2026-cı il FİFA Dünya Çempionatı tarixə indiyə qədər keçirilən ən böyük turnir kimi düşəcək
Bu gün başlayacaq 2026-cı il FİFA Dünya Çempionatı tarixə indiyə qədər keçirilən ən böyük turnir kimi düşəcək.
AYNA.AZ xəbər verir ki, bir neçə yenilik bu Dünya Çempionatını rekord sayda iştirakçıdan tutmuş misli görünməmiş yarış formatına qədər unikal edəcək.
Tarixdə ilk dəfə olaraq Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirin digər tarixi məqamı rekord sayda iştirakçı olacaq. FİFA-nın qərarına əsasən, 2026-cı il kubok yarışlarında əvvəlki kimi 32 milli komanda yox, 48 milli komanda iştirak edəcək. Bu, iştirakçıların sayının 16 komanda artması deməkdir.
Turnir ərzində rekord sayda - 104 oyun keçiriləcək. Bundan əlavə, Kabo-Verde, Kyurasao, İordaniya və Özbəkistan milli komandaları ilk dəfə Dünya Çempionatının final mərhələsində iştirak edəcəklər.
Dünya Kuboku oyunları 16 şəhərdə keçiriləcək. 11 şəhərdə keçiriləcək turnirin təşkilatçılığının əsas yükünü ABŞ öz üzərinə götürüb. Kanada iki şəhərdə, Meksika isə üç şəhərdə oyunlara ev sahibliyi edəcək.
ABŞ-da Dünya Çempionatı oyunları Hyuston, Boston, Kanzas-Siti, Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San-Fransiskoda keçiriləcək. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.
Meksika və Cənubi Afrika arasında açılış matçı Mexiko şəhərindəki əfsanəvi “Estadio Azteca” stadionunda keçiriləcək. Final isə ABŞ-ın Nyu-York/Nyu-Cersi bölgəsindəki “MetLife” stadionunda keçiriləcək.
2026 Dünya Çempionatının qrup tərkibi:
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kyurasao
F qrupu: Hollandiya, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Xatırladaq ki, 2026-cı il FİFA Dünya Kuboku bu gün başlayır və 19 iyulda başa çatır. Argentina 2022-ci ildə Qətərdə keçirilən turnirdə qalib gələrək hazırkı dünya çempionu olaraq qalır.