Mixail Mişustin: "Rusiya dünyada koronavirusa qarşı üç peyvəndi olan yeganə ölkədir"
Rusiya üçüncü COVID-19 peyvəndi olan “CoviVac”-ın istifadəsinin qeydə alındığını açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, koronavirus dünyada sürətlə can almağa davam edərkən peyvəndlərlə bağlı yaxşı xəbərlər də gəlməyə davam edir. Belə ki, “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Sinovac” və “Sinopharm” tərəfindən hazırlanan peyvəndlərdən bir çox ölkələrdə geniş istifadə edildiyi halda, öz peyvəndini hazırlayan ölkələrdən biri olan Rusiyada üçüncü peyvənd qeydiyyata alınıb.
Gamaleya İnstitutu tərəfindən hazırlanmış “Sputnik-V” və Vektor İnstitutu tərəfindən hazırlanmış “EpiVacCorona”dan sonra üçüncü peyvəndin də sınaqdan uğurla çıxdığı açıqlanıb.
Baş nazir Mixail Mişustin Çumakov Araşdırma Mərkəzi tərəfindən hazırlanmış “CoviVac” peyvəndinin qeydiyyata alındığını bildirib. Mişustin "Bu gün Rusiya dünyada koronavirusa qarşı üç peyvəndi olan yeganə ölkədir" deyib.
14 gün fasilə ilə iki dozada tətbiq olunan “CoviVac” peyvəndi 2-8 dərəcə arasında daşınaraq saxlanıla bilər. Peyvənd üçün genişmiqyaslı sınaqlar yaxın günlərdə başlayacaq. İndiyədək isə 18-60 yaş arası 200 nəfər üzərində araşdırmalar aparılıb. Lakin peyvəndin effektivlik dərəcəsi haqqında heç bir məlumat verilməyib.
Qeyd edək ki, ölkənin ilk peyvəndi “Sputnik-V” üçün də oxşar bir proses olub. Genişmiqyaslı sınaqlardan əvvəl peyvənd haqqında çoxlu suallar yaranmışdı. 2020-ci ilin avqust ayında təsdiqlənmiş “Sputnik-V” peyvəndi üçün geniş miqyaslı sınaqlar sentyabr ayında başlamışdı. Yüzdə 91% effektiv olduğu qeydə alındıqdan sonra 2020-ci ilin dekabr ayından toplu peyvəndlənmədə istifadəsinə başlanılmışdı.
Mişustin peyvənd üçün ilk istehsal hədəfinin mart ayında tamamlanacağını və 120.000 doza olduğunu söyləyib. Çumakovun aylıq 500 min doza istehsal gücünə sahib olacağını deyən Mişustin Rusiyanın bu ilin ilk yarısında 88 milyon doza peyvənd istehsal edəcəyini bildirib. “Sputnik-V”-nin bu peyvəndlərin 83 milyonunu təşkil edəcəyi gözlənilir.