaşdırmağa imkan verən əlavə səlahiyyətlər aldı.

"Bu problem ikitərəfli səviyyədə həll edilməlidir", deyə Knobel vurğulayıb.

Lakin hələlik Rusiya Xarici İşlər Nazirliyi və Kremlin diplomatik səyləri nəticə verməyib.

Bankları ilin əvvəlindən Rusiyadan ödənişləri əngəlləyən Türkiyə ilə danışıqlar fevral ayından davam edir. Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov apreldə etiraf edib ki, problemi həll etmək mümkün olmayıb. Diplomat baş verənlərə görə amerikalıları və Avropa İttifaqını günahlandırıb. Diplomatın sözlərinə görə, Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığının qurulmasını məhv edən Qərbdir.

Sonra Rusiya iqtisadiyyatının ən böyük anti-sanksiya “mərkəzlərindən” biri olan BƏƏ-də çətinliklər yarandı. “Reuters”in məlumatına görə, banklar sanksiyalara riayət etmək üçün tələbləri kütləvi şəkildə sərtləşdirib, “First Abu Dhabi Bank” (FAB) və “Dubai Islamic Bank” (DIB) isə Rusiya mallarının ticarəti ilə bağlı bir neçə hesabı bloklayıb.

Pekindəki Çin Xalq Universitetinin Çonq-yanq Maliyyə Tədqiqatları İnstitutunun ekspertlərinin hesablamalarına görə, Çində Rusiya ilə hesablaşmaların 80%-i mart ayından etibarən dayandırılıb. Rusiya idxalçıları “The Moscow Times”a bildiriblər ki, ən böyük banklarda ödənişlər həftələrlə dondurulmağa başlayıb. Çinli ixracatçılar kömək üçün kiçik banklara və ya yeraltı ödəniş operatorlarına müraciət edirlər. Bəziləri isə ümidsizlikdən Rusiya ilə prinsipial işləməkdən imtina edirlər.

Müəllif: Ayna.az